AZ

Seraya Şapşal irsi və Güney Azərbaycan folkloru tədqiq olunub

Bakı, 12 yanvar, AZƏRTAC

AMEA Folklor İnstitutunun Elmi şurasının qərarı ilə filologiya üzrə fəlsəfə doktoru, dosent Afaq Xürrəmqızının “Seraya Şapşal və Güney Azərbaycan folkloru” adlı elmi kitabı nəşr olunub. Kitab Güney Azərbaycan folklorunun Avropa elmi mühitində təqdimat tarixini araşdıran mühüm tədqiqat kimi diqqət çəkir.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, kitab karaim türkü, tanınmış türkoloq, şərqşünas və ictimai-siyasi xadim Seraya Şapşalın 1935-ci ildə Krakovda nəşr olunan “İran Azərbaycanı türklərinin xalq ədəbiyyatından nümunələr” adlı əsərinə həsr edilib. Həmin kitab Güney Azərbaycan xalq ədəbiyyatına dair ilk sistemli folklor antologiyalarından biri hesab olunur və Avropa türkologiyasında Azərbaycan folkloruna dair nadir mənbələr sırasında xüsusi yer tutur.

Seraya Şapşalın topladığı və nəşr etdiyi materiallarda bayatılar, atalar sözləri, nağıllar, lirik nümunələr və digər folklor janrları yer alır. Afaq Xürrəmqızının tədqiqatında bu mənbənin elmi dəyəri, toplanma prinsipləri, dil və üslub xüsusiyyətləri, eləcə də Güney Azərbaycan folklorunun Avropada öyrənilməsi kontekstində rolu geniş şəkildə təhlil olunur. Kitabın yenidən elmi dövriyyəyə daxil edilməsi müasir folklorşünaslıq və dilçilik, xüsusilə dialektologiya üçün mühüm əhəmiyyət daşıyır.

Afaq Xürrəmqızının araşdırmasında əvvəlcə Seraya Şapşalın əsərinin strukturuna diqqət yetirilir. Kitabın ilk hissəsi müəllifin polyak dilində yazdığı “Giriş”lə başlayır. Daha sonra Şapşal əsərini iki əsas hissəyə ayırır: “Epik” və “Lirik mətnlər”. Bu bölünmə Güney Azərbaycan folklorunun müxtəlif janrlarını sistemli şəkildə təqdim etməyi əks etdirir. Ardınca “Tərcümələr”, “Lüğət”, “Lüğətə əlavələr” və “Yazı nümunələri” təqdim edilir.

Daha sonra kitabın əhəmiyyətini vurğulayan müəllif əsərin bir neçə mühüm aspektdən dəyərli olduğunu bildirir. Birincisi, kitabın sahə araşdırmasının nəticəsi olmasıdır. Yəni Seraya Şapşal bu əsəri Güney Azərbaycan folklorunun müxtəlif nümunələrini toplayaraq hazırlayıb. İkincisi, bu folklor nümunələrinin yüksək səviyyədə polyak dilinə tərcümə edilməsi və həmin dilə uyğunlaşdırılmasıdır. Tərcümənin keyfiyyəti və orijinal mətnlə uyğunluğu, kitabın elmi dəyərini artıran əsas amillərdəndir. Növbəti mühüm aspekt isə kitabdakı mətnlərin dialekt xüsusiyyətlərinin qorunması ilə bağlıdır.

Afaq Xürrəmqızı, həmçinin Seraya Şapşalın milli kimliyi və ictimai-siyasi mövqeyini araşdırır. Müəllif Şapşalın öz dövründəki ictimai-siyasi vəziyyətə necə yanaşdığını, Azərbaycan xalqının mədəniyyətinə olan münasibətini və bu münasibətin əsərdə necə öz əksini tapdığını təhlil edir. Şapşalın özünəməxsus yanaşması və mədəni irsə verdiyi dəyər əsərin yalnız folklorşünaslıq baxımından deyil, həm də ictimai-siyasi aspektdən önəmli olduğunu göstərir.

Araşdırmanın sonunda müəllif əsərin Azərbaycan oxucusuna təqdimatını və Şapşalın kitaba yazdığı “Giriş”in elmi nəzəri əhəmiyyətini diqqətə çatdırır. Burada əsərin ümumi elmi konteksti və Şapşalın Azərbaycan folkloruna dair nəzəri mülahizələri oxuculara çatdırılır. Bu nəzəri mülahizələr Azərbaycan folklorunun tədqiqi üçün yeni yanaşmaların ortaya çıxmasına şərait yaradır və kitabın elmi təhlilini zənginləşdirir. Beləliklə, müəllifin təqdim etdiyi təhlil, Şapşalın əsərinin həm mədəni, həm də elmi əhəmiyyətini geniş şəkildə açır, bu əsərin Azərbaycan folklorunun Avropa elmi mühitində təmsil edilməsindəki rolunu vurğulayır.

Nəşrdə Afaq Xürrəmqızının analitik məqaləsi ilə yanaşı, Seraya Şapşalın kitabından seçilmiş mətnlər təqdim olunur. Buraya nağıllar, təmsillər, atalar sözləri, tapmacalar, bayatılar, Kərəmi nümunələri, şeirlər, dübbələr, eləcə də Azərbaycan türklərində işlənən titullar və yazı nümunələri daxildir. Bu materiallar həm elmi araşdırmalar, həm də müqayisəli folklor və dil tədqiqatları üçün zəngin mənbə rolunu oynayır.

“Seraya Şapşal və Güney Azərbaycan folkloru” kitabı folklorşünaslar, dialektoloqlar, filoloqlar və ümumilikdə Azərbaycan xalq mədəniyyətinin tarixini elmi aspektdən öyrənən mütəxəssislər üçün nəzərdə tutulub və Güney Azərbaycan folklor irsinin beynəlxalq elmi kontekstdə dəyərləndirilməsi baxımından mühüm töhfədir.

Kitabın elmi redaktoru filologiya elmləri doktoru, professor Gülər Abdullabəyova, rəyçiləri isə filologiya üzrə fəlsəfə doktoru, dosent Rza Xəlilov və filologiya elmləri doktoru, dosent Şakir Albalıyevdir.

Seçilən
73
2
azertag.az

3Mənbələr