"Qış hazırlıq dövründə klublar çox transfer etmirlər. Artıq demək olar ki, bəzi klublar formalaşıblar. Geridə qalan klublar güclənmək üçün variantlar axtarır".
Bu sözləri apasport.az-a açıqlamasında Azərbaycan millisinin sabiq baş məşqçisi Şahin Diniyev deyib.
Təcrübəli mütəxəssis Misli Premyer Liqasında cari mövsümün geridə qalan hissəsində komandaların həm oyun, həm də xal baxımından 4 qrupa bölündüyünü bildirib:
"Birinci və ikinci yerdə "Sabah" "Qarabağ"la birgə yarışır. Belə davam etsə, gərgin mübarizə bizləri gözləyir. Bu qrup çempionluq üçün mübarizə aparacaq. Digər qrup avrokuboklar üçün yarışacaq. Bura "Zirə", "Turan Tovuz", "Sumqayıt" daxildir. Üçüncü qrupda isə "Neftçi", "Şamaxı", "İmişli" kimi ortabab komandalardır. Onlar üçün çətin olacaq. Bəlkə aralarında "Neftçi" yığdığı heyətə, maliyyə dəyərlərinə görə nəyəsə nail ola bilər. Mənə elə gəlir ki, "İmişli" və "Şamaxı" nə yüksələ bilməyəcək, nə də Premyer Liqadan kənarda qalmayacaq. Amma futboldur, bilmək olmaz. 3 komanda isə elitada qalmaq üçün mübarizə aparacaqlar. "Qəbələ", "Karvan-Yevlax" və "Kəpəz".
Diniyev mövsümün qalan hissəsinin daha gərgin keçəcəyini vurğulayıb:
"Düşünürəm ki, ikinci yarıda bizi daha maraqlı oyunlar gözləyəcək. Həlledici mərhələ olduğuna görə, dediyimiz yerlər uğrunda gərgin mübarizə gedəcək".
Qeyd edək ki, turnir cədvəlinə əsasən “Sabah” 1-ci, “Qarabağ” 2-ci, “Zirə” 3-cü pillədə qərarlaşıb. İlk beşliyi “Turan Tovuz” (4-cü yer) və “Sumqayıt” (5-ci yer) tamamlayır. “Araz-Naxçıvan” 6-cı, “Şamaxı” 7-ci, “Neftçi” isə 8-ci sıradadır. Turnir cədvəlinin aşağı pillələrində “İmişli”, “Kəpəz”, “Qəbələ” və “Karvan-Yevlax” yer alıb.
"Karvan-Yevlax"dan yeni transfer
Günün oyunları bu kanallarda
“Zirə” Rumıniya klubu ilə üz-üzə gələcək
"Qarabağ" Özbəkistan təmsilçisi ilə qarşılaşacaq
Azərbaycanın U-21 millisinin heyətində dəyişiklik olub