AZ

Azərbaycanın Milli Qəhrəmanı Nizami Məmmədovun doğum günüdür

Nizami Murad oğlu Məmmədov 12 yanvar 1958-ci ildə Xankəndi şəhərində anadan olub.

QHT.az xəbər verir ki, o, Nizami Gəncəvi adına 4 saylı məktəbi bitirdikdən sonra 1975–1977-ci illərdə İrkutsk vilayətində hərbi xidmətdə olub. Hərbi xidməti başa vurduqdan sonra Bakı Xüsusi Orta Milis Məktəbində təhsil alıb və məzun olaraq Xankəndi şəhər Polis Şöbəsində növbətçi köməkçisi kimi işləməyə başlayıb. 1988-ci ildə erməni silahlılarının Xankəndi şəhərinin azərbaycanlılar yaşayan küçələrinə basqınlarının qarşısını almağa çalışan milis işçilərindən biri də Nizami Məmmədov olub. Vəziyyətin gərginləşməsindən sonra o, 1989-cu ildə Şuşa şəhərinə köçərək burada öz fəaliyyətinə davam edib. Nizami Məmmədov Malıbəyli, Daşaltı, Qaladərəsi əməliyyatlarında rəşadətlə vuruşaraq, torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə ön cərgələrdə yer alıb və 1992-ci il 29 mart tarixində düşmənin snayper atəşi nəticəsində şəhid olub.

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı Fərmanı ilə Məmmədov Nizami Murad oğlu "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülüb.

Ruhu şad olsun!

Seçilən
10
qht.az

1Mənbələr