Avropada güclü qar yağışı bir sıra ölkələrdə nəqliyyatın işini iflic edib. Magistral yollar bağlanıb, yüzlərlə aviareys ləğv olunub, minlərlə sərnişin çətin vəziyyətdə qalıb.
Doğru.az xəbər verir ki, “Daily Mail” qəzetinin məlumatına görə, Hollandiyanın əsas beynəlxalq hava limanı olan Amsterdam Schiphol-da mindən çox sərnişin gecəni hava limanında keçirməyə məcbur olub. Qar və buzlanma səbəbindən hava limanında artıq altıncı gündür ki, əməliyyatlar normal rejimdə həyata keçirilmir. Yanvarın 7-də Schiphol hava limanında 700-dən çox uçuş ləğv edilib və bu rəqəmin artacağı gözlənilir.
Fransada da hava şəraiti ciddi problemlər yaradıb. Güclü qar yağışı səbəbindən A8 avtomobil yolu bağlanıb, Paris hava limanlarından çoxsaylı reyslər ləğv edilib. Paytaxtda və ətraf ərazilərdə buzlu hava şəraiti ilə əlaqədar ictimai nəqliyyatın fəaliyyəti də dayandırılıb.
Nəşr bildirir ki, yaxın günlərdə Avropanın demək olar ki, bütün materik hissəsində güclü qar yağışı və şaxtalı havanın davam edəcəyi gözlənilir. Səlahiyyətli qurumlar vətəndaşları ehtiyatlı olmağa çağırır.
DOĞRU.AZ