AZ

“Qızılın 1 unsiyasının qiyməti 5 000 dollara çata bilər” Proqnoz

Azpolitika.az saytından alınan məlumata görə, ain.az bildirir.

Yaxın aylarda dünya bazarında qızılın 1 unsiyasının qiymətinin 5 000 ABŞ dollarına çatması ehtimalı yüksəkdir.

Bunu "Report"a açıqlamasında "Azərbaycan Zərgərlər Assosiasiyası" İctimai Birliyinin İdarə Heyəti sədrinin müavini, "Qiymətli metallar və qiymətli daşlar" üzrə Texniki Komitənin sədri, iqtisadçı Rövşən Əmircanov bildirib.

Onun sözlərinə görə, bu gün əmtəə birjalarında qiymətli metallara marağın artması fonunda yeni tarixi göstəricilər qeydə alınıb: "Qızılın qiyməti ilk dəfə 1 troya unsiya üçün 4 600 ABŞ dolların; keçib, gümüş isə 84 ABŞ dollarından baha satılıb. Qiymət artımına monetar qeyri-müəyyənlik, geosiyasi risklər təsir edir. Bundan başqa, ABŞ-də Federal Ehtiyat Sisteminin (FED) qərarlarına təsir göstərilə biləcəyi ilə bağlı narahatlıqlar qiymətlərin yüksəlməsini dəstəkləyir.

Həmçinin, geosiyasi gündəmin aktivləşməsi də qiymət dinamikasına təsir edir. İranda etirazların kəskinləşməsi, ABŞ Prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı mövqeyi və NATO-nun gələcək rolu barədə səsləndirdiyi fikirlər fonunda bazarlarda qeyri-müəyyənliyin artdığı bildirilir".

R.Əmircanov əlavə edib ki, ümumiyyətlə, bu il qiymətli metallar bazarında bahalaşma meyli var və bu proses təkcə qızılla məhdudlaşmır: "Gümüş, platin və palladium bazarlarında da qiymət artımı dalğası müşahidə olunur. Mövcud ticarət diapazonlarına əsasən, London bazarında qiymətlər bu intervalda formalaşır: qızıl: 4 570-4 580 ABŞ dolları/unsiya, gümüş: 84 ABŞ dolları/unsiya, platin: 2 360-2 370 ABŞ dolları/unsiya, palladium: 1 870-1 900 ABŞ dolları/unsiya".

O vurğulayıb ki, yaxın aylarda qızılın 1 unsiyasının 5 000 ABŞ dollarına çatması ehtimalını monetar qeyri-müəyyənlik, inflyasiya riskləri, geosiyasi gərginliklər və fiziki qızıla marağın artması dəstəkləyir. Qısa müddətdə qiymətlərdə dəyişkənliyin qalacağı, orta və uzunmüddətli dövrdə isə artım meylinin davam edəcəyi gözlənilir. Gümüş bazarı üzrə də 2026-cı il ərzində defisitin davam edəcəyi, bunun isə əsasən artan investisiya tələbi ilə bağlı olduğu qeyd edilir. Bu amil gümüş qiymətlərinin yüksək səviyyələrdə qalması ehtimalını artırır".

İdarə Heyəti sədrinin müavini deyib ki, son aylarda qlobal mərkəzi banklar ehtiyatlarına ay üzrə orta hesabla 10-11 ton qızıl əlavə edib: "Əsas alıcılar arasında Qazaxıstan, Türkiyə, Çin və Çexiya, eləcə də Hindistan göstərilir. Bu tendensiya institusional tələbin yüksək səviyyədə qaldığını və qızıl qiymətlərinə əlavə dəstəyin davam etdiyini göstərir. Nəticədə, qeydə alınan rekord göstəricilər 2026-cı ilin qiymətli metallar üçün yüksək qiymət trayektoriyası ilə başladığını təsdiqləyir. Qızılın 5 000 dollarlıq həddə doğru hərəkəti, gümüşdə defisit gözləntiləri və mərkəzi bankların alışlarının davam etməsi fonunda qlobal bazarda bahalaşma meyli aktual olaraq qalır".

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
2
2
azpolitika.info

3Mənbələr