AZ

İrandakı etirazlarda Qacarların bayrağı: "Aksiyaçılardan dünyəvilik mesajı" - RƏY + FOTO

"İranda baş verən kütləvi etiraz aksiyaları zamanı üzərində şir və Günəş təsviri olan bayrağın qaldırılması Məhəmməd Rza Şah Pəhləvi hakimiyyətinin bərpasına çağırış kimi şərh edilir. Hətta bəzi media orqanları və siyasi müşahidəçilər, təəssüf ki, tez-tez "şahın bayrağı" ifadəsini işlədirlər".
 
Moderator.az xəbər verir ki, bu fikirləri Oxu.az-a açıqlamasında siyasi şərhçi Müşfiq Abdulla deyib.
 
O qeyd edib ki, İranın hazırkı dövlət bayrağının çıxarılaraq yerinə 1979-cu il İslam İnqilabından əvvəl mövcud olmuş bayrağın asılması xalqın Məhəmməd Rza Şah Pəhləvinin ABŞ-də yaşayan oğlu Rza Pəhləvinin hakimiyyətə gəlişini istəməsi barədə manipulyasiyalara səbəb olub:

"Bu cür fikirlər bəzən də məlumatsızlıqdan irəli gəlir. Əslində, yaşıl, ağ və qırmızı rənglərdən ibarət, üzərində şir və Günəş təsviri olan bayraq yalnız şah dövrünə aid deyil. Həmin bayraq pəhləvilərin hakimiyyəti dövründə İranın dövlət atributu kimi istifadə olunsa da, onun nə Rza Pəhləviyə, nə atası Məhəmməd Rza Şaha, nə də babası Rza Şaha aidiyyəti var.

Sözügedən bayraq 1794-1925-ci illərdə Qacarlar dövlətinin rəmzi olub. 1925-ci ildə ingilislər tərəfindən İran dövləti yaradıldıqdan sonra həmin bayraq dəyişdirilməyib. Bu da səbəbsiz deyildi. Çünki farslar həmişə türk dövləti olan Qacarları öz adlarına çıxarmağa çalışıblar. Beləliklə, İranın daha qədim tarixə malik olduğunu göstərməyə cəhd ediblər. Qacarların bayrağındakı simvollar da, əslində, Səfəvilər dövlətindən götürülüb. Bu baxımdan, həmin bayrağın farslarla da əlaqəsi yoxdur. Yaşıl rəng rifahı və islamı, ağ rəng sülhü və saflığı, qırmızı isə azadlıq uğrunda mübarizədə cəsarəti və qan tökülməsini ifadə edir".

M.Abdulla vurğulayıb ki, 1979-cu il İslam İnqilabından sonra İranda siyasi rejim dəyişsə də, bayrağın üzərindəki şir təsvirinin çıxarılaraq yerinə ərəbcə "Allahu-Əkbər" yazılmış, laləşəkilli işarə ilə əvəz edilməsinin görünməyən səbəbini də burada axtarmaq lazımdır:

"Qacarlar türk dövləti olub və şir təsvirinin panfarsist İran hakimiyyəti ilə əlaqəsi yoxdur. Tarixi mənbələrdə Qacarlar dövlətinin bayrağının, əsasən, iki forması göstərilir. Ağa Məhəmməd Şah Qacarın hakimiyyəti dövründə bayraq qırmızı rəngdə, ortasında Günəşin rəmzi olan sarı dairə, içərisində isə belində günəş olan aslan təsviri ilə təqdim olunub. Günəşin şəfəqləri kimi təsvir olunan 12 zolaq, əslində, 12 imamın rəmzini əks etdirir ki, bu da Səfəvilər dövlətinin siyasi ideologiyasından, yəni "qızılbaşlar"dan qaynaqlanır. Ağa Məhəmməd Şah Qacardan sonra bayraq dəyişdirilib və yaşıl, ağ və qırmızı rənglərin üzərində əlində qılınc tutmuş və belində Günəş olan aslan təsvir olunub. Beləliklə, bu gün İranda etiraz aksiyalarına çıxan xalq kütlələri yenidən Qacarlar dövlətinin bayrağını başı üzərinə qaldırır. Qacarlar dövlətinin gerbində də həmin əlində gümüşü qılınc tutmuş və belində 12 zolaqlı Günəş olan aslan təsviri yer almışdı.

Tarixi mənbələrə baxsaq, 1886-cı ilə dair sənədlərdə Qacarlar dövlətinin bayrağı yaşıl, ağ və qırmızı rənglərdə, üzərində isə əlində gümüşü qılınc tutmuş, belində 12 zolaqlı Günəş rəmzi olan aslan təsviri ilə verilib. 1923-cü ildə, yəni İran dövləti qurulmazdan iki il əvvəl Qacarlar dövlətinin quru qoşunlarının döyüş bayrağında da həmin rəmzlər əks olunub".

Onun sözlərinə görə, 1940-cı ildə pəhləvilər İranın dövlət gerbini təsis edəndə Günəşin zolaqlarını artıraraq 24-ə çatdırıblar:

"Ona görə də bu gün gah üzərində 12 zolaqlı Günəş olan Qacarların, gah da 24 zolaqlı pəhləvilərin bayrağı qaldırılır. Bütün hallarda bu bayraq Qacarlar dövlətinin bayrağıdır. Qeyd edək ki, eyni təsvir vaxtilə İrəvan xanlığının bayrağında da öz əksini tapıb. Buna səbəb İrəvan xanlığının Rusiya tərəfindən işğalından əvvəl Azərbaycanın Qacarlar dövlətinin hakimiyyəti altında olması ilə bağlıdır. Sonralar Azərbaycan ərazisində süni Ermənistan dövləti yaradılarkən ermənilər şir təsvirini oğurlayaraq onu başqa şəkildə öz gerblərinə daxil ediblər. Ona görə də son illər Nikol Paşinyan hakimiyyəti şir təsvirinin Ermənistana hər hansı aidiyyətinin olmadığını və gerbin dəyişməli olduğunu deyir.

Bu gün İranda baş verənlər isə əslində, dindarlarla şah tərəfdarlarının qarşıdurması deyil. Ona görə də məsələyə Xameneinin tərəfdarları ilə Rza Pəhləvinin sosial bazasının mübarizəsi kontekstində baxmaq səhvdir. İranda teokratik rejimlə dünyəviliyin mübarizəsi gedir. Xalq 47 illik teokratik rejimi devirib yenidən dünyəvi cəmiyyət qurmaq istəyir. İslam Respublikasının bayrağının yandırılması və ya çıxarılıb atılması da bununla bağlıdır. Məhəmməd Rza Şahın hakimiyyəti illərində dövlət atributu kimi istifadə olunan Qacarlar bayrağını isə xalq İslam İnqilabından əvvəlki dövrün, yəni dünyəviliyin simvolu kimi ucaldır".

Seçilən
53
1
moderator.az

2Mənbələr