“Azərbaycan və Ermənistan liderləri 2025-ci ilin avqust ayında Vaşiqntonda Prezident Trampla sülh müqaviləsini ratifikasiya etmək və münasibətləri normallaşdırmaq öhdəliyi götürən saziş imzalayıblar. Ratifikasiya prosesinin təxminən 12 ay çəkəcəyi güman edilirdi. Amma bu müddətin demək olar ki, yarısıda heç bir ciddi irəliləyiş əldə olunmayıb və bir sıra əsas məsələlər həllini tapmayıb. Dörd əsas məsələ bu fürsətin reallaşıb-reallaşdırılmamasını müəyyən edəcək”.
Modern.az xəbər verir ki, bu fikirləri amerikalı analitik, “Hudson Institute” beyin mərkəzinin aparıcı tədqiqatçısı Luke Coffey “Arab News” üçün yazıdğı məqaləsində bildirib.
Müəllifin fikrincə, Ermənistanın iyunda keçiriləcək parlament seçkilərinə hazırlaşdığı bir vaxtda ilk sınaq Paşinyanın siyasi sabitliyi qoruya bilməsi olacaq.
“Seçkilər çox güman ki, mübahisəli olacaq və seçkidən sonrakı siyasi sabitlik sülh prosesini irəli aparmaq üçün kritik rol oynayacaq”.
Analitikin sözlərinə görə, Ermənistan Konstitusiyası ilə bağlı həssas, lakin son dərəcə vacib məsələ də də sülh müqaviləsini ratifikasiya etmək baxımından önəmlidir.
“Azərbaycan açıq şəkildə bildirib ki, Bakı yekun sülh sazişini ratifikasiya etməzdən əvvəl bu məsələ həll olunmalıdır”, - deyə ameikalı analitik Ermənistan Konstitusiyasındakı Azərbaycana ərazi iddiasına işarə edib.
Luke Coffey bildirib ki, təcili olaraq tərəqqi tələb edən növbəti məsələ “Tramp marşrutu”dur (Zəngəzur dəhlizi).
Trampın təklifi ilə Zəngəzur dəhlizinin 42 kilometrlik hissəsinin istismarı ABŞ-ın dəstəklədiyi özəl beynəlxalq konsorsiuma veriləcək.
“Ermənistanın bu konsepsiya ilə rəsmən razılaşmasına baxmayaraq, onun həyata keçirilməsi üçün heç bir əməli addım atılmayıb. Tikinti başlanmayıb, yollar, dəmir yolu xətləri çəkilməyib, təmir edilməyib. Əliyev bu yaxınlarda irəliləyişin olmamasından narahatlığını bildirib və xəbərdarlıq edib ki, gələcək gecikmələr sülh sazişinə etimadı sarsıda bilər. 2026-cı ildə Ermənistan ərazisində tikintiyə başlanmasa, sazişin etibarlılığı ciddi şəkildə zəifləyə bilər”, - analitik qeyd edib.
Luke Coffeyin fikrincə, növbəti məsələ Ermənistandakı seçkilər ərəfəsində Rusiya və İranın İrəvana təzyiqidir.
“Nə Moskva, nə də Tehran Vaşinqtonun sülh prosesindəki vasitəçilik rolunu alqışlayır, çünki hər iki ölkə Cənubi Qafqaza öz ənənəvi təsir dairələrinin bir hissəsi kimi baxır. Trampın təklif etdiyi marşrut hər iki paytaxt üçün xüsusilə həssasdır.
Rusiya hazırda Ermənistan-İran sərhədində patrul xidməti apardığı regionda ABŞ-ın dəstəklədiyi, hətta özəl sektor tərəfindən həyata keçirilən hər hansı mövcudluqdan ehtiyatlanır. Tehran həmçinin eyni 42 kilometrlik ərazidən şimala gedən əsas ticarət yolu kimi istifadə edir. Beləliklə, ABŞ-ın dəstəklədiyi tranzit dəhlizi İranın kommersiya maraqları və Rusiyanın təhlükəsizlik öhdəlikləri ilə kəsişərək heç bir ölkənin istəmədiyi gərginlik yarada bilər.
Ona görə də status-kvonu saxlamaq həm Moskvanın, həm də Tehranın maraqlarına uyğundur”,- ABŞ beynin mərkəzinin əməkdaşı bildirib.
Onun fikrincə, bu çağırışlara baxmayaraq, 2026-cı il Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olduğu il kimi də tarixə düşə bilər:
“Amma bu, davamlı beynəlxalq əlaqə və öhdəliklərini yerinə yetirmək üçün hər iki tərəfə davamlı təzyiq tələb edəcək”.
A.Qorxmaz