AZ

Ədəbiyyatımıza, elm və təhsilimizə təmannasız xidmət nümunəsi Məmməd Qocayev 85

525.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

2026-cı təqvim ili respublikamızın elmi və pedaqoji ictimaiyyəti üçün əlamətdar hadisə – görkəmli ədəbiyyatşünas-alim, pedaqoq, elmi-filoloji mətnlərin mahir tərcüməçisi, Azərbaycanda Dostoyevskişünaslıq elmi məktəbinin yaradıcısı, filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi, Bakı Slavyan Universitetinin (BSU) məsləhətçi-professoru Məmməd Qoca oğlu Qocayevin anadan olmasının 85, elmi-pedaqoji fəaliiyətinin 60 illik yubileyləri ilə başlanıb.

Professor M.Q.Qocayev 1 yanvar 1941-ci il tarixdə Gürcüstan Respublikasının Kosalar kəndində anadan olub. Səkkizillik məktəbi doğma kənddə bitirib təhsilini Marneuli Pedaqoji Məktəbində davam etdirib. 1960-cı ildə M.F.Axundov ad. ADPRƏİ-yə (indiki BSU-ya) daxil olub. 1965-ci ildə ali məktəbi fərqlənmə diplomu ilə başa vuran Məmməd müəllim institut Elmi Şurasının qərarı iləelmi-pedaqoji fəaliyyətə cəlb edilib. Fəal və məhsuldar elmi-pedaqoji fəaliyyəti ilə seçilən professor M.Q.Qocayev BSU-da fakültə dekanı, kafedra müdiri, elmi işlər üzrə prorektor vəzifələrində çalışıb. Müxtəlif illərdə “Ədəbiyyat nəzəriyyəsi və tarixi” elmi məqalələr məcmuəsinin, “Azərbaycanda rus dili və ədəbiyyatı” ictimai-siyasi və elmi-metodiki jurnalının redaktoru kimi çalışıb. Azərbaycan Respublikası Prezidenti yanında AAK-ın Filologiya elmləri və Pedaqogika üzrə Ekspert Şurasının üzvü olub. Hazırda BSU nəzdində Doktorluq dissertasiyalarının müdafiəsi üzrə Dissertasiya şurasının üzvüdür. 1975-ci ildə namizədlik, 1990-cı ildə doktorluq dissertasiyaları müdafiə edib. 1991-ci ildən professor elmi, 2016-cı ildən “Əməkdar elm xadimi” fəxri adlarını daşıyır.

Yuxarıda vərəqlənən həyat yolu, sadalanan faktlar və rəqəmlər dünya səviyyəli Azərbaycan aliminin elm və təhsilimiz üçün uzunmüddətli faydalı fəaliyyətinin qısa göstəriciləridir. Bu göstəricilərin arxasında yüz minlərlə universitet məzununun, müəllimin, alimin, yubiliyarın təmsil etdiyi ali məktəbin müvəffəqiyyətləri durur. Ən əsası isə öz fədakar və təmənnasız qayğı və münasibəti ilə gənc nəsillərin elm və təhsil yoluna işıq salan xeyirxah və müdrik bir insan obrazı dayanır. Burada Məmməd müəllimin 75 illik yubileyinə yazdığımız məqalənin başlığı – “Yaxşı ki, dünyada yaxşılar varmış / Yoxsa heç olardıq yaman əlindən” deyimi yada düşür (“Mütərcim” jurnalı, 2016, № 1.– S.7-12).

