AZ

Tehranda gərginlik artır-sərhəd ölkələri nə gözləyir?- ÖZƏL 

İranda etirazların iki həftəsi tamam olur və aksiyalar Rza Pəhləvinin çağırışından sonra daha radikal xarakter alıb. Rəsmi məlumatlara görə, 200-dən çox təşkilatçı həbs edilib, onlardan bəzilərinin silahlı olduğu, bəzilərinin isə xarici əlaqələri olduğu bildirilir. Hələlik ordu küçələrə çıxmayıb və fövqəladə vəziyyət elan olunmayıb, amma ali dini lider mitinq çağırışı edib, prezident isə xalqa müraciət edəcək. Region üçün risklər artır və İranda daxili gərginlik qaçqın axınına səbəb olarsa, Azərbaycan öncül ölkələrdən biri ola bilər, çünki İranda 40 milyondan çox soydaşımız yaşayır.
İranda etirazların genişlənməsi və hökumətin hələ hərbi müdaxilə etməməsi region üçün hansı riskləri yaradır? İranla sərhədi olan ölkələr, xüsusilə Azərbaycan, qaçqın axınına qarşı hansı addımları nəzərdən keçirməlidir?
Mövzu ilə bağlı "Müasir İnkişaf" İctimai Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü Olaylar.az-a açıqlama verib:
" İran bizim qonşumuzdur və bizim İranla geniş sərhədimiz var. Orada baş verən istənilən hadisə, bu cür aksiyaların keçirilməsi, aksiyaların genişlənməsi, qızışması, ixtişaşlar, daha sonra üsyan və hətta inqilab ehtimalı qonşu ölkələr üçün, eləcə də Azərbaycan üçün yaxşı, xoş və müsbət nəticələr doğurmaya bilər.
O mənada ki, İran kimi bir ölkədə sabitlik pozularsa və gərgin bir mərhələ başlayarsa, həmin qeyri-sabitlikdən yaranan risklər qonşu ölkələrə də sirayət edə, onlara problemlər yarada bilər. Hazırda görünür ki, hökumət tam miqyaslı hərbi müdaxiləyə getmir. Ordu hələ tam şəkildə prosesə cəlb olunmayıb. Düzdür, polis qüvvələri, SEPAH çox aktiv şəkildə fəaliyyət göstərirlər. Cəzalandırma tədbirləri həyata keçirilir. Daha geniş müdaxiləyə gəlincə isə, görünür, hökumət hələ buna ehtiyac duymur.
Qaçqın axını məsələsinə gəldikdə isə, mən gözləmirəm ki, elə bir vəziyyət yaransın ki, İrandan çox böyük bir qaçqın axını olsun. Hətta İsrailin hərbi müdaxiləsi və ya ABŞ-ın genişmiqyaslı hərbi müdaxiləsi olsa belə, bu vəziyyətdə kütləvi qaçqın axını yaranacağını gözləmirəm. Bunun olmaması, təbii ki, yaxşıdır. Çünki əks halda bu, qonşu ölkələr üçün ciddi risklər yarada bilər. Azərbaycan üçün də müəyyən risklər mövcuddur. Düzdür, sərhədlərimiz bağlıdır - istər koronavirus səbəbindən, istər təhlükəsizlik səbəbindən, istərsə də başqa səbəblərdən. Buna görə də riskləri müəyyən qədər minimuma endirmişik. Amma hər bir halda problemlər qalır, çünki İranda sabitlik əldə olunmayıb. Gərginlik davam edir. Məsələn, bir müddət əvvəl İsrail hücum etmişdi, müharibə gedirdi. İndi isə daxildə ixtişaşlar baş verib. Yəni gərginlik yenə də davam edir. Hadisələr hansı istiqamətdə inkişaf edəcəyini gələcəkdə görəcəyik. Bugünkü vəziyyətə görə isə mən bunun çox ciddi nəticələrə gətirib çıxaracağını və böyük bir qaçqın axını yaradacağını inanmıram". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
43
olaylar.az

1Mənbələr