AZ

Rusiya Ukrayna müharibəsi ərəfəsində miqrantların döyüş bölgəsindəki əməliyyatlara cəlb olunması hüquq pozuntusudur

ain.az bildirir, Bizimyol saytına əsaslanaraq.

Rusiyada çalışan miqrantların, o cümlədən Azərbaycan vətəndaşlarının zorla Ukrayna ilə davam edən müharibəyə göndərildiyi barədə yeni məlumatlar ortaya çıxıb. APA-nın məlumatına görə, son olaraq Azərbaycan vətəndaşı olan 20 nəfər Ukrayna ilə müharibəyə cəlb olunub. Məlumatda bildirilir ki, 3-4 il əvvəl Rusiyaya tikinti sahəsində işləmək üçün gedən azərbaycanlılardan biri son illər müharibə zonasından kənarda, Donetsk ərazisində müxtəlif obyektlərin tikintisində çalışıb.

Milli Məclisin deputatı Azər Allahverənov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, fevral ayında Rusiya-Ukrayna arasındakı müharibənin artıq dörd il tamam olur və bu dörd il ərzində zaman-zaman Rusiyanın səfərbərliklə məşğul olan dövlət qurumları və Müdafiə Nazirliyinin ayrı-ayrı struktur bölmələri tərəfindən bu və ya digər formada miqrantların döyüş bölgəsində baş verən əməliyyatlara cəlb olunması barədə informasiyalara rast gəlmişik.

Azər Allahverənov

“Müharibənin ikinci ilində bir sıra Orta və Mərkəzi Asiya respublikalarından olan miqrantlar öz ifadələrində xüsusilə bildirirdilər ki, onları məcburi şəkildə döyüş bölgəsinə aparıblar. Bu hadisədən zərər çəkənlər arasında Tacikistandan, Özbəkistandan olan miqrantlara rast gəlmək olurdu. Hətta sosial media hesabları üzərindən bu cür informasiyalar kifayət qədər geniş tirajlanırdı. Həmin məlumatlardan sonra Rusiyanın aidiyyəti strukturları bu istiqamətdə həyata keçirdiyi fəaliyyətini səngitməli oldu və bir müddət əməkçi miqrantların müharibəyə məcburi şəkildə cəlb olunması barədə informasiyaya rast gəlinmədi. Yalnız 2024-cü ilin sonları və 2025-ci ilin birinci yarısından artıq belə bir məlumatlar yenidən yayılmağa başladı. Konkret olaraq görünən o oldu ki, deməli, burada iki sxem üzrə müharibəyə cəlb etmə prosesi baş verirdi. Birincisi, şəxslə müqavilə bağlanır və o, hansısa tikinti sektorunda müxtəlif layihələrin icrasına cəlb olunur. Xüsusilə,  işğal altında olan Ukrayna ərazilərində. Eyni zamanda həmin şəxs bir müddət ora səfər edir, orada yaşayır və həmin o tikinti layihələrində bir müddət işlədikdən sonra onunla müqavilə bağlanır. Şirnikləndirirlər, daha böyük məbləğdə vəsait təklif edirlər və həmin şəxslə müqavilə bağlanır. Nəticədə həmin miqrant artıq könüllü olaraq, muzdlu döyüşçü qismində həmin hərbi əməliyyatlarda iştirak edir.

İkinci sxem ondan ibarət olur ki, şəxs könüllü razılaşmır, sonra ona forma verirlər, hansısa bir bəlli olmayan və onun üçün tanış gəlməyən bir əraziyə aparırlar. Orada düşərgədə məcburi qaydada təlim keçirlər və elə ilk döyüşdə də bu miqrantları cəbhənin ön xəttinə çıxardaraq döyüş əməliyyatlarında iştirak etməyə məcbur edirlər. Psixoloji cəhətdən yanaşma ondan ibarətdir ki, şəxs özünü müdafiə etməkdən ötrü istənilən halda həmin əməliyyatlarda iştirak edəcək. Misal üçün şəxs məcburi qaydada cəlb olundu və sonradan elə ilk döyüşdə Ukraynanın Silahlı Qüvvələrinə təslim olub. Yəni belə faktlar var və onlar da öz ifadələrində bunu xüsusilə vurğulayıblar ki, onlar məcburi qaydada bu prosesə cəlb ediliblər və bu şəkildə cəlb olunan şəxslərin sayı kifayət qədərdir”-deyə deputat qeyd edib.