Məmməd müəllimi onun tələbəsi, yetirməsi, həmkarı olaraq təqdim edərkən böyük alim-pedaqoq, ədəbiyyatşünas, tərcüməçi, ədəbiyyat nəzəriyyəçisi və filosofun yaradıcılıq irsi, fikir, araşdırma, tədqiqat sahələrinin miqyası adamı təəccübləndirir. Bu, sadəcə onun məşğul olduğu elmi, fəlsəfi, ədəbi-tənqidi, bədii-nəzəri, elmi-pedaqoji fəaliyyətin genişliyi və çoxaspektliliyi ilə səciyyələnmir. Onun kitab və məqalələri, tədqiqat istiqamətləri ədəbiyyatşünaslığımıza qazandırdığı elmi-metodoloji təhlillərin və yanaşmaların yeniliyi və dərinliyi ilə yanaşı, həm də qloballığı ilə seçilir. Bu qloballığın və dərinliyin kökündə duran əsas cəhətlər ondadır ki, 1) Məmməd müəllim Azərbaycan, rus vədigər xarici ədəbiyyatların mahir tədqiqatçısı kimi antik dövrdən tutmuş müasir mərhələyədək dünya ədəbiyyatının inkişaf meylləri barədə nəzəriyyə, konsepsiya və təsəvvürləri ədəbiyyatşünaslığımıza, ədəbi-nəzəri, fəlsəfi, estetik görüşlərimizə tədqiqatçı ustalığı, maarifçi missisiyası və mütəfəkkir düşüncə genişliyi və dərinliyi ilə gətirə bilir; 2) yüksək erudisiya, geniş mütaliə, tədqiqatçılıq istedadı ilə dünya mədəniyyətləri və ədəbiyyatlarının inkişaf tarixi və qanunauyğunluqlarını təhlil etməyi, onlara qiymət verməyi və bunu aydın şəkildə Azərbaycan oxucusuna və tələbə auditoriyasına təqdim etməyi bacarır; 3) yüksək dəyər kəsb edən dünya ədəbiyyatı mətnlərinin və onların müəlliflərin, ədəbiyyatşünaslıq üzrə araşdırmaların, tənqiq və təhlilin, nəzəri-metodoloji, bədii-estetik görüşlərin dünya fəlsəfi fikir kontekstində təqdimatı ilə Antik, Orta əsrlər, Yeni dövr, XIX və XX əsrlər üçün səciyyəvi ədəbiyyat nümunələrinin müasir oxucu tərəfindən dərkinə açar tapır; onun təqdimatı ilə Nizami də, Şekspir də, Tolstoy və Dostoyevski də, Coys da insan düşüncəsində paralellərlə dolu bir nizam və ya həyat həqiqətlərini dərketmə modeli yaradır. Bu tədqiqatlar mövcudluğunu və onun fəlsəfəsini dərk edən insanı ali məqama ucaldır; 4) Azərbaycan ədəbiyyatşünaslığına bədii ədəbiyyatda insan konsepsiyası və poetika məsələləri ilə bağlı fərqli tədqiqat təcrübəsi gətirərək, xüsusilə Mixail Baxtinin polifonik roman nəzəriyyəsini, onun bədii yaradıcılığı ideologiya və ictimai fikirdən azad dərk və təqdimetmə mövqeyini təlqin edir.

