AZ

Pakistanlı ekspert : Tarixən neft və qaz nəhəngi Azərbaycan bu gün surətlə bərpaolunan enerji liderinə çevrilir  

Bərpaolunan enerji sahəsində Azərbaycan və Pakistan arasında əməkdaşlıq yalnız gözlənilən deyil, iqlim dəyişikliyi ilə mübarizə və enerji təhlükəsizliyinin təmin olunması istiqamətində ortaq təcili ehtiyacdan qaynaqlanan real proses kimi davam edir.

Bu sözləri AZƏRTAC-a məxsusi açıqlamasında Dayanıqlı İnkişaf üçün Kəmər və Yol Təşəbbüsünün (BRISD) sədri, pakistanlı ekspert Qaiser Navab deyib.

O qeyd edib ki, Azərbaycan Şərqlə Qərb arasında yaşıl enerji körpüsü mövqeyini sürətlə möhkəmləndirir. Bu istiqamətdə hər iki ölkə arasında texniki və infrastruktur əməkdaşlığı gözlənilir. Pakistan öz elektrik şəbəkəsinin modernləşdirilməsi və bağlantı layihələrini bu dəhlizə uyğunlaşdıraraq, uzunmüddətli perspektivdə Cənubi Asiya enerji şəbəkələrinin bu xəttə qoşulmasını mümkün edə bilər. Bu, Mərkəzi Asiyadan başlayaraq Bakıdan keçən və gələcəkdə daha geniş regionları əhatə edən transregional enerji şəbəkəsinin yaradılması deməkdir. Bir digər istiqamət isə Günəş və dənizdə külək enerjisi sahəsində birgə müəssisələrdir. Hazırda Xəzər dənizində külək texnologiyalarını mənimsəyən Azərbaycanın enerji şirkətləri Pakistan şirkətləri ilə tərəfdaşlıq edə bilər. Burada əsas gözlənti texnologiya transferi və Bakının inkişaf etməkdə olan yaşıl enerji sektorundan Pakistanın bərpaolunan enerji infrastrukturuna birbaşa investisiyalardır. Nəhayət, gələcəyə yönəlik ən perspektivli sahələrdən biri yaşıl hidrogendir. Hər iki ölkə bunu gələcəyin yanacağı kimi qəbul edib. Azərbaycanın zəngin külək potensialı və Pakistanın güclü Günəş resursları əsasında yaşıl hidrogenin tədqiqi, istehsalı və ixrac strategiyaları üzrə əməkdaşlıq qurula bilər. Bu, qlobal dekarbonizasiya tendensiyası ilə tam uyğunluq təşkil edir.

“Azərbaycan öz taleyini yenidən yazır. Tarixən neft və qaz nəhəngi olan ölkə bu gün surətlə bərpaolunan enerji liderinə çevrilir. Xəzər dənizində külək enerjisi potensialı dünya səviyyəsindədir və 157 giqavat həcmində qiymətləndirilir. Avropaya yaşıl enerji ixracına yönəlmiş dövlət siyasəti göstərir ki, Azərbaycan irimiqyaslı layihələri həyata keçirmək üçün həm siyasi iradəyə, həm də maliyyə imkanlarına malikdir. Ölkə fəal şəkildə yeni investisiya istiqamətləri axtarır və Pakistan bu baxımdan ideal namizəddir. Digər tərəfdən, Pakistan nəhəng və enerji aclığı olan bir bazar təqdim edir. Enerji tələbatımız sürətlə artır və idxal olunan fosil yanacaqlardan asılılıq yükündən xilas olmağa ciddi ehtiyacımız var. Biz təbii resurslara malikik, səhralarımızın yandırıcı Günəşi və şimal bölgələrimizin coşqun suları var. Lakin bu potensialı tam reallaşdırmaq üçün uzun müddət ardıcıl investisiya və qabaqcıl texniki biliklərdən məhrum olmuşuq. Azərbaycanın formalaşmaqda olan texniki ekspertizası və kapital imkanları isə Pakistanın bazar ölçüsü və təbii resursları ilə birləşəndə, güclü bir tərəfdaşlıq yaranır. Bu əməkdaşlıq sayəsində Pakistan idxal xərclərini azalda, Azərbaycan isə investisiya portfelini şaxələndirə bilər. Düşünürəm ki, çətin zamanlarda sınaqdan çıxmış qardaşlıq indi iqlim dəyişikliyi sınağından da birlikdə keçməyə hazırdır”, - deyə pakistanlı ekspert vurğulayıb.

Seçilən
22
2
azerbaijan-news.az

3Mənbələr