AZ

Azad olunmuş ərazilərimiz Azərbaycan işığı ilə NURA BOYANIR

Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun işğaldan azad etdiyi Qarabağ və Şərqi Zəngəzurda bütün həyat təminatlı sahələrdə, o cümlədən elektrik təsərrüfatının yenidən qurulması və təmir-bərpası sahəsində genişmiqyaslı işlər görülür. 30 ildən artıq müddət ərzində ermənilərin viran qoyduğu, dağıtdığı enerji infrastruktrunu Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq “Azərişıq” ASC yenidən qurur. Son illər ərzində “Azərişıq” ASC işğaldan azad olunan Qarabağ və Şərqi Zəngəzurda yenidənqurma işləri həyata keçirib, bu proses hazırda da davam edir. Ərazilərdə doğma sakinlərinə qovuşan rayon və kəndlərin məhv edilmiş elektrik təsərrüfatı yenilənir, yeni güc mərkəzləri yaradılır, müasir dayaqlar əkilir, elektrik xətləri çəkilir. Energetiklərin əzmi və qüruru indi birə-beş artıb. Qarabağ artıq Azərbaycan işığı ilə nura boyanır.

“Azərişıq” ASC-dən verilən məlumata görə, Cəbrayıl şəhəri işğaldan azad edilən andan “Azərişıq” əməkdaşları şəhər mərkəzini elektrik enerjisi ilə təmin edib. 2020-ci ilin 28 oktyabrından Cəbrayılda Azərbaycan işığı yanır, görülən işlər bu gün də davam edir. Cəbrayılda yerləşən bütün hərbi hissələr və xüsusi dövlət əhəmiyyətli obyektlər dayanıqlı elektik enerjisi ilə təchiz olunub. Tarixi-memarlıq abidələrimizdən olan Xudafərin körpüsü yaxınlığındakı Xudafərin kəndi istiqamətində bu günlərdə yeni bir xətt də istismara verilib.

Xocavənd rayonunun Hadrut qəsəbəsində də Cəbrayıl şəhəri ilə eyni gündə -  28 oktaybr 2020-ci ildən Azərbaycan işığı yanır. İndi Hadrtuda bütün strateji obyektlər elektrik enerjisi ilə təchiz edilib. Füzuli rayonundakı 110/35/10 kV-luq  “Şükürbəyli” yarımstansiyasından “Hadrut” yarımstansiyasına qədər uzunluğu 27 kilometr olan 35 kV-luq  ikidövrəli hava xətti çəkilib. 9 oktyabr 2021-ci ildə Prezident İlham Əliyev tərəfindən yeni “Hadrut” qovşaq yarımstansiyasının təməli qoyulub. “Şükürbəyli”, “Hadrut” və “Şuşa” yarımstansiyaları arasında yaradılmış 35 kV-luq  dairəvi elektrik təchizat sxeminə daxil olan yeni “Hadrut” qovşaq yarımstansiyası Hadrut qəsəbəsində qurulacaq müxtəlif təyinatlı infrastrukturun elektrik enerjisinə olan tələbatını qarşılayacaq. “Hadrut” yarımstansiyasının əvəzində inşa edilən müasir tipli bu yeni yarımstansiya Xocavənd rayonunun bir hissəsinin, Şuşa və ətraf ərazilərin elektrik təchizatının etibarlığını və dayanıqlığını təmin edir. Zərurət yaranarsa Hadrut qovşaq yarımstansiyası vasitəsilə Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarını da elektrik enerjisi ilə təchiz etmək mümkündür.

Çətin relyefə, qarlı və şaxtalı hava şəraitinə baxmayaraq 2020-ci il yanvarın 7-də cəmi 37 gün ərzində Şuşa şəhərində Azərbaycan işığını yandırmaq mümkün oldu. Görülən işlərlə Şuşa şəhərində 18 ədəd TM və KTM əsaslı bərpa olunub, 5 ədəd transformator yenisi ilə əvəzlənib. 10 və  0,4 kV-luq  hava xətləri təmir edildi. 8 ədəd yeni müasir 35/0,4 kV-luq rəqəmsal yarımstansiyaların tikintisi başa çatıb və ilk dəfə Şuşada özünüdaşıyan izoliyasiyalı naqildən istifadə edilməklə elektrik xətləri çəkilib. Görülən işlərdən sonra isə Şuşada radial sistemlə işləyən 48 TM-i müasir sxemə əsaslanan 35/0,4 kV-luq rəqəmsal yarımstansiyalar əvəz edir.