Bu gün ədəbiyyatşünaslığımızın qarşısında duran əsas məsələlərdən biri rus ədəbiyyatı ilə qarşılıqlı əlaqələrimizin düzgün resepsiyası, mövcud ədəbi irs, arxada qalan iki əsrlik tarixi yol, mədəni dəyərlər, rus dilində yaradılan bədii ədəbiyyat, ədəbiyyatşünaslıq materialları barədə təsəvvürlərin adekvat transformasiyasına nail olmaqdır. Bu cəhətdən Məmməd müəllim ədəbi əlaqələr tariximizin xarakter və məzmununa özünəməxsus yanaşması ilə də seçilir. Dostoyevski yaradıcılığı, onun ədəbi portreti ədəbiyyatşünas Məmməd Qocayevin bütün tədqiqatlarının baş predmeti və obyektidir. Buna rəğmən, Azərbaycan tədqiqatçısı Qərb slavyanlarının türklərlə müharibəsi məsələsində müharibənin əleyhinə qalxmış Tolstoyla mübahisəyə girişən və bu müharibəni həm də rusların türklərə qarşı müharibəsi adlandıran Dostoyevskini tənqid etməkdən çəkinmir. O, haqlı olaraq qeyd edir ki, “Dahi və humanist yazıçı kimi tanınan Dostoyevski türklərdən söz düşəndə tamamilə dəyişir və öz mülahizələrində səhvlərə və haqsızlığa yol verir... yazıçı bədii həqiqətlərdən kənara çıxaraq, ona yad olan siyasi məsələlərə qarışanda, hökmən ağır səhvlərdən yaxa qurtara bilmir. Odur ki, dahi yazıçı, bədii söz ustası, publisist olaraq zəif və cılız görünür. Dostoyevskinin türklər və ümumiyyətlə, türk milləti haqqındakı ədalətsiz qənaətləri onun publisist kimi siyasi səhvlərindən xəbər verir” (F.M.Dostoyevski. Yazıçının gündəliyi. – Bakı: Qanun, 2014. – S. 8-9).

Yeni (1828-ci ildən sonrakı) və müasir milli ədəbiyyatımızın, milli təfəkkür tərzimizin formalaşma prosesinin Qərb, eləcə də rus ədəbiyyatı kontekstində dərki ədəbiyyat tariximizin ən ümdə məsələlərindən biri olmaqla postsovet dövründə ciddi aktuallıq kəsb etməyə başladı. A.A.Bakıxanovun “Gülüstani-İrəm” əsəri ilə tarix və tarixşünaslığımızın Şərq kontekstinin sərhədləri cızıldığı kimi, F.B.Köçərlinin “Azərbaycan tatarlarının ədəbiyyatı” tədqiqatı ilə də ədəbiyyat tariximizin Şərq kontekstindən Qərb maarifçilik ideya-mövzu aləminə və inkişaf modelinə giriş mərhələsi müəyyən edildi. Milli ədəbiyyatımızın Qərb və rus ədəbiyyatını qavraması və dəyərləndirməsi İ.B.Qutqaşenlinin “Rəşid bəy və Səadət xanım” sentimental povesti və M.F.Axundzadənin “Şərq poeması”ilə başladı. XIX əsrin ikinci yarısı və XX əsrin əvvəllərində rus və türk ədəbiyyatları vasitəsilə milli ədəbiyyatımıza romantizm, realizm və tənqidi realizm ideyaları gəldi, eləcə də realist dram və roman nümunələri yaradıldı. Böyük türkçü-ideoloq Əhməd bəy Ağayev tərəfindən ilk dəfə rus ədəbiyyatının dövrlər üzrə təsnifatı və inkişaf xüsusiyyətləri təqdim olundu. Sovet dövründə, xüsusilə ötən əsrin 70-80-ci illərində Azərbaycan ədəbiyyatı və ədəbiyyatşünaslığı keçmiş ittifaq və sosialist ölkələri düşərgəsində şifahi və yazılı ədəbiyyat nümunələrimizin yayılması, tanınması və tədqiq olunması cəhdlərini artırdı.Bir çox ədəbiyyatşünaslarımız (M.Rəfili, Y.Qarayev, Ə.Mirəhmədov, Arif Hacıyev, P. Xəlilov, H.Quliyev, S.Əsədullayev, A.Hüseynov, Q.Quliyev, Asif Hacıyev və b.) ədəbiyyat tarixi, yaradıcılıq metodu və digər nəzəri-estetik məsələlərlə bağlı diskussiyaların fəal iştirakçısı oldular. Ədəbi əlaqələr tariximizin dövrləşdirilməsi yalnış olaraq Şimali Azərbaycanın Rusiyaya birləşdirilməsi zamanından başlanıldı. Ş.Qurbanov, Ə.Ağayev, Ə.Şərif, M.Cəfər, H.Babayev, M.Sadıxov, Şamil Qurbanov, F.Vəlixanova, Aqil Hacıyev, Ə.Xəlilov, N.Məmmədov və onlarla digər tədqiqatçılar XIX əsrin 20-30-cu illərindən etibarən bu günədək rus ədəbiyyatının respublikamızda resepsiyası ilə bağlı sistemli tədqiqatlar apardılar. Bu tədqiqatların məntiqi axarı və davamı kimi rus ədəbiyyatının Azərbaycan, Qafqaz, türk və Şərq mövzularına marağı XXI əsrin ilk iki onilliyində Moskvada və Bakıda rus dilində nəşr olunmuş çoxsaylı antologiyalarda təcəssümünü tapdı. Görkəmli ədəbiyyatşünas, akademik Məmməd Cəfər sovetlər dönəmində  rus ədəbiyyatının qızıl dövrü hesab olunan XIX əsr ədəbiyyatının dərindən tədqiqi və tədrisi məqsədilə üçcildlik dərsliyi ortaya qoydu. Bütün bu cəhdlərə rəğmən, Avropa ədəbi fikrinin inkişaf xüsusiyyətlərini əxz edən fəlsəfi və didaktik görüşlərin, həm də bütövlükdə rus ədəbiyyatının, ədəbi tənqidinin Azərbaycanda adekvat şəkildə təqdimatı və təhlilinə ədəbiyyatşünaslığımız məhz professor Məmməd Qocayev kimi barmaqla sayıla biləcək tədqiqatçılarımızın səyləri hesabına nail ola bildi.

