
Son illərdə iş dünyasında ən çox diqqət çəkən dəyişikliklərdən biri frilans iş modelinin sürətlə yayılmasıdır. Ənənəvi ofis mədəniyyətindən fərqli olaraq, frilans iş modeli yalnız iş saatlarını və məkanını deyil, həm də əmək münasibətlərini, kollektiv həmrəyliyi və gənclərin həyat planlarını dəyişdirir. Bu dəyişiklik sadəcə iş mədəniyyətini zəiflətmir, onu tamamilə yeni bir formada transformasiya edir. İnsanlar artıq sırf bürokratik qaydalara və rəsmi strukturlara deyil, öz bacarıqlarına, yaradıcılığına və sosial şəbəkələrinə söykənərək əməkdaşlıq edir. Nəticədə ortaya çıxan yeni əmək etikası həm azadlıq, həm də qeyri-müəyyənlik gətirir ki, bu da fərdi məsuliyyəti artırmaqla yanaşı, gənclərin həyat planlarını və sosial təhlükəsizliyini də formalaşdırır.
Bu barədə sosioloq Yusif Nəbiyev Missiya.Az-a danışıb.
"Frilans iş modelinin get-gedə yayılması fonunda gördüyümüz dəyişiklik kollektiv iş mədəniyyətinin zəifləməsi yox, transformasiyası və dəyişməsidir. Tanınmış bir Fransız sosioloqu E.Durkheim iş bölgüsündən dolayı ortaya çıxan həmrəyliyi “mexaniki” və “orqanik” olaraq iki formada göstərmişdi. Həmin bölgüyə əsaslansaq, ənənəvi ofis mədəniyyətinin mexaniki həmrəylik yaratdığını görərik. Yəni sırf bürokratik bölgü müəyyən işbirliyi və həmrəylik formalarının ortaya çıxmasını şərtləndirirdi. Frilans iş forması isə insanı daha çox öz bacarığına və şəbəkəsinə söykənən "orqanik" bir iş birliyi və ya həmrəyliyə itələyir. Nəticə etibarilə, komanda ruhu yox olmur, sadəcə xarakterini dəyişdirir. Emosional və ya bürokratik bağlılıqdan daha çox ortaq maraqlara xitab edən müqaviləli bir işbirliyi formasına keçir",-sosioloq qeyd edib.Yusif Nəbiyevin sözlərinə görə, frilanserlərin ailə qurmaq kimi uzunmüddətli planlar məsələsində tərəddüdlü olmasını isə təhlükəsizlik və stabillik hissinin itirilməsi ilə əlaqələndirə bilərik. Sabit gəlirin olmaması gənclərin həyat planlarını ertələməsinə, münasibətlərdə daha çox “hələ baxarıq” yanaşmasına üstünlük verməsinə səbəb olur. Bilirik ki, planlama hansısa stabillik, qanunauyğunluq olanda mümkündür. Durmadan dəyişən iş şəraiti və formasında planlama işi olduqca çətin bir tapşırığa çevrilir.
"Fikrimizi bir cümləyə toplasaq, deyə bilərik ki, frilans iş forması yeni əmək etikası formalaşdırır. Hansı ki, bu yeni etikada azadlıq da var, amma bununla yanaşı, daimi qeyri-müəyyənlik də var. Bu isə öz növbəsində fərdi məsuliyyəti artırır və eyni zamanda gəncləri sosial təhlükəsizlikdən məhrum etdiyi üçün cəmiyyətin gələcək ailə və demoqrafik strukturlarına da sakitcə, amma davamlı və biristiqamətli təsir göstərir",-Yusif Nəbiyev əlavə edib.
İlahə Qənbərli
Missiya.Az