Bakı şəhərində və Abşeron yarımadasında mövcud su təchizatı infrastrukturu, əsasən, köhnə və istismara yararsız vəziyyətdədir. Magistral su kəmərləri, paylayıcı şəbəkələr və su anbarları bir sıra hallarda texniki cəhətdən qüsurludur. Bu, su itkilərinin artmasına, təchizatın fasiləli olmasına və suyun keyfiyyətinin aşağı düşməsinə səbəb olur. Bundan əlavə, sənaye və iqtisadi zonalarda su təchizatının dayanıqlığı, həmçinin yeni yaşayış ərazilərinin perspektiv inkişafı üçün alternativ su mənbələrinin istifadəsi vacibdir.
AZƏRTAC xəbər verir ki, bu barədə “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı”nda qeyd olunub.
Bildirilib ki, bununla bağlı olaraq Bakı şəhərində və Abşeron yarımadasında köhnəlmiş magistral və paylayıcı su kəmərlərinin yenidən qurulması, mövcud nasaz xətlərin dəyişdirilməsi və müasir texnologiyaların tətbiqi, yeni su anbarlarının və nasos stansiyalarının qurulması, mövcud sistemlərin müasirləşdirilməsi, subartezian quyularının bərpası və yeni nasosların quraşdırılması, Samur−Abşeron kanalının xidmət sahələrində suvarma suyu təminatının yaxşılaşdırılması və Ceyranbatan su anbarının dayanıqlı su ilə təmin edilməsi tədbirləri həyata keçiriləcək.
Gözlənilən nəticə və nəticə indikatorlarına əsasən, 230 kilometr magistral və 200 kilometr paylayıcı su şəbəkəsinin yenilənməsi, su itkilərinin 20 faizdən aşağı salınması, su təchizatında fasiləsizlik səviyyəsinin 95 faizə çatdırılması və dayanıqlılığın təmin olunması, Samur−Abşeron kanalı və “Ceyranbatan” su anbarı vasitəsilə suvarma suyu və texniki su təminatının dayanıqlılığının artırılması mümkün olacaq.