AZ

Bu gün 907-ci düzəlişin saxlanılması üçün nə siyasi, nə hüquqi, nə də etik əsas mövcuddur ŞƏRH

Bakı, 12 yanvar, AZƏRTAC

2025-ci il Azərbaycan diplomatiyası baxımından xüsusilə ABŞ ilə münasibətlər kontekstində dönüş nöqtəsi kimi qiymətləndirilə bilər. Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibədə toxunduğu məqamlar göstərir ki, uzun illər ikitərəfli əlaqələrin üzərində “siyasi kölgə” yaradan 907-ci düzəliş artıq real təsir mexanizmi olmaqdan çıxıb və münasibətlər yeni mərhələyə qədəm qoyur.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova deyib.

O bildirib ki, 907-ci düzəlişin mahiyyətinə baxdıqda onun qəbulunun nə hüquqi, nə də humanitar əsaslara söykəndiyi aydın görünür. 1992-ci ildə bu düzəliş qəbul edilərkən Azərbaycanın əraziləri artıq işğal altında idi, Xocalı soyqırımı törədilmişdi və Ermənistanın Azərbaycan tərəfindən blokadaya alınması iddiası reallıqla heç bir əlaqə daşımırdı. Ermənistanın həm Gürcüstan, həm İran, həm də uzun müddət Türkiyə ilə açıq sərhədlərinin mövcudluğu “blokada” arqumentini tamamilə əsassız edirdi.

“Prezident İlham Əliyevin müsahibədə də vurğuladığı kimi, 907-ci düzəliş daha çox erməni lobbisinin ABŞ siyasi sistemində yaratdığı təsirin nəticəsi idi. Həmin dövrdə ABŞ Senatında və Konqresində bu xəttin fəal tərəfdarları olub və Co Baydenin də həmin proseslərdə aktiv rol oynaması təsadüfi deyil. Məhz bu səbəbdən Obama-Bayden və Bayden-Blinken administrasiyaları dövründə Azərbaycan-ABŞ münasibətləri ya məsafəli, ya da açıq böhranlı xarakter daşıyıb”, - deyə deputat vurğulayıb.

O diqqətə çatdırıb ki, 11 sentyabr hadisələrindən sonra ABŞ-ın Əfqanıstandakı əməliyyatları fonunda 907-ci düzəlişin Prezident səlahiyyətləri ilə dondurulması Vaşinqtonun Azərbaycana praqmatik yanaşmasının göstəricisi idi. Lakin ABŞ-ın Əfqanıstandan xaotik şəkildə çıxmasından sonra Bayden administrasiyasının bu mexanizmi yenidən aktivləşdirməsi Azərbaycanın strateji əhəmiyyətinin məqsədli şəkildə görməzlikdən gəlinməsi kimi dəyərləndirilə bilər.

“Mövcud geosiyasi reallıqlar isə artıq tamamilə dəyişib. Ermənistan-Azərbaycan müharibəsinin başa çatması, bölgədə yeni təhlükəsizlik arxitekturasının formalaşması və Azərbaycanın regional güc kimi mövqeyinin möhkəmlənməsi ABŞ üçün də yeni yanaşmanı zəruri edir. Prezident Donald Tramp administrasiyasının hakimiyyətə gəlişi ilə Vaşinqtonun siyasətində ideoloji yox, milli maraqlara əsaslanan praqmatik xəttin önə çıxması bu dəyişimin əsas katalizatorudur.

Ağ Evdə Prezident Trampın iştirakı ilə 907-ci düzəlişin faktiki olaraq qüvvədən düşməsi hələ Konqres səviyyəsində hüquqi ləğv edilməsə də, ciddi siyasi və simvolik məna daşıyır. Bu addım ABŞ-ın keçmişin siyasi qalıqlarını aradan qaldırmağa hazır olduğunun göstəricisidir və Azərbaycan-ABŞ münasibətlərinin strateji tərəfdaşlıq müstəvisinə keçdiyini nümayiş etdirir”, - deyə S.Mikayılova əlavə edib.

Deputat qeyd edib ki, bu gün 907-ci düzəlişin saxlanılması üçün nə siyasi, nə hüquqi, nə də etik əsas mövcuddur. Azərbaycan ərazisindən Ermənistana yüklərin daşınması, yolların açılması, hətta enerji məhsullarının ixracı “blokada” iddialarını tamamilə ifşa edir. Bu düzəlişin birdəfəlik ləğvinə nail olacağı gözləniləndir.

“Nəticə etibarilə, 2025-ci il Azərbaycan diplomatiyasında yalnız münasibətlərin normallaşması deyil, həm də ABŞ ilə əlaqələrin tarixi ədalətsizliklərdən təmizlənməsi baxımından yaddaqalandır. Bu proses Azərbaycanın artan geosiyasi çəkisinin və müstəqil, balanslı xarici siyasətinin təbii nəticəsi kimi qiymətləndirilir”, - deyən deputat fikirlərini yelkunlaşdırıb.

Seçilən
51
1
azertag.az

2Mənbələr