"Rusiyanın Azərbaycana məxsus təyyarəni vurduqdan sonra baş vermiş faciəyə görə heç bir məsuliyyət daşımadan məsələni bağlamağa, hadisənin mahiyyətini ört-basdır etməyə çalışması dərin təəssüf və ciddi narahatlıq doğurur. Bu cür yanaşma nəinki iki dövlət arasında mövcud münasibətlərin ruhuna ziddir, eyni zamanda beynəlxalq hüququn fundamental prinsiplərinin kobud şəkildə pozulması deməkdir". Bu sözləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov deyib.
Onun sözlərinə görə, Rusiyanın İstintaq Komitəsi tərəfindən irəli sürülən müxtəlif bəhanələr, məsuliyyəti üzərindən atmaq cəhdləri və prosesi uzatmaq üçün atılan addımlar açıq şəkildə göstərir ki, baş vermiş böyük insan faciəsinin obyektiv və ədalətli şəkildə araşdırılmasında maraq yoxdur:
"Beynəlxalq hüququn norma və prinsipləri açıq-aydın şəkildə pozulduğu halda, bu hadisənin üzərindən xətt çəkməyə çalışmaq, günahkarların müəyyən edilərək cəzalandırılmasından yayınmaq qəbuledilməzdir. Bu, təkcə hüquqi məsuliyyətdən yayınma deyil, həm də həlak olan insanların xatirəsinə, onların ailələrinin ağrı-acısına hörmətsizlikdir. Düşünürəm ki, bu cür davranış açıq şəkildə çirkin və məsuliyyətsiz bir siyasətin təzahürüdür və Azərbaycan dövləti bununla barışmayacaq. Şübhəsiz ki, bu kimi addımlar cavabsız qalmayacaq və Azərbaycan öz milli maraqlarını, vətəndaşlarının hüquqlarını qorumaq üçün müvafiq addımlar atacaq.
Eyni zamanda onu da xüsusi vurğulamaq lazımdır ki, qəzanın üzərindən bir il və ya daha çox vaxt keçməsinə baxmayaraq, Azərbaycanın beynəlxalq instansiyalara müraciət etmək hüququ tam şəkildə qüvvədədir. Beynəlxalq hüquq belə hallarda zaman məhdudiyyətini əsas arqument kimi qəbul etmir və hesab edirəm ki, Azərbaycan bu hüququndan istifadə edəcək. Bu məsələni yarımçıq saxlamaq, nəticəsiz qoymaq və unutdurmağa çalışmaq tamamilə yolverilməzdir.
MDB Dövlət Başçılarının Tacikistanın paytaxtı Düşənbədə keçirilən toplantısında Rusiya Federasiyasının Prezidenti Vladimir Putin bildirmişdi ki, bu cür qəzalarda beynəlxalq praktikaya uyğun olaraq hansı addımlar atılırsa, Rusiya da həmin addımları atacaq və müvafiq davranış nümayiş etdirəcək. Lakin artıq xeyli vaxt keçməsinə baxmayaraq, bu vədlərin heç biri real nəticə ilə müşayiət olunmur. Nə kompensasiya ödənilib, nə günahkar şəxslər məsuliyyətə cəlb olunub, nə də istintaq prosesində hər hansı şəffaf və inandırıcı irəliləyiş müşahidə edilir. Əksinə, sanki heç nə baş verməyibmiş kimi laqeyd və etinasız davranış sərgilənir.
Bütün bunlar bir daha göstərir ki, mövcud vəziyyət nə hüquqi, nə də mənəvi baxımdan qəbulolunandır. Bu cür yanaşma beynəlxalq münasibətlər sistemində təhlükəli presedent yaradır və gələcəkdə oxşar hadisələrin baş verməsi riskini artırır. Məhz buna görə də hesab edirəm ki, Azərbaycan bundan sonra daha qətiyyətli hüquqi addımlar atacaq, beynəlxalq hüquq mexanizmlərindən istifadə edərək ədalətin bərpa olunmasına çalışacaq və bu faciənin üstündən xətt çəkilməsinə imkan verməyəcək".