Dövlət qurumlarında artan zərərlər, məsuliyyətsiz idarəetmə və bunun yükünün yenidən vətəndaşın üzərinə qoyulması cəmiyyətdə ciddi narazılıq doğurur. Xüsusilə ictimai nəqliyyat kimi sosial əhəmiyyətli sahələrdə qəbul edilən qərarlar aztəminatlı təbəqənin maraqlarını sual altına alır.

Asif İbrahimov
KONKRET.az xəbər verir ki, iqtisadçı Asif İbrahimov sosial şəbəkədə dövlət idarəçiliyi, məmur məsuliyyəti və ictimai nəqliyyat sahəsindəki zərərlərlə bağlı tənqidi paylaşım edib.
O, universitetdə oxuduğu dövrdə bir müəlliminin “Prezident tərəfindən təyin olunan məmuru tənqid etmək olmaz” fikrini xatırladaraq, bu yanaşma ilə nə o vaxt, nə də indi razılaşmadığını bildirib. Asif İbrahimovun sözlərinə görə, hər hansı məmurun uğursuzluğu ölkə başçısının deyil, birbaşa həmin şəxsin məsuliyyətidir. İqtisadçı qeyd edib ki, həmin müəllim hazırda Azərbaycanın əhalisi az olan kiçik rayonlarından birinin deputatıdır.
Paylaşımda bəzi məmurların idarəetmə bacarığının zəif olduğu vurğulanıb. Asif İbrahimov bəzi şəxslərə ən sadə tapşırığın belə etibar edilməyəcəyini, lakin onların ölkənin strateji sahələrinə rəhbərlik etdiyini bildirib. Onun fikrincə, bu “smart məmurlar” əvvəlki “feodal məmurları” belə kölgədə qoyur.
İqtisadçı Bakı Metropoliteninin 2025-ci il üzrə 139 milyon manat zərər açıqlamasına və yığılmış zərərin 3 milyard manata çatmasına da diqqət çəkib. O, ADY, AZAL və ASCO kimi qurumların rəsmi rəqəmləri tam açıqlamasa da, vəziyyətin oxşar olduğunu qeyd edib. Asif İbrahimovun sözlərinə görə, əsas paradoks ondan ibarətdir ki, əgər bu qurumlar zərərlə işləyirsə, məntiqlə onların rəhbərliyi də bunun məsuliyyətini daşımalı və nəticələrə görə cavab verməlidir.
Bakı Metropoliteninin “tariflərin məsafəyə görə müəyyən olunacağı” ilə bağlı açıqlamasına toxunan iqtisadçı bildirib ki, illərlə yığılan zərərin və səmərəsiz idarəetmənin yükü yenidən xalqın və dövlət büdcəsinin üzərinə qoyulur. O, xüsusilə vurğulayıb ki, Bakı şəhərində aztəminatlı əhalinin böyük hissəsi Avtovağzal, Həzi Aslanov və 20 Yanvar istiqamətlərində yaşayır və metrodan əsas istifadə edənlər tələbələr, pensiyaçılar və aztəminatlı ailələrdir. Bu baxımdan, tarif artımı və məsafəyə görə ödəniş ən həssas sosial təbəqəyə ciddi təsir göstərəcək.
Asif İbrahimov qeyd edib ki, dövlət bu qurumları illərlə dotasiya və subsidiyalarla “pis öyrədib” və nəticədə rəhbərlikdə “zərər et, necə olsa büdcə bağlayacaq” düşüncəsi formalaşıb. Onun sözlərinə görə, normal ölkələrdə, o cümlədən Sinqapurda xroniki zərər edən dövlət qurumlarına subsidiya dayandırılır və ya islahatlar aparılır, rəhbərlik dəyişdirilir, yaxud struktur tam yenidən qurulur.
İqtisadçı uzun illərdir bütün dövlət qurumlarında KPİ (Key Performance Indicators – əsas fəaliyyət göstəriciləri) sisteminin tətbiqini təklif etdiyini də vurğulayıb. O, bildirib ki, ölçülə bilən göstəricilərə əsaslanan real mükafat və real cəza mexanizmi yaradılmalıdır. Asif İbrahimov rus atalar sözünü xatırladaraq qeyd edib: “Управляемо то, что измеряемо”, yəni “ölçə bilmədiyini idarə edə bilməzsən”.
Aynurə İsmayıl,
KONKRET.az