AZ

İlahiyyatçı yas və toy mərasimlərini eyniləşdirdi - etiraz edənlər var....



Tural İrfan: “Din xadimlərinin çoxu israfçı toy və yasların ləğvi ilə bağlı maarifləndirmə etmirlər, çünki…”

Toy və yas mərasimlərində müşahidə olunan israfçılıq ictimai narahatlıq doğurur. Bununla bağlı müxtəlif təkliflər, fikirlər səslənir. Bu günlərdə ilahiyyatçı Ağa Hacıbəyli NOCOMMENT.az-a açıqlamasında deyib ki, israf problemi təkcə yas mərasimləri ilə məhdudlaşmır:

“Toy məclislərində baş verən israf çox zaman yas mərasimlərində ediləndən qat-qat artıq olur. Əgər məqsəd doğrudan da israfın qarşısını almaqdırsa, bu məsələyə kompleks yanaşmaq və bütün mərasimləri əhatə edən islahatlara ehtiyac var. Din xadimlərinin də bu mövzuda düzgün mövqe ortaya qoymasının vacibliyi vurğulanır. Bildirilir ki, Peyğəmbərimizin (s.ə.s) dövründə yas mərasimləri sadə formada, üç gün ərzində keçirilir, əsas diqqət isə yas sahibinə dəstək olmağa yönəlirdi. Zamanla formalaşan bəzi adətlərin bu mahiyyəti dəyişdirdiyi qeyd olunur. Ümid edirik ki, aparılan təbliğat və maarifləndirmə nəticəsində cəmiyyət bu dəyərləri yenidən mənimsəyəcək və yas mərasimləri öz mahiyyətinə uyğun şəkildə keçirilməyə başlayacaq”.

İlahiyyatçının dediyindən belə aydın olur ki, məsələyə kompleks yanaşmaq, yas və toy mərasimlərində israfçılığın qarşısını alan qanunlar lazımdır. Ancaq toy və yas mərasimlərindən ayrıca nizam vermək mümkün deyil. Digər tərəfdən bu düzgün də deyil. Çünki toy toydu, yas yasdı. Məlumdur ki, toya insanlar öncə hazırlanır, yas qəfil gəlir. Belə olan halda onları eyniləşdirmək olmaz.

Maraqlıdır, toy ziyafətlərindən ayrıca yas mərasimlərini yığcam və sadə formaya salmaq mümkündür?

Ilahiyyatçı Tural İrfan baki-xeber.com-a açıqlamasında bildirdi ki, təmtəraqlı yas və toy məclislərinin ləğv edilməsi barədə uzun illərdir təbliğat aparılır: “Maarifləndirmə və təbliğat nəticəsində artıq bir neçə rayonda dəbdəbəli yaslar və israfçı süfrələr yığışdırılıb. Bu ənənə davam edir, tədricən də olsa təmtəraqlı yaslar sadə üsula keçid etməkdədir. Bu məsələ ilə bağlı qanun qəbul edilməsini uyğun hesab etmirəm. Bu bir yanlış adətdir, adətin ləğvi üçün isə qanuna lüzum yoxdur. İsraf israfdır, fərq etməz istər toy, istər yas olsun. İstər qəfil olsun, istər olmasın. Toylarla bağlı təmtərağı əsasən şadlıq evlərinin sahibləri öz maraqları üçün yaradır. Bahalı menyuları onlar tərtib və təşkil edir. Əhali isə məcbur onların təqdim etdiyi siyahıdan seçməli olur. Qanunla qadağalar insanları daha da o qadağaları pozmağa meylli edə bilər. Çünki insan psixologiyası buna meyllidir. Sadəcə din xadimləri doğru təbliğat aparmalıdır. Amma təəssüf ki, öz qarınları üçün din xadimlərinin çoxu israfçı toy və yasların ləğvi ilə bağlı maarifləndirmə etmirlər. Məclislərin sadə formaya salınması üçün dövlətin kifayət qədər maddi dəstək verdiyi, yardım ayırdığı din xadimləri müftəxorluq etməməli, öz işlərini görməlidirlər. Bu məsuliyyəti onlar daşıyır. Əgər bütün belə məsələlərlə bağlı qanun qəbul ediləcəkdisə bəs din xadimləri nəyə lazımdır? Havayı yeyib minbərlərdən İran nağılları danışmaq üçün? Təbii ki, belə olmamalıdır. Özü də əhalinin israfçılığını təkcə toy və yasa aid etmək də yanlışdır. Son zamanlar israf demək olar ki, bütün sahələrdə var. Zibil qablarına hər gün tonlarla çörək, şirniyyat atılır. İşbazlar meyvəni çürüdüb zibilliyə atırlar. Ona görə də ölkədən bərəkət çəkilir. Bu şeylərin günah olduğunu, israfçılığın Quranda haram satıldığını ilahiyyatçılar, din xadimləri anlatmayıb, fizika müəllimləri anlatmayacaq ki? Hesab edirəm ki, din xadimlərinin təbliğatı sıfırdır. Ancaq pul alıb, gedib oturublar məscidlərdə, hələ bəzən də dəbdəbəli məclislərdə başda əyləşib boşqabı qabaqlarına çəkirlər. Belə olduğu halda öncə din xadimlərinin dəbdəbəli məclislərdə iştirakını qadağan edən müvafiq qərar verilməlidir. O zaman görəcəyik ki, israfçı məclislər necə yığışdırılır”.

Günel CƏLİLOVA

Seçilən
34
baki-xeber.com

1Mənbələr