Bakı, 12 yanvar, Səbinə Əlizadə, AZƏRTAC
Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibə xarici auditoriyada Azərbaycanın aktiv, balanslı və strateji mövqedə dayanan regional oyunçu təsvirini formalaşdırır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Elnur Ənvəroğlu deyib.
Onun sözlərinə görə, müsahibədə səsləndirilən əsas məqamlar diqqətlə təhlil edildikdə Azərbaycanın regional və beynəlxalq proseslərdə tutduğu mövqe aydın görünür: “Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq məsələsindən danışılarkən hərbi əməkdaşlıq anlayışı yeni bir “bloklaşma” kimi deyil, artıq mövcud olan iqtisadi və nəqliyyat əməkdaşlığının təhlükəsizlik müstəvisində məntiqi şəkildə tamamlanması kimi təqdim olunur”.
E.Ənvəroğlu qeyd edib ki, bu yanaşma Azərbaycanın təhlükəsizlik məsələlərində konstruktiv və çoxtərəfli mövqe nümayiş etdirdiyini göstərir. Bu, xarici tərəfdaşlar üçün Bakının regionda hərbi balansı pozmayan, amma koordinasiyalı və etibarlı tərəfdaş olduğunu bir daha sübut edir.
Politoloq vurğulayıb ki, müsahibədə Zəngəzur dəhlizinin regional inteqrasiya layihəsi kimi təqdim olunması Azərbaycanın qlobal ticarət və nəqliyyat şəbəkələrində strateji rolunu ön plana çıxarır. Bu yanaşma həm regional iqtisadi əməkdaşlıq üçün yeni imkanlar açır, həm də Azərbaycanı Avropa ilə Asiya arasında formalaşan nəqliyyat trayektoriyalarında mühüm oyunçu kimi möhkəmləndirir.
“Dövlət başçısının Azərbaycan-ABŞ münasibətlərinə dair səsləndirdiyi fikirlər də xarici auditoriya üçün əhəmiyyətli mesajlar ehtiva edir. Bu mesajlar Azərbaycanın balanslaşdırılmış diplomatiya yürüdən, həm Qərb, həm də regional tərəfdaşlarla konstruktiv əlaqələr qurmağa hazır olan dövlət imicini gücləndirir”, -deyə E.Ənvəroğlu qeyd edib.
Politoloq əlavə edib ki, bu yanaşma Azərbaycanın geosiyasi manevr imkanlarını genişləndirir və ölkəyə həm regional əməkdaşlıq platformalarında söz sahibi olmaq, həm də qlobal enerji, nəqliyyat və təhlükəsizlik layihələrində strateji tərəfdaşlarla balanslı münasibətlər qurmaq imkanı yaradır.
Elnur Ənvəroğlu sonda qeyd edib ki, Prezident İlham Əliyevin müsahibəsi postmüharibə dövründə Azərbaycanın regional liderlik, təhlükəsizlik koordinasiyası və qlobal iqtisadi inteqrasiya istiqamətlərində strateji rolunu bir daha vurğulayır.