AZ

Donald Tramp Kubanı hədələdi: " Gec olmamış razılaşma əldə edin!"

ABŞ Prezidenti Donald Tramp sosial media hesabı vasitəsilə Kubanı dərhal "razılaşma" etməsə, ağır nəticələrlə hədələyib və Venesuela lideri Nikolas Maduronun həbsindən sonra Kubaya həmin ölkədən pul və neft axınının dayanacağını bildirib.

"Kuba illərdir Venesueladan külli miqdarda daxil olan neft və pullar hesabına yaşayır. Bunun müqabilində Kuba son iki Venesuela diktatoruna "təhlükəsizlik xidmətləri" göstərib. Amma bu, artıq baş verməyəcək! Kubaya bundan sonra neft və ya pul getməyəcək - sıfır! Mən onlara çox gec olmamışdan əvvəl razılaşma əldə etməyi tövsiyə edirəm", " - D. Tramp sosial media hesabı TruthSocial-da yazıb.

ABŞ lideri hansı razılaşmadan danışdığını və ya Kuba üçün mümkün fəsadların nə ola biləcəyini dəqiqləşdirməyib.

Ekspertlərin fikrincə, Venesuela müttəfiqi Kubaya gündə təxminən 35.000 barel (təxminən 4800 ton) neft tədarük edir.

Məlum olduğu kimi,  yanvarın 3-də Karakasda həyata keçirilən əməliyyət zamanı Venesuela lideri Nikolas Maduro yaxalanaraq ABŞ-yə gətirilib və yanvarın 5-də Nyu York məhkəməsində narkotik qaçaqmalçılığında ittiham olunub.

D. Tramp bu əməliyyatı tvitində xatırladaraq, N. Maduronu qoruyan kubalıların əksəriyyətinin öldürüldüyünü və Venesuelanın artıq onların xidmətlərinə ehtiyacı olmadığını yazıb. Prezident bildirib ki, "Venesuelanın indi onu qorumaq üçün dünyanın ən güclü ordusu olan Amerika Birləşmiş Ştatları var".

Kubalılar uzun illər Nikolas Maduronun şəxsi təhlükəsizlik xidmətinin bir hissəsi olublar. Kuba hakimiyyəti bildirib ki, əməliyyat zamanı 32 kubalı öldürülüb.

Kuba Prezidenti Migel Dias-Kanel bildirib ki, "bu 32 cəsur kubalı döyüşçü" "imperiya formasında terrorçularla" döyüşdə həlak olub.

ABŞ prezident administrasiyası hələlik Kuba ilə bağlı hər hansı konkret plan açıqlamayıb. D. Tramp özü Kubaya müdaxiləyə ehtiyac  olmadığını bildirib, çünki oradakı hökumətin artıq "dağılmağa hazır" olduğuna inanır.

Kubalı mühacirlərin oğlu,  ABŞ dövlət katibi Marko Rubio isə bildirib ki, əgər Kuba rəhbərliyinin yerində olsaydı, Havana bir çox problemlərlə üzləşdiyindən narahatlıq hissi keçirərdi.

Kubadan gələn məlumatlara görə, ABŞ-nin Venesuelaya gedən və Venesueladan gedən tankerləri ələ keçirməsi artıq adada yanacaq və elektrik enerjisi çatışmazlığına səbəb olub.

N. Maduronun tutulmasından sonra Tramp bir sıra digər Latın Amerikası ölkələri haqqında çoxsaylı açıqlamalar verib.

Məsələn o,  Kolumbiyanın ilk solçu Prezidenti Qustavo Petroya "öz dərisinin qayğısına qalmağı" məsləhət görüb və Kolumbiyada hərbi əməliyyatla bağlı müzakirələrdə müsbət rəy verib.

Oktyabr ayında ABŞ Q. Petroya qarşı şəxsi sanksiyalar tətbiq edərək, onu öz hakimiyyəti dövründə narkotik kartellərinin çiçəklənməsinə icazə verməkdə ittiham edib.

Meksikaya gəldikdə isə, D. Tramp narkotiklərin ABŞ-yə axdığını və ABŞ-nin "bununla əlaqədar bir şey etməli olduğunu" vurğulayıb. O, həmçinin kartellərə qarşı müharibədə yerli hakimiyyət orqanlarına kömək etmək üçün Meksikaya Amerika qoşunlarının göndərilməsini təklif edib.

Lakin Meksika prezidenti Klaudiya Şeynbaum bu təklifləri qəbul etməyib.

Xatırladaq ki, Vaşinqton, 1959-cu ildə Fidel Kastro və onun partizan yoldaşları ABŞ-yə dost prezident Fulhensio Batistanı devirdikdən və sonradan SSRİ ilə sıx münasibətlər qurduqdan bəri Kuba ilə düşmən münasibətləri saxlayır.

Əvvəlki ABŞ prezidentləri, xüsusən də Barak Obama, Kuba ilə münasibətləri normallaşdırmaq üçün bəzi addımlar atsalar da, D. Tramp bu qərarların çoxunu ləğv edib.

İkinci müddətinin başlamasından sonra D.Tramp yenidən Kubanı rəsmi olaraq terrorizmi dəstəkləyən dövlət  təyin edib. Halbuki gedən prezident Co Bayden bundan bir neçə gün əvvəl bu ittihamı Kubanın üzərindən götürmüşdü.

Rizvan CƏFƏROV,

"Azərbaycan"

Seçilən
16
azerbaijan-news.az

1Mənbələr