Xatırlatmaq yerinə düşər ki, 2022-ci il mayın 10-da Şuşa şəhərində “Azərişıq” ASC-nin Şuşa Rəqəmsal İdarəetmə Mərkəzinin və 2023-cü il mayın 9-da Şuşa Elektrik Şəbəkələrinin İnnovativ Texnologiyalar Mərkəzinin açılışında Prezident İlham Əliyev iştirak edib. Digər yarımstasiyaların, ümumilikdə Şuşanın elektrik şəbəkəsinin innovativ yeniliklərə uyğun şəkildə qurulması işi davam etdirilir.

“Azərişıq” ASC Kəlbəcər rayonunda da işləri tam sürətlə davam etdirir. Kəlbəcər şəhəri 18 iyul 2021-ci ildən elektrik enerjisi ilə təmin olunub. Rayon ərazisində hərbi hissələr və xüsusi dövlət əhəmiyyətli obyektlər elektrik enerjisi ilə təchiz edilib. Bu istiqamətdə gemişmiqyaslı işlər bu gün də davam etdirilir.

“Gəncə-2” yarımstansiyasından Daşkəsənə 110 kV-luq  elektrik xətti Kəlbəcərin dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təminatında müstəsna rol oynayır. Kəlbəcərdə 2 istiqamət üzrə 110 kV-luq  hava xətləri bərpa edilib, 1 istiqamətdə 110 kV-luq , 4 müxtəlif əraziyə isə 35 kV-luq  elektrik xətləri çəkilib. Ümumilikdə rayon ərazisində 15 ədəd müxtəlif güclərdə komplekt transformator məntəqəsi quraşdırılıb. Sovet dövründə elektrik enerjisinin olmadığı ucqar ərazilərdə də belə müasir elektrik şəbəkələri qurulur. Kəlbəcər rayonunun Alagöllər, Zallar, Yanşaq, Keşdək, Zod, Zar, Qamışlı  və Çaykənd əraziləri istiqamətində ilk dəfə “Azərişıq” ASC tərəfindən 35 kV-luq  hava kabel xətləri çəkilməklə elektrik enerjisi ilə təmin edilir. Rayon ərazisində 2022-cil il 26 iyun tarixində cənab Prezident İlham Əliyev tərəfidən təməli qoyulmuş 35/0,4 kV-luq  “"Kəlbəcər" yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin tikintisi başa çatıb. İstisu ərazisində inşa edilmiş 110/35 kV-luq  "İstisu" yarımstansiyasının 02.09.2024-cü il tarixində ölkə Prezidenti tərəfindən açılışı olub.

Rayonda 6 müxtəlif istiqamətdə 35 kV-luq  müasir izoliyasiyalı kabel xətlərinin çəkilməsi nəzərdə tutulub. Həmçinin Kəlbəcərlə Laçın rayonlarının elektrik şəbəkələrini biləşdirən dairəvi elektrik təchizat sxeminin yaradılması planlaşdırılır.

Laçın rayonunda da işlər geniş həcmdə və yüksək keyfiyyətlə davam edir. Güləbird yarımstansiyasından mənbə kimi istifadə etməklə Güləbird-Minkənd kəndi istiqamətində 35 kV-luq  yeni xətt çəkilib. 35 kV-luq  bu xətt üçün müasir, innovativ izoliyasiyalı naqildən istifadə edilib. Laçın yolu istiqamətində 10 km uzunluğunda 35 kV-luq  kabel xətti çəkilib. 17 km-lik 35 kV-luq  “Bozlu-Pircahan” hava xəttinin tikintisi yekunlaşıb. Güləbird ərazisindən Laçın yolu istiqamətində mövcud hava xətti isə bərpa edilib. Minkənd kəndi istiqamətində 29 km-lik 35 kV-luq  hava xətti çəkilib və kənd ərazisində 35/0,4 kV-luq  yarımstansiya inşa edilib. Görülən işlər nəticəsində rayonun Güləbird, Kürdhacı, Qaragöl, Zabux və Sus yaşayış məntəqələri keyfiyyətli və dayanıqlı enektrik enerjisi ilə təmin edilib. Hazırda Şəlvə, Ərikli və Qorçu istiqamətində 35 kV-luq  elektrik verilişi xətlərinin inşası davam etdirilir.

