AZ

50 ildə 400 hadisə… Laboratoriya sızıntılarının arxasındakı həqiqət nədir?

Qaynarinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Laboratoriyalarda baş verənlər biz adi insanlar üçün hər zaman böyük maraq doğurur. Bir çox serial və filmdə mövzuya çevrilən bu məsələ, əslində, real həyatda da kifayət qədər mürəkkəbdir. Laboratoriya sızıntıları kontekstində son 50 ildə 400-dən çox hadisə qeydə alınıb. Bunların arasında 10 mindən artıq insana təsir edən bir bakteriya buludu hadisəsi də mövcuddur.

Qaynarinfo xəbər verir ki, laboratoriya sızıntıları mövzusu son günlərdə böyük maraq doğuran "Pluribus” serialı ilə yenidən gündəmə gəlib. Bununla belə, laboratoriya sızıntısı deyildikdə bir çox insanın ağlına ilk olaraq COVID-19 pandemiyası gəlir. Çünki həmin dövrdə virusun Çinin Uhan şəhərində yerləşən bir laboratoriyadan yayıldığı iddiası günlərlə müzakirə olunmuşdu.

"El Pais” qəzetinə danışan ispan viroloq Xavier Abad laboratoriya sızıntıları ilə bağlı fikirlərini COVID-19 üzərindən izah etməyə başlayıb. Barselonada yerləşən Heyvan Sağlamlığı Mərkəzinin (CReSA) bioloji nəzarət bölməsinin rəhbəri olan Abad bildirib: "SARS-CoV-2 virusunun laboratoriyadan sızması ehtimalı çox yüksək deyil, elə deyilmi? Amma tamamilə mümkündür".

Abad xatırladıb ki, İspaniya təhlükəsizlik orqanları bu yaxınlarda Afrika donuz taunu virusunun sızması şübhəsi ilə əlaqədar sözügedən araşdırma mərkəzində yoxlamalar aparıb və müxtəlif sübutlar axtarıb: "Laboratoriyalarda baş verən hadisələr və qəzalar barədə çox oxumuşam. Dünyada 100-dən çox hadisə qeydə alınıb və bunlar əslində baş verənlərin yalnız görünən tərəfidir".

Afrika donuz taununa dair sızıntı ehtimalında bütün versiyalar hələ də qüvvədədir, lakin hazırda əsas diqqət CReSA üzərində cəmlənib. CReSA Barselona Muxtar Universitetinin Bellaterra kampusunda yerləşir və təhlükəli patogenlərin saxlandığı bir mərkəzdir. Laboratoriyanın araşdırmaya cəlb olunmasının səbəbi ötən ilin noyabrında obyektin yaxınlığında oxşar ştamma yoluxmuş bir vəhşi donuzun aşkar edilməsi olub. Həmin dövrdə ikili divar sistemi olmayan laboratoriyada təmir işləri aparılırdı və Afrika donuz taunu virusu üzərində təcrübələr həyata keçirilirdi.

Hava yolu ilə yoluxmursa, necə sızdı?

Bir çox mütəxəssis Afrika donuz taunu virusunun hava yolu ilə yoluxmadığı qənaətindədir. Məhz bu səbəbdən virusun ikinci ən yüksək təhlükəsizlik səviyyəsi olan BSL3 biotəhlükəsizlik statusuna malik bu laboratoriyadan sızıb-sızmadığı geniş şəkildə araşdırılır.

Abad mikrobların laboratoriyalardan sızma ehtimalını belə izah edib: "Bioloji nəzarət bölmələri, mikrobdan tam təmizlənmiş, ciddi şəkildə nəzarət edilən və girişləri məhdudlaşdırılmış qalalara bənzəyir. Lakin onlar da səhvlərdən və bədbəxt təsadüflərdən sığortalanmayıb".

Xavier Abad laboratoriyalarda yüzlərlə hadisənin baş verdiyini deyərkən şişirtmir. Çünki kosta-rikalı alim Esteban Zavaleta və komandası tərəfindən ötən ilin mart ayında aparılan araşdırmaya əsasən, son 50 ildə laboratoriya mənşəli infeksiyalarla bağlı 435 hadisə qeydə alınıb.

