Bakı şəhəri və Abşeron yarımadasında su və kanalizasiya sistemləri əsasən 1980-ci illərin sonunadək formalaşdırılıb və sonrakı dövrdə əhali və yaşayış sahələrinin sürətli artımı fonunda ciddi yüklənmələrlə üzləşib. Bunu “Azərsu” ASC-nin sədri Zaur Mikayılov Prezident İlham Əliyevə məruzəsində bildirib.
Mikayılovun sözlərinə görə, son illərdə Bakı üzrə yaşayış məntəqələrinin ərazisi 2,6 dəfə, əhali sayı isə 2,1 dəfə artıb. Bu artım fonunda əsas magistral xətlərin istismar müddəti başa çatıb, mövcud nəzarət sistemləri isə müasir standartlara cavab vermir.
O qeyd edib ki, yağış suyu kollektorlarının böyük hissəsi 1990-cı illərdə kanalizasiya xətlərinə birləşdirilib ki, bu da sistemlərdə əlavə yüklənmələr yaradıb və kollektorların ötürücülük qabiliyyətini məhdudlaşdırıb.
Mikayılov bildirib ki, aparılan təhlillər zamanı Bakı şəhərində əsas kanalizasiya magistrallarının mühafizə zonalarında 1600-dən çox fərdi yaşayış evi və digər tikilinin mövcud olduğu müəyyən edilib. Onun sözlərinə görə, bu hal kanalizasiya sistemlərinin istismarını çətinləşdirir, bəzi hallarda isə köhnəlmiş xətlərin çökməsinə və əhalinin əmlakına ziyan dəyməsinə səbəb olur.
Gülnar