Yuxarıda gəldiyimiz qənaəti əsaslandırmaq üçün iki dəlil kifayət edər: birincisi, bu, M.Qocayevin kitablarının siyahısıdır: 1) “F.M.Dostoyevski yaradıcılığında xarakter problemi” (1990), 2) “Ədəbi xarakterin tarixi və nəzəriyyəsi” (1991), 3) “Nizaminin insan fəlsəfəsi” (1996); 4) BSU-da “Filoloqun kitabxanası” seriyasında onun tərcüməsi, giriş məqaləsi və qeydləri ilə çapdan çıxmış “Baxtin M.M.Dostoyevski poetikasının problemləri” (2005); 5) Ədəbiyyatşünaslığımızın və rusistikamızın çox ciddi uğuru hesab etdiyimiz “F.M.Dostoyevskinin xarakterləri və ideyaları” (2007); 6) 1973-cü ildən 2007-ci ilədək elmi məcmuələrdə və jurnallarda rus dilində nəşr edilmiş 40-dan çox məqalənin toplandığı “Ədəbiyyatda obraz və xarakterlər” (2009);  8) “Dünya ədəbiyyatı kitabxanası” seriyasında nəşr edilmiş F.M.Dostoyevskinin üçcildliyinə daxil olan “Şeytanlar” romanının dilimizə ilk tərcüməsi (2012), 9) F.M.Dostoyevskinin “Yazıçının gündəliyi” publisistik əsərinin Azərbaycan dilinə bəzi ixtisarlarla tərcüməsi və kitab şəklində nəşri (2014),10) M.Baxtinin “Fransua Rablenin yaradıcılığı, Orta əsrlər və Renessans dövrü xalq mədəniyyəti” fundamental əsərinin dilimizə tərcüməsi (2021).

