AZ

Futbol tarixinin ən bahalı transferləri: rekordlar, tendensiyalar və bazarda dəyişən balans  

Futbolda transfer pəncərələri hər mövsüm azarkeşlərin maraqla izlədiyi əsas hadisələrdən biri olaraq qalır. İllər ərzində yüz milyonlarla avro dəyərində reallaşan transferlər futbol bazarının miqyasını və maliyyə gücünü açıq şəkildə nümayiş etdirir.

AZƏRTAC xəbər verir ki, transfer bazarında əsl dönüş nöqtəsi 2017-ci ilin yayında PSJ klubunun iki sensasion keçidi ilə yaşandı. Fransa təmsilçisi əvvəlcə Neymarı “Barselona”dan, ardınca isə Kilian Mbappeni “Monako”dan transfer etdi. Neymarın 222 milyon avroluq keçidi bu gün də futbol tarixinin ən bahalı transferi olaraq qalır. Mbappenin ümumi dəyəri isə bonuslarla birlikdə 180 milyon avroya çatdı və bu məbləğlə yeniyetmə futbolçular arasında rekorda imza atdı.

Bu addımlar transfer bazarında qiymətlərin kəskin artmasına səbəb oldu. Neymarın boşluğunu doldurmağa çalışan “Barselona” ardıcıl olaraq Usman Dembele, Felippe Koutinyo və Antuan Qrizmann üçün doqquzrəqəmli məbləğlər ödəməli oldu. Madrid “Atletiko”su gənc portuqaliyalı Joau Feliksi 126 milyon avroya, “Real Madrid” isə Eden Hazardı 100 milyon avroya heyətinə qatdı.

Pandemiya dövründə transfer bazarında müəyyən durğunluq yaşansa da, xüsusilə İngiltərə Premyer Liqası klubları qısa müddətdə əvvəlki maliyyə gücünü bərpa etdilər. Son illərdə Deklan Rays, Enso Fernandes, Cek Qriliş, Ceydon Sanço, Darvin Nunyes, Antoni, Mixail Mudrik və Moyses Kaysedo kimi futbolçular rekord məbləğlərə transfer olundular.

Avropanın nəhəng klubları da bu prosesdə geri qalmadı. “Real Madrid” Cud Bellinqem və Orelyen Çuameni, “Bavariya” isə adətən ehtiyatlı transfer siyasətindən kənara çıxaraq Harri Keyni heyətinə qatdı. 2023-cü ildən etibarən Səudiyyə Ərəbistanı transfer bazarında yeni güc kimi çıxış etməyə başladı. Səudiyyə Ərəbistanı klubları Kriştianu Ronaldu, Kərim Benzema və Neymar kimi dünya ulduzlarını Avropadan kənara çıxarmaqla futbol bazarında balansı dəyişdilər. Neymarın “Əl-Hilal”a 90 milyon avroya transferi Avropa xaricində ən bahalı keçid kimi tarixə düşdü.

Fərdi kateqoriyalar üzrə də maraqlı rekordlar qeydə alınıb. Deklan Rays 2023-cü ildə “Vest Hem”dən “Arsenal”a 116 milyon avroya transfer olunaraq futbol tarixinin ən bahalı britaniyalı oyunçusu oldu. Müdafiəçilər arasında isə Harri Maquayr “Mançester Yunayted”ə keçidi ilə zirvədədir. Qapıçılar sırasında ən bahalı transfer Kepa Arrisabalaqanın payına düşür. “Çelsi” 2018-ci ildə ispaniyalı qolkiper üçün 80 milyon avro ödəyərək tarixə düşüb.

Mütəxəssislərin fikrincə, futbol bazarında maliyyə axını və yeni sərmayəçilərin gəlişi fonunda mövcud transfer rekordlarının yaxın illərdə yenilənməsi mümkündür. Hələlik isə Neymar futbol tarixinin ən bahalı transferi olaraq zirvədə qalmaqda davam edir.

Seçilən
11
2
azerbaijan-news.az

3Mənbələr