AZ

Yağışdan sonra həyətlərdə kütləvi görünən şey - Azərbaycana milyonlar qazandıra bilər…



Akif Nəsirli: “İlbiz istehsalı regionlarda yeni iş yerlərinin açılmasına, əhalinin gəlir səviyyəsinin yüksəlməsinə şərait yaradır”

Məlum olduğu kimi, ilbiz məhsullarının Avropa İttifaqı bazarına ixracına başlanılıb. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilən nəzarət və qiymətləndirmə tədbirləri nəticəsində Salyan rayonunun Şorsulu kəndində fəaliyyət göstərən, “Azarifrog” MMC-yə məxsus ilbiz istehsalı müəssisəsi Avropa İttifaqı ölkələrinə ixrac üçün qeydiyyata alınıb.

Məlumat üçün bildirək ki, ilbizdən ən çox kosmetologiya sahəsində istifadə olunur. Belə ki, ilbiz dəridə qırışların azalması üçün istifadə edilir. İlbizin ifraz etdiyi selik dəri üçün çox faydalıdır. Onun təsiri nəticəsində dəridə bir sıra faydalı maddələr kollagen, elastin, allantoin, qlikol turşusu, proteaza, xitozan, A, C, E, B6, B12 vitaminləri sintez olunur. Onu da bildirək ki, ilbizlər yağışdan sonra daha aktiv olur, çünki nəmişlik onların hərəkət etməsi və qidalanması üçün əsas şərt sayılır.

Qeyd etdiyimiz kimi, Azərbaycan Avropaya ilbiz ixrac edəcək. Bunun ölkəmizə nə kimi iqtisadi faydası olacaq?

Liberal İqtisadçılar Birliyinin sədri Akif Nəsirli baki-xeber.com-a şərhində bildirdi ki, ilbiz məhsullarının Avropa İttifaqı bazarına ixracına başlanılması Azərbaycanın qeyri-neft sektorunun inkişafı baxımından mühüm iqtisadi əhəmiyyət daşıyır: “Bu ixrac ölkəyə əlavə valyuta axını yaradır, ixrac gəlirlərini artırır və Azərbaycanın kənd təsərrüfatı məhsullarının beynəlxalq bazarlarda tanınmasına töhfə verir. Avropa bazarı yüksək tələbləri və böyük alıcılıq qabiliyyəti ilə seçildiyi üçün bu bazara çıxış yerli istehsalçıların məhsul dəyərini və rəqabət qabiliyyətini yüksəldir. Eyni zamanda, ilbiz istehsalı regionlarda yeni iş yerlərinin açılmasına, kənd yerlərində məşğulluğun artmasına və əhalinin gəlir səviyyəsinin yüksəlməsinə şərait yaradır. Bu sahənin inkişafı fermerləri alternativ və gəlirli istehsal növlərinə yönəldir, kənd təsərrüfatında şaxələnməsini gücləndirir. Uzunmüddətli perspektivdə isə bu cür ixrac təşəbbüsləri Azərbaycanın aqrar sektorunun davamlı inkişafına və ölkə iqtisadiyyatının daha dayanıqlı olmasına müsbət təsir göstərir”.

Günel CƏLİLOVA

Seçilən
12
baki-xeber.com

1Mənbələr