İkinci dəlil M.Qocayevin yaradıcılıq, tədqiqat və elmi maraq dairəsinin genişliyi ilə bağlıdır: 1) Azərbaycanda Dostoyevskişünaslıq məktəbinin formalaşdırılması ki, bu da özünü dahi yazıçının yaradıcılıq irsinin araşdırılması ilə bağlı professor Məməd Qocayevin rəhbərliyi altında çoxlu dissertasiya işlərinin müdafiəsi və monoqrafik tədqiqatların aparılmasında, rus ədibinin “beşlik” adlandırılan məşhur romanlarının hamısının dilimizdə işıq üzü görməsi və bəzilərinin hətta ikinci dəfə tərcüməsində təsdiqlədi; 2) rus ədəbiyyatının bədii-estetik və fəlsəfi-nəzəri problemlərini Avropa ədəbiyyatları kontekstində dəyərləndirmə istiqamətində qələmə alınan məqalələr (məsələn, “Hamlet və Raskolnikov (Şekspir və Dostoyevskidə humanizim problemi”), “C.Coysun “Uliss” romanında insan”. “Yerə yıxılan şeyi bir az da kənara itələmək gərəkdi” (F.Nitşe), “Don Kixot və Don Juan”, “O.Şpenqler mədəniyyət və sivilizasiya barəsində”, “O.Şpenqler rus ədəbiyyatı barədə”, “F.M.Dostoyevski yaradıcılığında Qərb və Şərq motivləri”, “Antik faciədə katarsis probleminə dair”, “Y.Polyakov və onun “Süddə çəpiş”romanı” və s.; 3) Azərbaycan ədəbiyyatşünaslığında yaradıcılıq metodları ilə əlaqəli boşluqlara aydınlıq gətirilməsi (Nizami “Xəmsə”sinin mətni əsasında Orta əsrlər Azərbaycan ədəbiyyatında İntibah, “Koroğlu”da baroko, H.Cavid yaradıcılığında sentimentalizm, klassik və müasir ədəbiyyatımızda romantizm, realizm və tənqidi realizm).

Professor M.Qocayevin tədqiqatlarının dərinliyini və əhəmiyyətini göstərən, mövzu və problemləri müqayisəli-tipoloji tədqiqat müstəvisində təqdim edən bir-iki məqaləsinə müraciət edək. “Hamlet və Raskolnikov (Şekspir və Dostoyevskidə humanizim problemi)” məqaləsində özlərini qanlı qisasa hazırlayan, Klavdini qətlə yetirən Hamletin və Alyona İvanovnanı öldürən Radionun planlaşdırdıqları və icra etdikləri qətlləri şəxsiyyətin Allahdan qopması və tam sərbəstliyi kimi dəyərləndirən müəllif bunun Renenas dövründə humanism adlandırıldığını qeyd edir. Antroposentrizm deyilən bu yanaşmada insan şəxsiyyəti mərkəzi və başlanğıc mövqe qazansa da, şəxsiyyətin əhəmiyyətinin artması onu mənəvi deqradasiyasıya sürükləyir. Məmməd müəllimin fikrincə, “Renesasdan XIX əsrə, Şekspirdən Dostoyevskiyədək insani və İlahi başlanğıclar arasındakı mənəvi konfliktin dərinləşməsi insanın Allahdan daha çox uzaqlaşmasına səbəb olmaqla bərabər, onun İlahi varlığa ehtiyacını artırdı. Hamlet öz faciəsinin əsl mahiyyətini anlaya bilmədi, dərk etmədi ki, ona lazım olan varlıq Allahdır, o isə daha çox insana güvənir. Raskolnikovsa bunu anladı, böyük məşəqqəti üzərinə götürdü... Hamletin məhv olmasının və Raskolnikovun mənəvi əzablarının başlıca səbəbləri eynidir: “Allahdan qopma” (N.Berdyayev)”. Məqalədə Şekspirin insan konsepsiyası ilə Nitşenin insan şəxsiyyətinə münasibətini müqayisə edən müəllif hər iki mütəfəkkirin Allahı və İlahı başlanğıcı inkar etməsini vurğulayır və Şekspir qəhrəmanlarının faciəvi taleyini bununla izah edir. Dostoyevski Allahdan üz çevirmiş insanın dərin mənəvi əzablar yaşamasını təsvir edir və qurtuluşunu İlahi varlığın dərkində görür. Məmməd müəllim İntibah dövründən XIX əsrədək humanizmin dialektikası prosesini bu cür izah edir. (Bax: Qocayev M. Ədəbiyyatda obraz və xarakterlər (Bakı: Mütərcim, 2009. – S. 133-142).