"Acta Microbiologica Hellenica” jurnalında dərc olunan tədqiqatda, hətta ən yüksək biotəhlükəsizlik səviyyəsi olan BSL4 statusuna malik Berlin "Bernhard Nocht” Tropik Tibb İnstitutunda belə qəzaların baş verdiyi qeyd olunur. 12 mart 2009-cu ildə institutda çalışan bir viroloq siçana ölümcül Ebola virusu yeridərkən iynə təsadüfən onun əlindəki üç əlcəyi də deşərək dərisinə toxunub. Xoşbəxtlikdən qanaxma olmayıb və alim xəstəliyə yoluxmayıb.

Sızıntılarla bağlı suala cəmi 23 laboratoriya cavab verib

Qəzaların hansı ölkədə və hansı laboratoriyada baş verdiyi ilə bağlı ciddi qeyri-müəyyənlik mövcuddur. Beynəlxalq alimlərdən ibarət bir qrup 10 il əvvəl yüksək təhlükəsizlik səviyyəsinə malik BSL3 və BSL4 laboratoriyalarında baş verən qəza mənşəli infeksiyaların sayını müəyyənləşdirmək üçün təşəbbüs göstərib. "Avropa Klinik Mikrobiologiya və Yoluxucu Xəstəliklər Jurnalı”nda dərc olunan araşdırmaya görə, 120 instituta 15 sualdan ibarət anket göndərilsə də, cəmi 23 institut cavab verib.

Bu institutlardan biri iki nəfərin geviş gətirən heyvanlardan insanlara keçən Q qızdırmasına yoluxduğunu açıqlayıb. Digər bir mərkəz isə brusellyoz xəstəliyinə səbəb olan mikroba bağlı iki hadisəni təsdiqləyib.

Tədqiqatçılar həmin vaxt verdikləri açıqlamada bəzi laboratoriyaların baş verən qəzaları açıqlamaq istəmədiyini bildirərək bunu qınayıblar. Onların sözlərinə görə, "sistematik hesabat mexanizmi olmadığı üçün bu cür ölçmələr aparmaq olduqca çətindir”.

Açıqlanan məlumatlara əsasən, 1980–2015-ci illər arasında laboratoriyalarda çalışan 220 nəfər son dərəcə təhlükəli patogenlərə yoluxub.

Araşdırmanın müəllifləri arasında CReSA-da çalışan viroloq Nuria Busquets də yer alıb. Onun həmkarları 2007-ci ildə İngiltərənin Pirbriqt qəsəbəsində baş vermiş və canlı heyvanlara da təsir edən sızıntını xatırladıblar. Həmin hadisədə BSL3 səviyyəli laboratoriyanın boru sistemindəki iki zədədən yayılan dabaq virusu, tikinti maşınları vasitəsilə ətrafdakı fermalara daşınmış və milyonlarla avro zərərə səbəb olmuşdu.

Bu səbəbdən indi diqqətlər CReSA-da baş verdiyi ehtimal edilən son sızıntıya yönəlib. Son aylarda aparılan genişləndirmə işləri zamanı çoxlu sayda yük maşınının instituta daxil olub-çıxması şübhələri artırıb. CReSA isə hər hansı biotəhlükəsizlik pozuntusunun baş vermədiyini bildirir.

Yüksək təhlükəsizlikli laboratoriyalarda da baş verir

Harvard Universitetinin Yoluxucu Xəstəliklərin Dinamikası Mərkəzinin rəhbəri, epidemioloq Marc Lipsitç İspaniyadakı Afrika donuz taunu hadisəsi ilə bağlı konkret fikir bildirməkdən çəkinib. Lakin digər nümunələrə toxunaraq bildirib ki, yoluxucu mikroblar son dərəcə təhlükəsiz laboratoriyalardan, hətta BSL3-dən yuxarı səviyyəli obyektlərdən belə sızıb.

Lipsitç 2014-cü ildən bu yana baş verən üç hadisəni sadalayıb:

* Atlanta şəhərində BSL4 səviyyəli laboratoriyada flakonların qarışdırılması nəticəsində Ebola virusu nümunələrinin yayılması;

* Yuta ştatındakı hərbi obyektlərdə qarayara sporlarının zərərsizləşdirilməsi protokolunda yol verilən səhv;

* BSL3 səviyyəli laboratoriyadan ABŞ Kənd Təsərrüfatı Nazirliyinə səhvən yüksək patogenli H5N1 qrip virusu ilə çirklənmiş materialların göndərilməsi.

