AZ

Norveç Ukraynaya 400 milyon dollarlıq dəstək ayırıb

Norveç Ukraynaya dəstək məqsədilə 400 milyon dollar məbləğində yeni yardım paketi ayırıb. Ayrılan vəsaitin yarısının Ukraynanın qış mövsümündəki təcili ehtiyaclarına yönəldiləcəyi bildirilib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Norveçin xarici işlər naziri Espen Bart Eide bu barədə ukraynalı həmkarı Andriy Sibiha ilə yanvarın 12-də Kiyevdə keçirilən birgə brifinqdə məlumat verib. O, Norveçin dərhal 400 milyon dollar köçürəcək yeni dəstək paketini elan etdiyini açıqlayıb.
Nazirin sözlərinə görə, bu vəsaitin 200 milyon dolları Ukraynanın təcili qış ehtiyaclarının qarşılanmasına, xüsusilə qazın alınmasına və istiliklə elektrik təminatını mümkün etmək üçün enerji obyektlərinin təmirinə yönəldiləcək. Qalan 200 milyon dollar isə Ukrayna büdcəsinin dəstəklənməsinə xərclənəcək.
Eide qeyd edib ki, bu maliyyə dəstəyi Avropa İttifaqının vəd etdiyi vəsait Ukraynaya çatana qədər “körpü” rolunu oynayacaq. Onun sözlərinə görə, bu addım həmrəyliyin və ümumi səylərin güclü simvolu olmaqla yanaşı, dərhal həyata keçirilməsi ilə də önəm daşıyır.
Məlumata görə, Norveçin ayırdığı vəsait Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) və Avropa Enerji Birliyi kimi tərəfdaşlar vasitəsilə Ukraynaya ötürüləcək. Bu mexanizm artıq digər əsas donorlarla da razılaşdırılıb.
Qeyd edək ki, daha əvvəl Norveçin Ukraynaya 3,2 milyard Norveç kronu (təxminən 270 milyon avro) məbləğində yeni hərbi yardım paketini maliyyələşdirəcəyi də açıqlanmışdı. Həmin paketə F-16 döyüş təyyarələri üçün sursat və hava hücumundan müdafiə sistemləri üçün raketlərin daxil olduğu bildirilmişdi.

Müəllif: Günel Fərzəliyeva
Seçilən
10
sia.az

1Mənbələr