Laçın şəhərinin mərkəzi də elektrik enerjisi ilə təmin edilib. Həmçinin Laçın və Kəlbəcər rayonlarının elektrik şəbəkələrini biləşdirən dairəvi elektrik təchizat sxeminin yaradılması planlaşdırılıb.

Xatırladaq ki, Prezident İlham Əliyevin iştirakı ilə ötən ilin mayın 27-də Laçın Elektrik Şəbəkəsi Rəqəmsal İdarəetmə Mərkəzinin açılışı olub. Mərkəzdən şəhərin ərazisində yerləşən istehlakçıların - yeni salınan yaşayış komplekslərinin, tikintisi aparılan sənaye və sosial təyinatlı infrastrukturun, kənd təsərrüfatı və turizm obyektlərinin, xüsusən əhalinin elektrik enerji təchizatının fasiləsizliyinin və dayanaqlığının təmin olunması nəzərdə tutulur. Mərkəz elektrik şəbəkəsinin vəziyyəti haqqında bütün məlumatları toplayan və emal edən, eləcə də avadanlığın rəqəmsal formatda idarə olunmasını təşkil edən nəzarət, mühafizə və idarəetmə sistemlərinin innovativ həll layihəsidir. Burada hər birinin gücü 1600 kVA olan iki ədəd güc transformatoru, müasir avadanlıqlarla təchiz olunmuş 35 kV-luq  və 0,4 kV-luq  qapalı paylayıcı qurğular quraşdırılıb. Mərkəzin elektrik təchizatı üçün “Laçın” yarımstansiyasından 4,8 km uzunluğunda ikidövrəli elektrik verilişi xətləri çəkilib. Burada quraşdırılan müasir avadanlıq bütün texnoloji ölçmələrin yüksək dəqiqliyini və vahidliyini təmin edir ki, bu isə öz növbəsində şəbəkənin etibarlı istismarını dəstəkləməklə yanaşı, elektrik enerjisinin ötürülməsi zamanı itkilərin və ümumi istismar xərclərinin azaldılmasına şərait yaradır.

Xocalıda Prezident İlham Əliyevin iştirakı ilə 2024-cü ilin mayın 9-da “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin “Xocalı” yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin açılışı olub. 3200 KVA gücündə “Xocalı” yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzi Xocalı rayonu ərazisində inşa edilmiş yeni yaşayış komplekslərinin, kənd təsərrüfatı və turizm obyektlərinin, eləcə də sosial-iqtisadi təyinatlı müxtəlif infrastrukturun dayanıqlı, etibarlı və fasiləsiz elektrik enerjisi təminatını həyata keçirmək məqsədi daşıyır.

Yarımstansiyanın elektrik təchizatı üçün “Xankəndi-1” və “Əsgəran” yarımstansiyalarından müvafiq olaraq elektrik verilişi xətləri çəkilib. Tikintisi aparılan 35 kV-luq  elektrik verilişi xətti vasitəsilə bu yarımstansiya “Ağdam-2” yarımstansiyası ilə əlaqələndiriləcək ki, bununla da Ağdam-Əsgəran-Xocalı-Xankəndi şəhərləri arasında dairəvi elektrik təchizatı sxemi yaradılacaq.

Bu Mərkəz şəbəkənin etibarlı istismarını dəstəkləməklə yanaşı, elektrik enerjisinin ötürülməsi zamanı itkilərin və ümumi istismar xərclərinin azaldılmasına da şərait yaradır. Yarımstansiyadan qidalanan istehlakçılara elektrik enerjisi verilişində yaranan fasilələr barədə Mərkəz vasitəsilə real vaxt rejimində əvvəlcədən məlumat ötürülmə imkanı yaradılıb. Bərpaolunan enerji mənbələrinin elektrik şəbəkələrinə inteqrasiyası prosesi Rəqəmsal İdarəetmə Mərkəzi tərəfindən mərkəzləşdirilmiş şəkildə idarə olunduğundan enerji təchizatında fasilələrin yaranma riski minimuma endirilib.