Oksford Universitetində çalışan mikrobioloq Stuart Blacksell və komandası isə 2000–2024-cü illər arasında BSL3 laboratoriyalarında 16, BSL4 laboratoriyalarında isə 4 hadisə qeydə alındığını bildirib. Ümumilikdə isə bu dövrdə 276 infeksiya və 8 ölüm halı qeydə alınıb. Ölüm halları "dəli dana” xəstəliyindən iki, Ebola, hantavirus, monkey B virusu, bakterial menengit, SARS, taun və Creutzfeldt-Jakob xəstəliyindən isə bir nəfər olmaqla qeydə alınıb.

İngiltərə mərkəzli "Chatham House” beyin mərkəzi tərəfindən iki il əvvəl hazırlanan hesabatda laboratoriya qəzalarının "potensial fəlakətlərlə nəticələnə biləcəyi” barədə xəbərdarlıq edilib. Hesabatda ən diqqətçəkən nümunə 1977-ci ildə baş verən və təxminən 700 min insanın ölümü ilə nəticələnən qrip epidemiyasıdır. ABŞ hökumətinə biotexnologiya üzrə məsləhətçi və "Johns Hopkins” Universitetində biotəhlükəsizlik sahəsində çalışan Michelle Rozo həmin virusun Sovet İttifaqındakı bir laboratoriyadan sızmış ola biləcəyini bildirib.

Çindəki hadisə 10 mindən çox insana təsir edib

Hesabatda laboratoriya qəzalarının real miqyasının tam məlum olmadığı vurğulanır. 2000–2021-ci illər arasında təxminən 100 laboratoriyada 309 nəfərin yoluxduğu qeyd olunur. Eyni dövrdə elmi tədqiqat müəssisələrindən 16 sızıntı hadisəsi yaşanıb. Bunlardan biri 2019-cu ildə Çinin Lanzhou şəhərində qeydə alınıb. Həmin vaxt brusella bakteriyası şəhərdə yerləşən bir peyvənd zavodundan hava yolu ilə yayılıb və 10 mindən çox insana təsir edib.

Mütəxəssislərin fikrincə, bu cür qəzaların böyük əksəriyyəti asanlıqla qarşısı alına bilən insan səhvlərindən qaynaqlanır. Məsələn, Lanzhou hadisəsində istifadə müddəti bitmiş dezinfeksiya vasitələrindən istifadə edildiyi məlum olub. "Chatham House” hesabatında bir çox ölkədə biotəhlükəsizlik məsələsinin hələ başlanğıc mərhələsində olduğu vurğulanır.

Dünya üzrə 7 milyondan çox insanın ölümünə səbəb olan COVID-19 pandemiyasının mənşəyi isə hələ də dəqiq müəyyən edilməyib. Ümumdünya Səhiyyə Təşkilatının müstəqil ekspertlərlə yaratdığı araşdırma qrupu ötən il 27 iyunda açıqlayıb ki, mövcud sübutlar virusun birbaşa yarasadan və ya aralıq heyvan vasitəsilə insana keçdiyini göstərir. Bununla yanaşı, virusun Uhandakı laboratoriyadan sızması ehtimalı da hələ tam istisna olunmayıb.

Çox ciddi tədbirlər görülür, amma…

Cenevrə Universitetinin Qlobal Sağlamlıq İnstitutunun tədqiqatçısı Alexandra Peters uzun illərdir başqa bir təhlükəyə diqqət çəkir. Onun sözlərinə görə, dünyada neçə yüksək təhlükəsizlikli laboratoriyanın olduğu dəqiq bilinmir.

Peters qeyd edib ki, BSL3 səviyyəli obyektlərdə çıxan havanın iki dəfə filtrdən keçirilməsi, işçilərin laboratoriyada duş qəbul etməsi, mayelərin kimyəvi çirklənmədən təmizlənməsi və tullantıların yandırılması kimi ciddi tədbirlər görülür. Bununla belə, o bildirib: "BSL3 laboratoriyaları hər zaman gözlənildiyi qədər təhlükəsiz olmaya bilər. Şəxsən mən virus sızıntısının qeyri-mümkün olduğunu düşünmürəm. Çünki patogenlərin təhlükəsiz saxlanılması məsələsi sonda insan davranışından asılıdır. Birbaşa insan səhvi olmasa belə, insan tərəfindən yaradılmış mühitlə bağlı problemlər və ya sadəcə bədbəxt təsadüflər rol oynaya bilər”.

Aydın

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
1
qaynarinfo.az

1Mənbələr