AZ

Bu proseslər ilin ən böyük uğurlarından olacaq - Prezidentin sərəncamı

Məlum olduğu kimi, Azərbaycanda 2026-cı il “Şəhərsalma və Memarlıq İli” elan edilib. Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, Prezident Administrasiyası Azərbaycanda 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə bağlı tədbirlər planına dair təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etməlidir.

Maraqlıdır, gözləntilər, çatışmazlıqlar və təkliflər nələrdir?

Mövzu ilə bağlı Ölkə.az-a danışan memar Cahid Həsənov bildirib ki, 2026 - "Şəhərsalma və Memarlıq ili" bütün azərbaycanlıların sevinclə gözlədiyi bir ildir.

Onun sözlərinə görə, ümumiyyətlə Azərbaycan xalqı millətlər arasında şəhər gözəlliyinə, həyət-baca estetikasına, memarlığa, interyerə və zövq mədəniyyətinə xüsusi önəm verən xalqlardandır və bunu daim gözləyir:

"Məhz belə bir ilin üstün cəhətlərindən biri ondan ibarətdir ki, insanların necə hərəkət edəcəyi, harada dayanacağı kimi məsələlər gündəlik iş rejimi çərçivəsində, öz axarında davam etməlidir. Burada əsas məsələ əlaqədar qurumların yeni-yeni layihələr üzərində işləməsi, sifarişlərin verilməsi və indiyədək kağız üzərində qalan layihələrin 2026-cı ildən etibarən icrasına başlanılmasıdır. 

Ən vacib məqam isə ondan ibarətdir ki, bu gün dünya memarlığının gündəmində duran əsas məsələ yaşıl şəhər, yaşıl qəsəbə, yaşıl kəndlər, yaşıllıqla zəngin yollar, zolaqlar və məhəllələr konsepsiyasına keçiddir. Bildiyimiz kimi, bütün dünyada artıq yeni dövr üçün memarlığın yeni formatı üzərinə keçid dövrü başlayır. Bax, bunları mən gözləyirəm. 

Çatışmazlıqlar və təkliflə gəldikdə isə bu sahədə mənim öz konsepsiyam mövcuddur. Ümumiyyətlə, “yaşıl şəhər” anlayışı yalnız yaşıllıq zolaqlarının, qazon sahələrinin və ağacların əkilməsi kimi başa düşülməməlidir. Bununla paralel olaraq memarların, xüsusilə şəhərsalma memarlarının üzərinə böyük məsuliyyət düşür. Bildiyiniz kimi, yüzlərlə, bəzən min memar arasında cəmi bir nəfər şəhərsalma memarı olur.

Bir şəhərsalma memarı kimi qeyd edə bilərəm ki, yaşıl şəhər anlayışı yaşıllıq zolaqlarının salınmasından əlavə, tikilən binaların istər yaşayış, istərsə də inzibati binaların əvvəlki tikililərlə həddindən artıq sıx olmamasını, təbii havalandırmanın və təbii işıqlandırmanın təmin olunması elə yaşıl şəhərin ayrılmaz hissələridir. İnsanlar yaşadıqları evlərdə oturarkən eyvan və pəncərələrdən təbii işıq və hava axınını hiss etməli, vizual baxımdan yaşıllıq zolaqlarını görə bilməlidirlər. Bu, konsepsiyanın bir qoludur.

İkinci qol isə ondan ibarətdir ki, istər interyerdə, istərsə də memarlıq sahəsində, tikilən binaların üzlük materiallarının rəng seçimi, layihələndirmə üslubu təbiətlə harmoniya yaratmalıdır. Bu, fundamental yaşıl şəhəri tərənnüm etdirə bilər. Yəni təkcə hava və bioloji baxımdan deyil, eyni zamanda vizual baxımdan təbiətlə harmoniya yaradacaq. Rəng seçimi və rəng harmoniyası burada qlobal əhəmiyyət daşıyan məsələdir.

Hətta bu istiqamətdə təhsil ocaqlarında yeni kafedraların, əlavə metodikaların yaradılmasına ehtiyac var. Mən bir şəhərsalma memarı və mütəxəssis kimi, otuz il əvvəl “landşaft memarlığı” adlandırdığımız bu sahə üzrə çalışan biri olaraq, bu təkliflərimi əlaqədar qurumlara və təşkilatlara təqdim edəcəyəm.

2026-cı ilin "Memarlıq və Şəhərsalma İli" elan olunması özəl və müstəqil beyin mərkəzlərinə malik memarlarla əlaqədar qurumlar arasında körpünün qurulmasına, açıq qapı günlərinin keçirilməsinə zəmin yaradır. Bu layihələrin təqdim olunması ilə yanaşı, onların real icrasına nail olmaq əsas məqsəd olmalıdır. Məhz bu proseslərin baş verməsi 2026-cı ilin ən böyük uğurlarından biri olacaq".

Həmidə İbrahimova

Seçilən
27
2
olke.az

3Mənbələr