Rəqəmsal İdarəetmə Mərkəzində 52 kVt gücündə günəş panelləri də quraşdırılıb və istehsal olunan enerjinin şəbəkəyə ötürülməsi təmin edilib, ərazisində elektromobillər üçün sürətli enerjidoldurma cihazları quraşdırılıb.

Əlavə olaraq bildirək ki, rayonun Malıbəyli, Sığnaq və Əsgəran yaşayış məntəqələrinin hər birində 35/0,4 kV-luq  yarımstansiyalar inşa edilib.

Hazırda rayonun Badara, Daşbulaq, Təzəbinə, Seyidbəyli və Xanyurdu yaşayış məntəqələri istiqamətində 35 kV-luq  elektrik verilişi xətlərinin inşası davam etdirilir.

Zəngilan azad olunduğu zaman rayondan qalan yalnız erməni vəhşiliyinin izləri idi. Bütün infrastrukturun məhv edildiyi Zəngilan rayonuna “Azərişıq” ASC yeni nəfəs verib. Vətən müharibəsindən cəmi bir neçə ay sonra bu rayonunun da işığı yanıb. 2 mart 2021-ci il tarixində Zəngilan şəhəri elektrik enerjisi ilə təmin olunub. Hərbi hissələr, dövlət əhəmiyyətli obyektlər elektrik enerjisi ilə təchiz edilib. Bu gün doğma sakinlərinin yaşadığı Ağalı kəndində həyata keçirilən "ağıllı kənd" layihəsi çərçivəsində kəndin elektrik enerjisi ilə təminatı üçün 35 kV-luq  müasir hava veriliş xətti çəkilib. Həyata keçirilən digər böyük layihə isə Zəngilanda Beynəlxalq Hava Limanının elektrik enerjisi ilə təchiz edilib. Hava limanına ikidövrəli, 35 kV-luq , tam izoliyasiyalı elektrik xətti ilə təchiz olunub.

04.10.2024-cü il tarixində ölkə Prezidenti tərəfindən 35/0,4 kV-luq  “Zəngilan” yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin açılışı olub, Rayon ərazisində ümumilikdə 60 km-dən çox 35 kV-luq  elektrik verilişi xətləri çəkilib. Görülən işlər nəticəsində rayonun Ağalı, Cahangirbəyli, Məmmədbəyli yaşayış məntəqələri keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin edilib.

Bu gün Qubadlının gündüzləri kimi gecələri də işıqlıdır. “Azərişıq” ASC Qubadlını elektrik enerjisi ilə təmin edib. Hər çətinliyə sinə gərən, dayanmaq, yorulmaq bilməyən energetiklərin zəhməti nəticəsində 2021-ci il martın 2-dən etibarən Qubadlıda öz işığımız yanır. Laçın rayonunda yerləşən “Güləbird” 110/35/10 kV-luq  yarımstansiyadan 45 km uzunluğunda 10 kV-luq  hava xətti çəkildi və bərpa olundu. Rayonun Həkəri, Muradxanlı, Balasoltanlı, Padar, İşıqlı, Qaraimanlı, Xanlıq, Xəndək, Muğanlı, Zilanlı kəndləri elektrik enerjisi ilə təmin edilib. 110/35/10 kV-luq  “Qubadlı” yarımstansiyasından qidalanan 7,5 km-lik 10 kV-luq  hava xətti vasitəsilə Qubadlı şəhəri, Hacılı və Mahmudlu kəndləri, digər 10 kV-luq  xətt vasitəsilə isə Qəziyan, Hal, Məmər, Ulaşlı, Xocahan kəndləri elektrik enerjisi ilə təchiz olunub. Ümumilikdə isə 100 km-ə yaxın elektrik xətti bərpa edilib və ya yenidən çəkilib. 30  ədəd transformator məntəqləri quraşdırılıb.

Qubadlı şəhəri ərazisində 19.10.2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən təməli qoyulan 35/0,4 kV-luq "Qubadlı" yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin tikintisi yekunlaşıb. Hazırda rayonun Xanlıq, Davudlu, Mahruzlu (Alaqurşaq və Muğanlı) və Zilanlı (Kürdmahruzlu və Seləli) yaşayış məntəqələri yeni çəkilmiş 35 kV-luq elektrik verilişi xətləri vasitəsilə keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin edilir.

