AZ

Politoloq: Avropa dəhliz məsələsində Azərbaycan və Mərkəzi Asiyaya dəstək verməyə davam edəcək  

Azərbaycan Mərkəzi Asiya ölkələrinin Məşvərət Şurasına tamhüquqlu üzv qəbul edilməsi Avropaya yeni nəqliyyat dəhlizinin inkişaf edəcəyindən xəbər verir ki, bu dəhlizdən də Mərkəzi Asiya respublikaları istifadə edərək öz resurslarını dünya bazarına çıxarmaq imkanı qazanacaqlar. Ənənəvi olaraq Mərkəzi Asiya respublikaları Avropa ilə ticarət əlaqələrini şimal dəhlizi vasitəsi ilə qururdular.

Bu sözləri AZƏRTAC-a açıqlamasında tacikistanlı politoloq, beynəlxalq münasibətlər üzrə ekspert Muhəmməd Şamsuddinov deyib.

Onun sözlərinə görə, Azərbaycan Orta Dəhlizin mərkəzində yerləşir və bu təşəbbüsü bütün Mərkəzi Asiya dövlətləri dəstəkləyir.

“Onlar Avropa ilə nəqliyyat əlaqələrini diversifikasiya etməkdə maraqlıdır və Rusiya ərazisindən asılılıqdan yaxa qurtarmaq istəyirlər. Orta Dəhliz xarici aktorlar tərəfindən də dəstəklənir. Həm ABŞ, həm də Avropa İttifaqı bu layihəyə siyasi və maliyyə yardımı etmək niyyətindədir. Ötən ilin noyabr ayında Mərkəzi Asiya dövlət başçılarının Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp ilə görüşündə Qazaxıstan Prezidenti Kasım Jomart Tokayevin Azərbaycan Prezidentinin də bu görüşə dəvət olunmasının vacibliyini qeyd etməsi təsadüfi xarakter daşımırdı. Çünki Azərbaycansız Mərkəzi Asiyanın dünya bazarına çıxışı mümkün deyil”, - deyə ekspert nəzərə çatdırıb.

Ekspert vurğulayıb ki, 2025-ci ildə ABŞ Konqresində və Senatda Orta Dəhlizin inkişafına dəstək verilməsi barədə çoxsaylı müzakirələr keçirilib. Müzakirələri onunla nəticələnib ki, Konqres Ağ Ev administrasiyasına dəhlizi siyasi baxımdan da dəstəkləməyi tövsiyə edib: “ABŞ qanunvericilərinin yekun fikri ondan ibarət olub ki, Orta Dəhliz Mərkəzi Asiya respublikalarının Rusiyadan asılılığına son qoymaqla yanaşı Avropa və ABŞ ilə iqtisadi ticarət əlaqələrini genişləndirəcək. Avropa İttifaqı 2022-ci ildə başlanan Rusiya-Ukrayna müharibəsindən sonra Rusiyadan nadir yer minerallarını idxal etməyi dayandırdı. Misal üçün, Avropa dövlətləri artıq Rusiyadan deyil, Mərkəzi Asiya respublikalarından uran idxal etməyə başlayıb. Mərkəzi Asiya uran ilə zəngin regiondur. Qazaxıstan qlobal uran bazarında ilk yeri tutur. Region digər təbii sərvətlər və resurslarla da zəngindir. Bu baxımdan Avropa dəhliz məsələsində Azərbaycana və Mərkəzi Asiyaya dəstək verməyə davam edəcək”.

Seçilən
16
1
azerbaijan-news.az

2Mənbələr