İranda davam edən etirzlar gözlənildiyi kimi neft qiymətlərinə də təsir edir. İrandan xam neft tədarükünün azalması ehtimalı qiymətlərə təsirsiz ötüşmür. İnvestorlar OPEC+ çərçivəsində dördüncü ən böyük neft istehsalçısı olan İrandakı etirazların neft tədarükünə təsirini qiymətləndirirlər. “Bloomberg” analitiklərinin fikrincə, etirazlar İranın neft ixracını gündə təxminən 2 milyon barel azalda bilər. Bu, əvvəllər qiymətlərin aşağı düşməsinə səbəb olan və investorları daha pessimist edən qlobal təklif həddindən artıqlığı ilə bağlı narahatlıqları aradan qaldırır.
Bundan başqa, ABŞ-ın sahil mühafizə qüvvələrinin Karib dənizində “Bella-1” və “Olina” tankerlərini saxlaması birjalarda neftin qiymətinə təsir göstərir. London birjasında mart ayı üçün verilən sifarişlərdə “Brent” markalı neftin 1 barelinin qiyməti 63,02 dollara yüksəlib. Bununla yanaşı WTI markalı neftin də 1 barelinin qiyməti 0,9 faiz artaraq 58,28 dollara satıldı. Azərbaycanın “Azeri Light” markalı neftin 1 barelinin qiyməti isə 66 dollara kimi yüksəlib.
Qiymətlərin artmasının səbəbi ABŞ-ın Rusiya və Venesueladan nefti gizli satan tankerləri həbs etməsi və bazara əlavə neftin daxil olmasının qarşısını almasıdır. Ötən həftə ABŞ-ın hərbi gəmiləri Rusiya neftini daşıyan “Bella-1” tankerini saxlayaraq ekipajını həbs edib. Rusiyanın təkidlərinə baxmayaraq, ABŞ rəsmiləri ekipaj üzvlərinin məhkəmə qarşısında cavab verəcəklərini bildiriblər. ABŞ Ədliyyə Nazirliyinin məlumatında nəzərə çatdırılıb ki, bu tankerin əvvəlki adı “Marinera" olub və o neft qaçaqmalçılığı ilə məşğul olaraq sanksiya normalarını pozub və buna görə də məsuliyyətə cəlb olunacaq.
“Bella-1” gəmisi ilə qalmaqal başa çatmamış ABŞ hərbi dəniz qüvvələri Karib dənizində daha 2 tankeri saxlayıb. Honkonqda qeydiyyatdan keçmiş “Tontye Peur” şirkətinə məxsus olan “Olina” tankeri Rusiya neftini, “M Sophia” tankeri isə Venesuela neftini ABŞ sanksiyalarından yayınaraq qaçaqmalçılıq yolu ilə daşıyırdılar. Hər iki tankerdə 320 min ton neft aşkar edilib. “The New York Times” qəzetinin yazdığına görə, ABŞ-ın hərbi dəniz qüvvələri Rusiya və Venesuela neftini gizli daşıyan 16 tankeri təqib edir. Bu tankerlərdə ümumilikdə 9,4 milyon barel neftin olması haqqında məlumat var. Müəyyən olunub ki, neft qaçaqmalçılığı ilə məşğul olan “Veronika” adlı tanker təqibdən yaxa qurtarmaq üçün adını dəyişərək “Galileo” qoyaraq Timor Adaları bayrağı ilə üzməyə başlayıb. Karib dənizi və Atlantik okeanını nəzarətdə saxlayan ABŞ qaçaqmal olan neftin sifarişçisi və alıcısını hələlik müəyyən etməyib. Araşdırma aparılır. “Fujitomi Securities” investisiya şirkətinin analitiki Mitsuri Muraşı “Reuters” agentliyinə bildirib ki, qiymətlərin yüksəlmə səbəbi bazara əlavə neftin daxil olmasının qarşısının alınmasıdır. Tələbin sabit qaldığı dönəmdə təklifin azalması qiymətin artmasına gətirib çıxarır ki, bu da sadəcə olaraq bazarın dəyişməz tələb və təklif qanunundan asılıdır.
Samirə SƏFƏROVA