"ABŞ Prezidenti Donald Tramp birinci prezidentliyi dövründə də hesab edirdi ki, bir sıra beynəlxalq təşkilatlar və beynəlxalq qurumlar səmərəli deyil, düzgün işləmir, Amerikanın milli maraqlarına xidmət etmir, öz maraqlarına uyğun fəaliyyət göstərirlər və sair".
Bu fikirləri Redaktor.az-a ABŞ-nin 66 beynəlxalq təşkilatdan çıxmasından danışan politoloq Əli Mustafa bildirdi.
Onun sözlərinə görə, Trampın belə bir fərman imzalaması, əslində, beynəlxalq sistemin dağıdılması kimi qəbul edilə bilər:
"Tramp həm də bu qurumları daha çox qlobalistlərin təsiri və nəzarəti altında olan qurumlar kimi dəyərləndirirdi və hesab edirdi ki, bu qurumlar vasitəsilə qlobal güclər dövlətlərə təsir edir, onların işlərinə müdaxilə edirlər. Biz xatırlayırıq ki, onun Paris razılaşması ilə bağlı və Beynəlxalq Səhiyyə Təşkilatı ilə bağlı narazılıqları birinci prezidentliyi dövründə var idi. İndi də geri qayıtdıqdan sonra yenidən öz mövqeyində qalıb. Hətta NATO-nun və BMT-nin maliyyələşməsi ilə bağlı da bir neçə dəfə etirazlarını bildirib, giley-güzar edib. Yəni mövcud olan beynəlxalq sistemi demontaj etmək niyyətini ortaya qoyur. Yəni bu təşkilatların böyük bir hissəsi məhz Amerikadan maliyyələşirdi, ABŞ-nin maliyyə dəstəyi ilə ayaqda dururdu. İndi Amerikanın bu təşkilatlardan imtina etməsi, onların maliyyələşməsindən geri çəkilməsi həm o təşkilatların nüfuzuna zərbə vurur, həm də onların maddi vəziyyətinin çətinləşməsinə gətirib çıxaracaq".
Politoloq vurğuladı ki, mövcud beynəlxalq sistemin aradan çıxarıldığını demək olar:
"Yəni Trampın bu fəaliyyətinin əsas məqsədi budur. Bu, artıq dünyanın yenidən formalaşdırılması, yenidən bölüşdürülməsi prosesinə daxil olduğumuzu göstərir. O baxımdan da İkinci Dünya müharibəsindən sonra mövcud olan beynəlxalq sistemə artıq əhəmiyyət verilmir və hesab olunur ki, bu qurumlara lüzum yoxdur, onlar öz təyinatları üzrə fəaliyyət göstərmir və səmərəli işləmirlər. Ona görə də Tramp bu təşkilatlardan Amerikanın çıxdığını bildirir, onları maliyyələşdirməkdən imtina edir. Bu isə o deməkdir ki, tədricən bu təşkilatlar digər dövlətlər tərəfindən də rədd olunacaq və nəticədə bu sistem çökəcək. Təbii ki, hansısa bir dövrdən sonra, yəqin ki, yeni beynəlxalq sistemin yaradılması, yeni təşkilatların formalaşdırılması məsələsinə baxılacaq. Hələlik isə köhnələrin əhəmiyyətsizləşdirilməsi mərhələsindəyik".
Nuriyyə NATİQQIZI