AZ

“Azercell”lə bağlı ciddi iddialar- MB-lar sürətlə əriyir, abunəçilər çarəsizdir

“Azercell” abunəçisi mobil operatoru balansdan internet paketlərini ədalətsiz şəkildə “əridməkdə” ittiham edir. Sosial şəbəkələrdə yayılan iddialar son vaxtlar şirkətə yönələn narazılıqların daha da artdığını göstərir.

Bizimesr.az xəbər verir ki, sosial şəbəkə istifadəçisi Ruslan Məmmədli “Azercell”in internet paketləri ilə bağlı açıq ittiham irəli sürüb. O bildirib ki, şirkət faktiki olaraq abunəçilərin MB-larını oğurlayır:

“Dostlar, hamının xəbəri olsun:
‘Azercell’ artıq MB oğurlayır. Özüm ölçmüşəm. Əvvəllər 1 GB-la bir qısa filmə rahat baxırdıqsa, indi GB-lar 5 dəfə tez bitir.
Son 10 gündə 2 dəfə 7 GB-lıq paket götürmüşəm, yenə yoxa çıxıb. Halbuki əvvəllər belə şey yox idi”.

Bu paylaşım qısa müddətdə sosial şəbəkələrdə geniş rezonans doğurub. Şərhlərdə onlarla istifadəçi oxşar problemlərlə üzləşdiklərini yazaraq “Azercell”in internet paketlərinin əvvəlki dövrlə müqayisədə xeyli tez tükəndiyini iddia ediblər.

Lider şirkət, amma artan narazılıq…

Qeyd edək ki, “Azercell” uzun illərdir özünü Azərbaycan telekommunikasiya bazarında lider şirkət kimi təqdim edir və bu statusu qorumağa çalışır. Lakin son aylarda aparılan qiymət siyasəti, paketlərin bahalaşması və xidmət keyfiyyəti ilə bağlı şikayətlər şirkətin imicinə ciddi zərbə vurub.

Xüsusilə internet paketlərinin, əvvəlki illərlə müqayisədə daha tez bitməsi, istifadəçi tərəfindən aydın izah olunmayan trafik sərfiyyatı, bahalaşmaya baxmayaraq keyfiyyətin artmaması abunəçilərin narazılığını pik həddə çatdırıb. Sosial şəbəkələrdə aparılan müzakirələr göstərir ki, bir çox istifadəçi artıq alternativ mobil operatorlara keçməyi düşünür. Bu isə “Azercell”in abunəçi sayında azalma yaşadığını göstərən ciddi siqnaldır.

Şəffaflıq sual altındadır

Mobil rabitə mütəxəssislərin fikrincə, mobil operatorlar istifadə olunan internet trafikinin tam şəffaf hesabatını təqdim etməlidir. Hansı tətbiqin nə qədər MB sərf etdiyi, fon rejimində hansı proseslərin işlədiyi aydın və izlənilə bilən formada abunəçiyə göstərilməlidir. “Azercell”lə bağlı əsas problem isə məhz bu şəffaflığın olmamasıdır.

Məsələ ilə bağlı “Azercell”lə əlaqə saxlamağa çalışsaq da, sorğulara cavab almaq mümkün deyil, sanki bu şirkət üçün mətbuat və onların suallarını cavablandırmağa yasaq qoyulub. Bu isə şirkətin fəaliyyətində ciddi dəyişikliklərin edildiyini aşkar göstərir, mətbuatdan qaçmaqla, baş vernələrə susqun qalmaqla istədiklərini etmək…

Bizimesr.az olaraq hesab edirik ki, bazarda lider iddiasında olan bir şirkət üçün abunəçilərin bu cür kütləvi narazılığı təhlükəli tendensiyadır və məsələ təkcə sosial şəbəkə şikayətləri ilə bitməməli, aidiyyəti qurumlar tərəfindən də ciddi şəkildə araşdırılmalıdır.

Seçilən
12
editor.az

1Mənbələr