AZ

Azərbaycan-Ermənistan sülh prosesində dörd böyük əngəl ....



Ermənistan-Azərbaycan sülh prosesinə təkan lazımdır. Bunu Hadson İnstitutunun aparıcı tədqiqatçısı Lük Koffi "Eurasiareview" portalında yazıb.

Müəllif xatırladır ki, Vaşinqtonda ABŞ prezidenti Donald Trampın iştirakı ilə imzalanmış razılaşmada sülh sazişinin ratifikasiya olunması və əlaqələrin normallaşdırılması öhdəliyi götürülüb və ratifikasiya prosesi 12 ayın içində gözlənilirdi. Bu vaxtın təxminən yarısı arxada qalsa da, gözəgörünən proqresin miqyası kiçikdir, əsas məsələlər həllini tapmayıb. Birinci məsələ Ermənistanın baş naziri Nikol Paşinyanın siyasi sabitliyidir. İyunda ölkədə parlament seçkiləri keçiriləcək və millətçi qüvvələr həm onun rəhbərliyinə, həm də sülh prosesinin legitimliyinə meydan oxuyurlar. İkinci məsələ Ermənistanın konstitusiyasına Azərbaycanın tələb etdiyi dəyişiklikdir. Azərbaycan sənəddə özünə qarşı ərazi iddiasının yer aldığını deyir, çıxarılmasını tələb edir.

Dərhal irəliləyiş tələb olunan üçüncü məsələ "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu"dur. Ermənistandan ərazisindən keçəcək "Tramp yolu" Azərbaycanın Naxçıvan eksklavı ilə quru əlaqəsini təmin edəcək. Dördüncü əngəl isə Ermənistanda seçkilər öncəsi Rusiya və İranın təzyiqidir. Bu iki ölkə Cənubi Qafqazı özlərinin təsir dairəsi sayır, Vaşinqtonun sülh prosesində roluna isti yanaşmır. Koffi yazır: "Bu çətinliklərə baxmayaraq, 2026-cı ildə Ermənistan və Azərbaycan arasında sülh, nəhayət, möhkəmlənə bilər. Bundan ötrü beynəlxalq ictimaiyyət prosesə davamlı cəlb olunmalı, hər iki tərəfə öhdəliklərinə əməl etmələri üçün təzyiq davam etdirilməlidir. Tramp razılaşmanın əldə olunmasında öz rolunu haqlı olaraq qeyd edir, indi isə onun simvolik qalmaması, dayanıqlı sülhə çevrilməsini təmin etmək üçün prosesi sona çatdırmalıdır".

Azərbaycan üçün sülh müqaviləsinin imzalanmasında əsas əngəl Ermənistan konstitusiyasında ölkəmizə qarşı ərazi iddiaarının mövcudluğudur. Qeyd edək ki, Ermənistanda konstitusiya 1995-ci il iyulun 5-də qəbul edilib. Ötən 30 il ərzində əsas qanunda iki dəfə - 2005-ci il noyabrın 27-də və 2015-ci il dekabrın 6-da - referendum yolu ilə dəyişikliklər edilib. İndi yeni konstitusiyadan söhbət getsə də, hələ ki, konkret addım atılmır və vaxt göstərilmir. Ölkənin ədliyyə naziri Srbui Qalyanın fikirləri də bunu deməyə əsas verir. Nazir bildirib ki, sənəd layihəsinin mətni hələ hazır deyil: "Hələlik Konstitusiya islahatları üzrə Şura prinsipial əsasları müzakirə edəcək. Bir çox istiqamətlər üzrə müəyyənlik var, başqa məsələlərlə bağlı razılıq hələ yoxdur". Bundan başqa, hazırda Ermənistanda siyasi gərginlik hökm sürür. Paşinyan həm revanşist qüvvələr, həm də kilsə ilə mübarizə aparır. Görünən budur ki, həmin qüvvələr ölkədə hakimiyyət çevrilişinə çalışır, din xadimləri birbaşa siyasi proseslərdə iştirak edərək, revanşistlərə dəstək verirlər. Kənardan da həmin qüvvələrə müəyyən dəstək var.

Ramil QULİYEV

Seçilən
32
baki-xeber.com

1Mənbələr