İranda davam edən etiraz aksiyalarının arxa planında xarici təsir və təhlükəsizlik faktorları ilə bağlı müzakirələr getdikcə dərinləşir.
Politoloq Natiq Miri News365.az-a açıqlamasında Türkiyədə səsləndirilən bəyanatlara və İranda davam edən etirazların arxa planına diqqət çəkib.

O bildirib ki, Mesut Yılmazın açıqlamalarında həqiqət payı kifayət qədər böyükdür və “terrorçular və təxribatçılar” ifadəsi konkret kəşfiyyat məlumatlarına əsaslanır.
Politoloqun sözlərinə görə, ABŞ-da, xüsusilə senator Lindsi Qrem kimi siyasətçilərin İrana yönəlik “kömək yoldadır” tipli açıqlamaları təsadüfi deyil. Natiq Miri vurğulayıb ki, bu “kömək” anlayışı yalnız siyasi deyil, müəyyən mərhələdə hərbi dəstək ehtimalını da istisna etmir. Lakin bu dəstəyin hansı səviyyədə olacağı hələ açıq qalır.
Ekspert qeyd edib ki, “terrorsuz Türkiyə” hədəfi kontekstində PKK-nın özünü buraxması məsələsi gündəmdə olsa da, təşkilatın İran qolu olan PJAK üzvləri aktiv olaraq qalır. Onun sözlərinə görə, PKK üzvlərinin təxminən 10–12 faizi İran mənşəlidir və bu qruplar zaman-zaman İran rejimi tərəfindən dəstəklənərək Türkiyəyə qarşı istifadə olunub.
Natiq Miri iddia edib ki, hazırda İsrail və ABŞ tərəfindən dəstəklənən bəzi silahlı qruplar İrana yönləndirilib və məscidlərin yandırılması, polis əməkdaşlarının öldürülməsi kimi zorakı əməllər məhz bu terrorçu qruplar tərəfindən törədilir. Politoloq bildirib ki, bu fikirlər havadan deyil, konkret kəşfiyyat məlumatlarına əsaslanır.
Bununla yanaşı, Natiq Miri Mesut Yılmazın açıqlamalarının zamanlamasını da sual altına alıb. O qeyd edib ki, etiraz dalğasının artıq 15-ci günündə hakimiyyətin xalqın arasına çıxaraq onları dinləməsi gecikmiş addım təsiri bağışlayır.