Azər Allahverənov bildirib ki, müharibəyə məcburi cəlb olunan şəxslərin sırasında azərbaycanlıların olub-olmaması barədə məlumat həmin o Mərkəzi Asiya respublikalarından olan əmək miqrantları tərəfindən dilə gətirilməmişdi. Deputat vurğulayıb ki, bu yaxınlarda Rusiyanın Silahlı Qüvvələrinin tərkibində döyüşərək həlak olan etnik azərbaycanlıların sayı təqribən 1700 nəfər civarında olması ilə bağlı statistikaya rast gəlsə də, həmin şəxslərin Rusiya Federasiyasının və ya Azərbaycan Respublikasının vətəndaşları olması qeyd edilmir.

Azər Allahverənovun fikrincə, Rusiya Federasiyasının ərazisində əmək fəaliyyəti ilə məşğul olan əməkçi miqrantlar hansı ölkədən olmasına baxmayaraq, (Mərkəzi Asiya respublikaları, Cənubi Qafqaz respublikaları) döyüş əməliyyatlarına məcburi şəkildə cəlb oluna bilir və ya aldadılaraq döyüş əməliyyatlarında iştirak etmək məcburiyyətində qalırlar. Deputat hesab edir ki, belə hallarla mübarizə aparmağın bir neçə yolu var: “Birincisi, Rusiya Federasiyasına və ya istənilən ölkə ərazisində əgər münaqişə varsa, ora səfər edən miqrantlar bir qayda olaraq bilməlidirlər ki, onlar maksimum getdikləri ölkənin aidiyyəti strukturları ilə, xüsusilə də insan hüquqlarının bilavasitə təmin olunmasına cavabdeh olan qurumlarla sıx təmasda olmalıdırlar. Onlar gedəcəyi ölkənin qanunvericiliyini çox gözəl bilməlidirlər və digər tərəfdən də mümkün sığorta elementləri barədə düşünməlidirlər. Bizim diplomatik qurumlar da kifayət qədər fəal surətdə vətəndaşlarımızın hüquqları və mənafelərinin qorunması istiqamətində zəruri addımlar atır. Eynilə də diaspor fəaliyyəti ilə məşğul olan təşkilatlarımız var və onların da müəyyən təsir imkanları yetərlidir ki, ən azından vətəndaşların əmək hüquqlarının təmin olunması sahəsində öz xidmətlərini bir növ təklif etmiş olsunlar. Hüquqi məsləhətlərin verilməsi və müəyyən sənədləşmə işlərində kiminsə hüququ artıq pozulursa, bu iki struktura müraciət etməkdən çəkinməli deyil.

Post-faktum deyilən bir hal var ki, şəxs məcburi qaydada və ya aldadılaraq aparılıb, artıq hərbi əməliyyatlarda iştirak edir. Həmin şəxs artıq xüsusi qrif altında olur və hərbi əməliyyatların getdiyi zonada tamamilə başqa bir rejim mövcuddur. Həmin şəxsin oradan çıxarılması olduqca mürəkkəb bir prosesdir. Amma bir də var ki, bu yolun ən başlanğıcında artıq müəyyən ehtimallar, təhlükələr və ya şübhələr varsa, bunun qarşısını almaq mümkündür. İstənilən halda bizim vətəndaşlar hər zaman ayıq-sayıq olmalıdır”.

Azər Allahverənov hesab edir ki, təkcə Rusiya-Ukrayna müharibəsi deyil, harada hərbi münaqişələr mövcuddursa, orada hər zaman miqrantların bu və ya digər formada bu dırnaqarası xidmətlərindən istifadə etmək istəyi həmişə olub: “Bu, məcburi qaydada da ola bilər, aldadılaraq da ola bilər. Kimsə ola bilər ki, ideoloji təzyiqlər altında qala bilər. Ola bilər ki, hətta könüllü razılaşa bilərlər. Bu hallarla İraqda və digər ölkələrdə İŞİD-in tərkibində vuruşan şəxslərin qərarlarının verilməsi zamanı qarşılaşdıq. İstənilən halda bu bir məsələni də yaddan çıxartmayaq ki, şəxs bu tipli hərbi əməliyyatlarda iştirakın öz ölkəsində cinayət məsuliyyəti yaradan bir hal olduğunu bilməlidir”.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
bizimyol.info

1Mənbələr