Suqovuşan qəsəbəsinə də elektrik xətləri çəkilib. Baxmayaraq ki, ərazidə mina təhlükəsi hələ də var, amma bu “Azərişıq” ASC-nin işçilərini qorxutmayıb. Suqovuşana 35 kV-luq  elektrik veriliş xətti 110/35/6 kV-luq  Tərtər yarımstansiyasından çəkilib. İşğaldan azad olunan digər ərazilərdə olduğu kimi, Suqovuşanda da Rəqəmsal yarımstansiya və İdarəetmə Mərkəzi  tikilir. 35 kV-luq  xətt izolyasiyalı kabellə çəkilib. Bu xətt həmçinin Tərtərin Talış kəndini və ətraf əraziləri də elektrik enerjisi ilə qidalandırır. Belə xətlərdə itkilər minumuma enir, əlverişsiz hava şəraitinə daha dözümlüdür, buzlaşmaya qarşı daha dayanıqlıdır, həmçinin belə xətlərin keçdiyi ərazilərdə mühafizə zolağı daha az olur, xətlərə texniki xidmət xərci minumuma enir. Suqovuşan qəsəbəsinin daxili şəbəkəsində isə 0,4 kv hava xətləri bərpa edilib, yeni ÖİN çəkilib.

Füzuli rayonunun işğaldan azad edilən ərazilərində ilk məqsəd hərbi hissələrin və xüsusi dövlət əhəmiyyətli obyektləri elektrik enerjisi ilə təmin edilməsi idi.  Bu istiqamətdə 110/35/10 kV-luq  “Füzuli” yarımstansiyasından 22 km uzunluğunda Yuxarı Veysəlli kənd ərazisində  “N” saylı  hərbi hissəyə yeni 35/0,4 kV-luq   kabel xətti çəkilib. 110 kV-luq “Füzuli” yarımstansiyasından 10 kV-luq  şəhər  hava xətti çəkilib və xəttin üzərində TM-lər quraşdırılaraq xüsusi dövlət əhəmiyyətli obyektlərə enerji verilib. 110/35/10 kV-luq  “Füzuli” yarımstansiyadan Beton zavod tikintisi şirkətinə 5,7 km uzunluğunda yeni 10 kV-luq  xətt çəkilib və həmin xəttin üzərində 6 ədəd TM quraşdırılıb. 110/35/10 kV-luq  “Füzuli” yarımstansiyadan Beynəlxalq  Hava Limanına 6.5 km uzunluğunda yeni  10 kV-luq  xətt çəkilib və xəttin üzərində müxtəlif güclərdə TM-lər quraşdırılıb. Füzuli şəhərində inşa edilmiş 35/0.4 kV-luq "Füzuli" yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin 05.05.2023-cü il tarixində ölkə Prezidentinin iştirakı ilə istifadəyə verilib. Rəqəmsal yarımstansiya və İdarəetmə Mərkəzi bütün ölçülərin yüksək dəqiqliyini, vahidliyini təmin edir, avtomatlaşdırma insan amilinin şəbəkənin işinə təsirini azaltmağa, etibarlılığını artırmağa və elektrik enerjisinin ötürülməsi zamanı itkiləri azaltmağa imkan verir.

Rayon ərazisində 60 km-dən çox 35 kV-luq elektrik verilişi xətləri çəkilib. Görülmüş işlər nəticəsində rayonun Dövlətyarlı, Pirəhmədli (Mandıllı və Musabəyli kəndləri ilə birlikdə), Dədəli, Qoşəhmədli, Qarğabazar, Cuvarlı yaşayış məntəqələri 35 kV-luq EVX-lər vasitəsilə keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin edilir.

