Məhərrəm Zülfüqarlı: “Rusiyanın bu cinayətlərinə beynəlxalq məhkəmə qiymət verməlidir”
Bir neçə ildir davam edən Ukrayna-Rusiya müharibəsində yüz minlərlə dinc insanın böyük faciələr yaşadığı, həlak olduğu, yaralandığı, yaxınlarından ayrı düşdüyü, ev-eşiyini itirdiyi faktdır. Rusiyanın Ukraynaya qarşı başlatdığı bu təcavüzkar müharibə nəticəsində soyqırım cinayətlərinin baş verdiyini Ukrayna rəsmi səviyyədə vurğulayır.
Ukraynanın xarici işlər naziri Andriy Sibiqa Amerika şirkətinin X sosial media hesabında etdiyi paylaşımda bildirib ki, Rusiya qüvvələrinin Ukraynaya "Oreshnik" orta mənzilli hipersəs ballistik raketi ilə hücumuna cavab olaraq Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) 12 yanvarda təcili iclası çağıracaq.
Bildirib ki, Rusiyanın BMT Nizamnaməsini açıq şəkildə pozması məsələsi müzakirə olunacaq.
Nazirin sözlərinə görə, beynəlxalq ictimaiyyət davamlı sülhə nail olmaq üçün Rusiyaya təzyiqi artırmalıdır: "Rusiyanın hücumları ABŞ-ın, Avropa dövlətlərinin və digər müttəfiqlərin qlobal təhlükəsizlik və sülh sahəsindəki səylərini sarsıdır".
“Rusiyanın qadağan olunmuş silahdan istifadə etməsi ilə bağlı məsələnin BMT TŞ-nın iclasında müzakirəsinin...”
Tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlı baki-xeber.com-a bildirdi ki, Rusiyanın Ukraynada apardığı müharibə artıq uzun müddətdir bütün dünyanın diqqətini cəlb edir, sanksiyalar tətbiq olunur, tənqidlər səslənir. “Beynəlxalq hüquq tamamilə pozulur. Beynəlxalq Məhkəmədə Putinlə bağlı cinayət işi qaldırır, onu cinayətkar elan edir, amma hələ də bir nəticə yoxdur. Çünki artıq dünyada BMT səviyyəsində qəbul olunan qətnamələr öz təsirini itirib. Beynəlxalq hüququn tapdalanması, beynəlxalq müstəvidə olan məsələlərin nəzərə alınmaması, BMT TŞ-nın çıxardığı qərarların icra olunmaması dünyada belə bir məsələni aktual edib ki, kimin gücü var o haqlıdır. Yəni güclü tərəf beynəlxalq hüququ da ayaq altına ala bilər istədiyini də edər. Hətta demokratiyanın beşiyi olan Amerikanın da son zamanlar yürütdüyü siyasət, sərgilədiyi davranış beynəlxalq hüquqa zidddir. Onun bu addımı avtoritar rejimin yıxılmasına və guya demokratiyanın müdafiəsinə aiddir. Amma bütün bunlar göstərir ki, dünya güclə idarə olunur. Rusiya da nüvə silahına sahib olması ilə özünü göstərir. Əgər Rusiyanın nüvə silahı olmasaydı çoxdan Putin rejimi devrilmişdi və müharibə də dayanmışdı. ABŞ prezidentinin son zamanlar etdiyi müəmmalı və ziddiyyətli çıxışlar, göstərdiyi davranışlar da birmənalı qarşılanmır. Belə birşəraitdə Rusiyanın qadağan olunmuş silahdan istifadə etməsi ilə bağlı məsələnin BMT TŞ-nın iclasında müzakirəsinin heç bir müsbət nəticəsi olmayacaq. Çünki BMT TŞ-nın qərarları konsensusla qəbul olunur. Rusiya da oranın üzvüdür. Bir üzv “yox” deyirsə qərar qəbul olunmur. Əlbəttə ki, Rusiya öz əleyhinə olan qərara “hə” deməyəcək. Yəni bütün xalqlar və dövlətlər bilməlidir ki, gələcəkdə bəşəriyyəti təhlükə altında qoyan bu cür rejimlər aradan qaldırılması üçün ölkələr demokratik olmalıdır.
XXI əsrdə Ukrayna kimi inkifa etməkdə olan bir ölkə 4 ilə yaxındır ki, Rusiyanın təcavüzü altında inləyir. İmperiyaların, totalitar rejimlərin saxlanılmasını istəyən qüvvələr öz hakimiyyətlərini saxlamaq üçün nəinki başqa xalqları, hətta öz xalqlarınını da qırmaqdan çəkinmir. Putin də öz canını qorumaq üçün nəinki ukraynalıları, başqa xalqları, eləcə də Ukraynanın Şərqində yaşayan etnik rusları da qırmaqdan çəkinmir. Belə anormal siyasətin də qarşısını ancaq rus xalqı özü ala bilər. Ancaq çox təəssüf ki, hazırda rus xalqı bu cür cinayətlərə qarşı biganədir. 4 ilə yaxındır müharibə gedir, Putinin müharbə siyasətinə qarşı cəmi 3 min nəfər etiraz ediblər və onlar da həbs olunublar. Halbuki, milyonlala insan Rusiyanın bu addımına qarşı etirazı etməlidir ki, Putin bundan çəkinsin.
Ona görə də, BMT TŞ-nın iclasını çağırmaq, Rusiyanın əməllərini beynəlxalq aləmdə ifşa etmək Ukraynanın beynəlxalq hüquqla təsbit edilənhaqqıdır. Rusiya onsuz da bibır olub, nüfuzdan düşüb.
Rusiyanın bu cinayətlərinə beynəlxalq məhkəmə qiymət verməlidir. Düzdür, beynəlxalq məhkəmə Putini cinayətkar elan edib, amma Rusiya Prezidenti müxtəlif xarici ölkələrin prezidentləri ilə görüş keçirir, əlaqə saxlayır”-deyə M.Zülfüqarlı qeyd etdi.
İradə SARIYEVA