Oxu.az saytına istinadən ain.az xəbər verir.
Lerik rayon sakini Qədir Qurbanov hazırda Bakıda kirayə evdə, işsiz və gəlirsiz vəziyyətdədir.
Baku TV-nin məlumatına görə, 2025-ci ilə qədər Lerikdə DOST Agentliyində işləyən Qurbanovun 5 nəfərdən ibarət ailəsi həmin dövrdə 5 ay ünvanlı sosial yardım alıb. Lakin həm işdən çıxarılması, həm də yardımın kəsilməsi ailəni çıxılmaz vəziyyətə salıb.
Qədir Qurbanov iş tapmaq ümidi ilə Bakıya gəlib, amma nə iş var, nə də dolanmağa pul. Ünvanlı sosial yardımın kəsilmə səbəbi rəsmi sənədlərdə torpaq və sığorta ödənişləri ilə bağlıdır. Amma ailə deyir ki, torpaq real gəlir gətirmir, sığorta ödəməyə isə pul yoxdur. Qədir Qurbanov səhhətində ciddi problemlər olduğunu bildirib.
Lerikli ailənin ünvanlı sosial yardımı DAYANDIRILIB - Səbəb NƏDİR?
Onun sözlərinə görə, ağır fiziki iş görə bilmir, çünki ürək-damar xəstəlikləri və onurğa problemləri var.
"İki övladım məktəblidir, onların məktəb ləvazimatlarını və tələbə övladımın kirayəsini ödəyə bilmirəm", - deyə o vurğulayıb.
Qədir Qurbanov qeyd edir ki, kənddə adına olan 16 sot torpaq sahəsinin vergisini poçt vasitəsilə ödəsə də, ödənişlərin vergi orqanında vaxtında təsdiqlənməməsi səbəbindən problem yaranıb. Torpaqla bağlı çıxarış və bir illik vergi ödənişlərinin rəsmiləşdirilməsi isə təxminən 1200 manata başa gəlir ki, bu məbləği ödəmək ailə üçün mümkün deyil.
Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, Qədir Qurbanəli oğlu Qurbanovun 7 mart 2024-cü il tarixli elektron müraciətinə əsasən, ailəyə ünvanlı sosial yardım təyin edilib. Lakin elektron monitorinq nəticəsində müəyyən olunub ki, ailə üzvü Könül Eldar qızı Cahangirova məşğulluğunu pay torpağı ilə təsdiqləsə də, təyinatdan sonra yalnız həmin ilin sentyabr ayı üzrə məcburi dövlət sosial sığorta haqqı ödənişlərini edib. Bu səbəbdən sosial yardım 2025-ci ilin yanvar ayından dayandırılıb. Bundan sonra ailə 16 sentyabr 2025-ci il tarixində elektron sistemə yenidən müraciət edib. Həmin müraciətə də elektron sistem tərəfindən imtina verilib.
Belə ki, imtinaya səbəb ailə üzvü Könül Cahangirovanın məşğulluğunu təsdiq edən ödənişlərinin olmamasıdır. Nazirlikdən əlavə edilib ki, hazırda Qədir Qurbanov ailənin əməkqabiliyyətli üzvü olsa da, məşğulluğu olmayan şəxsdir. Adıçəkilən şəxs məşğulluğunu təmin edərsə və ailə üzvü Könül Cahangirova torpaqla bağlı ödənişləri ardıcıl şəkildə davam etdirərsə, ailə sosial yardımla bağlı yenidən müraciət edə bilər.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.