Ağdam işğaldan azad edilmiş ərazilər içərisində minaların  ən çox basdırılıdığı rayon idi. İşlərin görüləcəyi ərazilər minalardan təmizləndikdən sonra  13 km uzunluqda 110 kV-luq  iki dövrəli Təzəkənd hava elektrik veriliş xətti bərpa edilərək istismara verilib. Rayonun Mərzili kəndinin ərazisində yerləşən Sülhməramlarının Monitorinq Mərkəzinin elektrik təchizatı üçün 110/35/10 kV-luq  “Ergi” yarımstansiyasından çıxan 35 kV-luq  “Ergi-1” hava xəttinin 6,5 km hissəsi əsaslı təmir olunub. Mərkəzə 6,7 km uzunluğunda 10 kV-luq  iki dövrəli hava xətti çəkilib. KTM və generatorlar quraşıdırılıb. Mərkəzin daxili elektrik təchizatı şəbəkəsi qurulub. 35/10 kV-luq  Qaradağlı yarımstansiyadan Ağdam  şəhərinə  15 km uzunluğunda 10 kV-luq  xətt çəkilib. Xüsusi dövlət əhəmiyyətli obyektlərin elektrik enerjsi ilə təminatı üçün müxtəlif güclərdə transfarmatorlar quraşdırılıb. 10 kV-luq  Ağdam hava xəttindən budaqlanma götürərək Qızıllı–Kəngərli  kəndində yerləşən hərbi  hissəyə  16 km uzunluğunda  10 kV-luq   hava xətti çəkilib və həmin xəttin üzərində  iki ədəd TM quraşdırılaraq  hərbi hissəyə elektrik enerjisi verilib. Bundan başqa, Şahbulaq, Cinli, Əliağalı, Qaralar, Kürdlər, Qalayçılar, Paprəvənd və Boyəhmədli  kəndlərində yerləşən  hərbi  hissələr istiqamətində 10 kV-luq  elektrik verilişi xətləri çəkilib.

Ağdam rayonunun keyfiyyətli və dayanıqlı elektrik təminatı məqsədilə 02.05.2023-cü il tarixində ölkə Prezidenti tərəfindən təməli qoyulan Ağdam Rəqəmsal İdarəetmə mərkəzi və Təlim tədris kompleksi inşa edilib və 18.02.2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən açılışı olub. Ağdamın Baş planına uyğun olaraq şəhər ərazisində iki ədəd 35/0,4 kV-luq 4x2500 kVA gücündə “Ağdam-1” və “Ağdam-2” Rəqəmsal yarımstansiyalar inşa edilib. Əlavə olaraq 35/0,4 kV-luq hərbirinin gücü 4x2500 kVA olan iki ədəd Transformator məntəqələri inşa edilib. Hazırda Ağdam şəhərin ərazisində 110/35/10 kV-luq “təzəkənd” yarımstansiyasının yenidənqurma işləri aparılmaqdadır.

Ağdam rayonu üzrə ümumilikdə 70 km-dən çox məsafədə 35 kV-luq elektrik verilişi xətləri çəkilib. Görülmüş işlər nəticəsində rayonun Güllücə, Nəmirli, Tağıbəyli, Qərvənd, Xıdırlı (Çullu kəndi ilə birlikdə), Sarıcalı, Kəngərli, Salahlı Kəngərli və Eyvazxanbəyli (Şişpapaqlar, Kosalar kəndləri ilə birlikdə)yaşayış məntəqələri 35 kV-luq elektrik verilişi xətləri vasitəsilə keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin edilir.

“Azərişıq” işğaldan azad olunmuş ərazilərdə yenidənqurma işləri ilə paralel müasir texnologiyaların, innovativ yenliklərin tətbiqini də həyata keçirir. Bunlardan biri 3D mobil xəritə” sistemidir. “3D mobil xəritə” sistemi Azərbaycanın kommunal strukturlarında ilk dəfə olaraq “Azərişıq” ASC-də tətbiq edildi. Bu texnologiyanın tətbiqi Prezident İlham Əliyevin qarşıya məqsəd kimi qoyduğu  “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyalarına uyğundur. “3D mobil xəritə” sistemi ilə aparılmış çəkilişlər xüsusi  proqram təminatına yerləşdirildiyindən daha mobil olmaqla, istənilən yerdən əlçatanlığı tam təmin edir, istənilən ərazinin bütün detalları haqqında ətraflı məlumatlar əldə etmək mümkün olur.

İşğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzurda yaşıl enerji ilə dəstəklənən enerjidoldurma məntəqələri (EDM) quraşdırılaraq dayanıqlı elektrik enerjisi ilə təmin edilib. İşğaldan azad olunmuş ərazilərdə 7 ədəd EDM quraşdırılıb.

Orxan Vahidoğlu, “İki sahil”

Seçilən
55
ikisahil.az

1Mənbələr