AZ

“Türk Dövlətləri Təşkilatı güclü institusional mərhələyə qədəm qoyub” DEPUTAT

ain.az bildirir, Gununsesi portalına istinadən.

“Türk Dövlətləri Təşkilatının formalaşma və inkişaf mərhələlərinə nəzər saldıqda aydın olur ki, bu proses 1991–1992-ci illərdə Sovet İttifaqının süqutundan sonra Mərkəzi Asiya türk dövlətlərinin müstəqillik qazanması ilə başlanıb. İlk mərhələdə əməkdaşlıq daha çox humanitar sahə, türk birliyi, milli və etnik kimlik, mədəni yaxınlıq kimi məsələlər üzərində qurulmuşdu”.

Bu fikirləri Gununsesi.info-ya açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev deyib:

“Dünyada, xüsusilə də böyük Avrasiya regionunda gedən sürətli geosiyasi proseslər fonunda Azərbaycan türk dünyasının vahid institusional çərçivədə birləşməsi istiqamətində ilk təşəbbüsü irəli sürən ölkə oldu. 2009-cu ilin oktyabrında Naxçıvanda keçirilən sammitdə Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan liderlərinin iştirakı ilə Türk dövlətlərinin institusional əməkdaşlığının əsası qoyuldu.

Məhz 2009-cu il Naxçıvan sammiti ilə bu qurumun bünövrəsi formalaşdı. Növbəti və daha ciddi mərhələ isə Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi qələbədən sonra baş verdi. Bu qələbə təkcə Azərbaycan üçün deyil, bütövlükdə türk dünyasında özünəinamın artmasına, yeni bir yüksəliş mərhələsinin başlanmasına səbəb oldu.

2020-ci il noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi, noyabrın 10-da isə Ermənistanın kapitulyasiya aktını imzalaması regionda yeni reallıqlar yaratdı. Bu hadisələrdən düz bir il sonra  2021-ci il noyabrın 12-də İstanbulda Türk Dövlətləri Təşkilatının tarixi zirvə toplantısı keçirildi. 8-ci Zirvə görüşündə Türk Dövlətləri Şurası rəsmi olaraq Türk Dövlətləri Təşkilatına çevrildi.

Həmin zirvə toplantısında iki mühüm qərar qəbul olundu. Ən vacib qərarlardan biri “Türk Dünyası – 2040 Vizyonu” adlı konseptual sənədin təsdiqlənməsi idi.”

Deputat əlavə edib ki, bu sənəd Türk Dövlətləri Təşkilatının rəsmi internet səhifəsində də dərc olunub və təşkilatın gələcək inkişaf istiqamətlərini müəyyənləşdirir:

” “2040 Vizyonu” sənədinə əsasən, Türk Dövlətləri Təşkilatı 2040-cı ilə qədər mütəşəkkil, güclü iqtisadi və siyasi potensiala malik, eyni zamanda təhlükəsizlik və hərbi sahədə əməkdaşlığı dərinləşdirən bir quruma çevrilməlidir. Bu baxımdan, artıq türk dünyası üçün alternativ yol yoxdur və inteqrasiya prosesi strateji zərurət kimi qiymətləndirilir”.

Şəbnəm

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
15
icma.az

1Mənbələr