Danimarka Baş naziri Mette Frederiksen, ABŞ Prezidenti Donald Trampın Qrenlandiyaya “ehtiyacı olduğunu” yenidən dilə gətirməsindən sonra bu məsələdə “yol ayrıcında” olduqlarını bildirib.
"Cebheinfo.az" xəbər verir ki, Frederiksen Danimarkanın Nyborq şəhərində Sosial Liberal Partiyanın təşkil etdiyi yeni il toplantısında, Venesuelaya hərbi müdaxilədən sonra ABŞ Prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı açıqlamalarını dəyərləndirib.
“ABŞ Qrenlandiyaya qarşı hərbi müdaxilə edərsə, Danimarkanın bir planı varmı?” sualına Frederiksen belə cavab verib:
“Bunları konkret görünəndən daha əsas səviyyədə dəyərləndirməliyik. Biz yol ayrıcındayıq. Bu, taleyüklü bir andır”.
Gözlə görünəndən daha böyük bir təhlükənin mövcud olduğuna diqqət çəkən Frederiksen, “ABŞ bir müttəfiqini təhdid etməklə Qərb ittifaqına, NATO əməkdaşlığına arxa çevirir. Bu, ABŞ tərəfindən indiyə qədər yaşamadığımız bir vəziyyətdir. Əgər belə bir şey baş verərsə, hər şey dayanacaq” deyə vurğulayıb.
Vaşinqton rəhbərliyinin Qrenlandiya məsələsini müzakirə etmək məqsədilə danimarkalı rəsmilərlə keçirəcəyi görüşə toxunan Frederiksen, mövqelərini qorumaq üçün əllərindən gələni edəcəklərini və “geri addım ata bilməyəcəkləri” məsələlərin olduğunu bildirib.