Bakı, 12 yanvar, AZƏRTAC
Biz gözəl Anadolu coğrafiyamızın tarix boyu bir çox millətlərə, mədəniyyətlərə ev sahibliyi etdiyini və onları inkişaf etdirdiyinin şahidi oluruq. Bu coğrafiyada türklər və ermənilər həm Səlcuqlu, həm də Osmanlı dövründə Osmanlı İmperiyasının süqutuna və dağılmasına qədər uzun illər sülh içində yaşayıblar.
Bunu AZƏRTAC-a açıqlaması zamanı Kocaeli Böyükşəhər Bələdiyyəsinin baş koordinatoru, siyasi-ekspert Abdullah Ķöktürk bildirib.
Onun sözlərinə görə, ermənilər Osmanlı dövründə mühüm vəzifələr tutub və bu zaman kəsiyində “qızıl dövr”lərini yaşayıblar.
“Qərbdə Böyük Britaniya nəzarəti altında olan yunanlar Anadoluya hücum etməyə və genişmiqyaslı qırğınlar törətməyə başladılar. Cənubda isə fransızlar və italyanlar Anadolu torpaqlarını işğal etməklə məşğul idilər. Bu vaxt şərqdə ən dəhşətli işğal və qırğınlar Rusiyanın nəzarəti altında olan ermənilər tərəfindən həyata keçirilirdi. Qısa müddət ərzində türk xalqı bu xəyanətə qarşı ayağa qalxdı, silahlandı və özünü müdafiə etməyi öyrəndi. Sanki bu kifayət deyilmiş kimi, onlar "erməni soyqırımı" yalanını da uydurdular. Bu məsələ Türkiyəyə illərdir beynəlxalq siyasi, ticarət və diplomatik məsələlərdə xeyli çətinliklər yaratdı”, - deyə Abdullah Ķöktürk qeyd edib.
Hazırda Türkiyə və Azərbaycanın daha da gücləndiyini, dünyanın aparıcı dövlətləri arasında olduğunu deyən Abdullah Ķöktürk hər iki ölkənin keçmişini unutmadığını dilə gətirib: “Azərbaycan Türkiyə ilə güclü qardaşlıq əlaqələrini qoruyaraq, zamanla necə “oynamağı” bildi. Azərbaycan ermənilərin keçmişdə qırğınlar vasitəsilə işğal etdiyi torpaqları geri aldı. Qarabağda Azərbaycan ermənilərə lazımi cavabı verdi. Bu arada bütün dünya Azərbaycanla Türkiyə arasındakı qardaşlığın və həmrəyliyin şahidi oldu”.
Siyasi-ekspertin sözlərinə görə, qlobal güc balansı dəyişib və yeni ittifaqlar, tərəfdaşlıqlar formalaşır: “Avropa indi durğunluq dövründə deyil, həm də tənəzzül dövründədir. Fransa, Almaniya və digər Qərb ölkələri daxili problemləri ilə məşğuldurlar”.