Dünya ədəbiyyatının ən çox müzakirə olunan və mübahisə doğuran, eyni zamanda bədii qəhrəman, ədəbiyyatda insan probleminə tam fərqli baxış sərgiləyən əsərlərindən biri – C.Coysun “Ulis” romanı professor Məmməd Qocayevin təqdimatında Azərbaycan oxucusu üçün anlaşıqlı və dolğun şəkildə təhlil edilir. “Uliss – XX əsrin Odisseyidir. Bu qəhrəman müasir dünyanı aydın –Orta əsərlərə xas ideal və prinsiplərlərlə yüklənməmiş yaddaşdan təmizlənmiş şüurla qavramaq üçün yazıçıya lazım idi... Modernizm – təsdiqsiz tam inkarçılıqdır. Coysun Ulisinin şəxsində XX əsr insanı praqmatik ideallardan, bağlardan qopub öz evinə, öz İtakasına, özünə qayıtmaq istəyir...”

Məqalə müəllifi bədii ədəbiyyatda insanın özünüdərki prosesinin dolayısı şəkildə, yəni real və xarici mühitin və ya mənəvi, daxili aləmin təsviri yolu ilə baş verdiyini qeyd edir: “Bu xarici və daxili fon insana daim lazım olub. Çünki o bu güzgü vasitəsilə özünü görə bilib. Bu halda əsas mətləb təkcə insanın hansı təsəvvür yaratması yox, həm də o güzgünün hansı əhəmiyyət kəsb etməsi idi. Bir qayda olaraq, insan bu güzgüdə özünü təhrif olunmuş qiyafədə – həqiqi vəziyyətindən bir az yaxşı, bir az pis vəziyyətdə görürdü. Məsələn, Anna Kareninanın faciəsinə səbəb bu olmuşdu. Yalnız XX əsr insanı özünə birbaşa və doğrudan-doğruya nəzər sala bildi, heç bir fonun – dinin, cəmiyyətin, xalqın, bəşəriyyətin və s. köməyi (rəyi) olmadan özünü təhlil etdi. Onda insan anladı ki, o, təkcə vasitə deyil, həm də varlığın məğzidir” (Bax: Qocayev M. Ədəbiyyatda obraz və xarakterlər. – S. 179-192).

Müasir ədəbiyyatşünaslığımız, komparativistikamız, əlaqəli humanitar elm sahələrimiz, mədəniyyətlərarası və dillərarası təcrübələrimiz üçün professor Məmməd Qocayevin böyük professionallıqla Azərbaycan auditoriyasına təqdim etdiyi M.Baxtinin “Dostoyevski poetikasının problemləri” və “Fransua Rablenin yaradıcılığı, Orta əsrlər və Renessans dövrü xalq mədəniyyəti”, eləcə də F.M.Dostoyevskinin “Yazıçının gündəliyi” kimi əsərlərin filoloji tərcümələri, həm də bədii tərcümələri ayrıca yazının mövzusudur. Təəssüf ki, bu kiçik yazıda M.Qocayevin Azərbaycan və rus ədəbiyyatları ilə bağlı əksər yazılarını əhatə edə bilmədik. Böyük alimimizə, müəllimimizə və ustadımıza, sadə və təvazökar ziyalımıza, elm və təhsilimizə təmannasız xidməti ilə gənc və orta nəsillərə örnək olan Məmməd müəllimə cansağlığı arzulayırıq.

Telman Cəfərov (Vəlixanlı)

Bakı Slavyan Universiteti Slavyan xalqları ədəbiyyatı kafedrasının müdiri, filologiya elmləri doktoru, professor

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
30
525.az

1Mənbələr