Prezident İlham Əliyev “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi ilə bağlı yanvarın 12-də Sərəncam imzalayıb.
AZƏRTAC xəbər verir ki, sənədə görə, Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini Nazirlər Kabinetinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirəcək. Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyi Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilmə mexanizmlərinə uyğun olaraq, hər il Azərbaycan Respublikası dövlət büdcəsinin və dövlət investisiya proqramlarının tərtibi prosesində zəruri maliyyə vəsaitinin nəzərdə tutulması, eləcə də digər mənbələrdən vəsaitlərin cəlb edilməsi istiqamətində müvafiq tədbirlər görməlidirlər.
Sərəncama əsasən, Nazirlər Kabineti Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini əlaqələndirməli və icrasına nəzarət etməlidir. Eyni zamanda, Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti barədə ildə bir dəfə Azərbaycan Prezidentinə məlumat verməli və bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.
Qeyd edək ki, Dövlət Proqramı müvafiq ərazilərdə su təchizatı və tullantı suları sistemləri infrastrukturunun inkişaf etdirilməsi, intensiv yağışlar zamanı subasma risklərinin azaldılması, fasiləsiz və dayanıqlı su təminatının gücləndirilməsi məqsədilə hazırlanıb. Proqram 2026-2035-ci illəri əhatə etməklə iki mərhələdə həyata keçiriləcək. 2026-2030-cu illəri əhatə edən birinci mərhələdə su və kanalizasiya infrastrukturu yenidən qurulacaq. 2031-2035-ci illəri əhatə edən ikinci mərhələdə yeni su anbarlarının və nasos stansiyalarının tikintisi, su təchizatının fasiləsizliyinin təmin olunması və müasir xidmət modellərinin tətbiqi prioritet istiqamətlər kimi müəyyən ediləcək. Dövlət Proqramında, həmçinin Bakı şəhərinin Baş Planı ilə uzlaşdırılaraq uzunmüddətli strateji hədəflər və icra mexanizmləri müəyyən edilib.