AZ

Premyer Liqada çalışan yerli məşqçilərin fədakarlığına ehtiyac var - YENİ TƏKLİF

Yerli futbolçuların qazancı zaman-zaman müzakirələrə səbəb olur.

Ki, dəyərlərindən çox qazanırlar.

Əslində qiymətlər heç də dodaq uçuran həddə deyil.

Bu gün ölkə futbolunda yüksək maaş alan 15 yerli oyunçu ancaq olar.

Daha çoxu isə 5-10 min manat arasında oynayır.

Bir peşəkar oyunçu üçün bundan da aşağı məbləğ?

Futbol çoxlarına asan oyun kimi gələ bilər.

Amma peşəkar oyunçu üçün bu oyun bizim həftədə 1 dəfə keçirdiyimiz əyləncə xarakterli matç deyil.

Peşəkar dediyin normal yatmalı, qidalanmalıdır ki, ağır məşqlərin öhdəsindən gələcək gücü olsun.

1000 manat verəcəyin oyunçudan bunları gözləyə bilməzsən.

Bu məbləğə meydana çıxmağa razılaşan oyunçu matçdan sonra başqa iş axtarmağa yollanacaq.

Bir də 15-20 azərbaycanlının az maaş alması bizim hansı yaramızı sağaldacaq axı?

Təəssüf ki, bu cür söhbətlərin ayaq açmasında bəzi yerli məşqçilərin də böyük günahı var.

Pərdə arxasında yerli oyunçuları günah keçisi kimi təqdim edirlər.

Sanki onların inkişafını ləngidən daha çox qazanc əldə etmələridir.

Ona qalsa, bizim ən böyük problemimiz uşaq futbolunda yaxşı məşqçilərin olmamasıdır.

Əgər fədakar axtarışına çıxmışıqsa, təklif edirəm ki, Premyer Liqada çalışan/çalışmış çox yaxşı məşqçilərimiz var.

Elitada aldıqları yüksək maaşdan imtina edib, üz tutsunlar akademiyalara. 800-1000 manat qarşılığında ölkə futboluna təməldə xidmət etsinlər.

Yaxşı azərbaycanlı oyunçular yetişdirsinlər.

Həm də əyani olaraq göstərsinlər ki, yüksək maaşı atıb, kiçik məbləğ qarşılığında futbolumuza xidmət edirik.

Onda yerli oyunçuların da təfəkkürü dəyişər.

Heç maaş barədə düşünməzlər.

Yox, klub prezidentləri yüksək əməkhaqqı almaq barədə düşünürsə, məşqçilər ancaq Premyer Liqada çalışmaqla yüksək qazanc əldə etməyi prioritet seçirsə, futbolçuları qınamağa dəyməz.

Vallah-billah dəyməz. Kənardan da çox eybəcər görünür/görünürsünüz!

XANOĞLAN İMANOV

Seçilən
12
sportinfo.az

1Mənbələr