AZ

Masazırda gecəyarısı dostların mənasız zarafatı cinayətlə nəticələndi TƏFƏRRÜAT

ain.az bildirir, Demokrat.az portalına istinadən.

Abşeron rayonunda iki dost arasında yaranan mübahisə cinayətlə nəticələnib. Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Masazır qəsəbəsi “Qurtuluş 93” yaşayış kompleksi ərazisində baş verib. Quba rayon sakini, 1998-ci il təvəllüdlü Rahib dostu Rüfətlə (adlar şərtidir – red.) mənasız zarafatlar etməsi səbəbindən aralarında  mübahisə yaranıb. Söz mübahisəsi zamanı şəxsi münasibətlər zəminində Rüfəti qəsdən iki dəfə yumruqla çənə nahiyəsindən vurub, ona müxtəlif dərəcəli xəsarətlər yetirib. Hadisəni törədən Rahibin barəsində Cinayət Məcəlləsinin 127.2.3-cü (ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyətli ilə qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Rahib ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Rüfət onun dostudur, iki ildir ki onunla yaxın dostluq münasibətləri var: “Hadisə günü, gecə saat 1 radələrində dostum Rüfətə zəng vuraraq onu həyətə çağırdım. Həyətə düşdükdə bildirdi ki, saat gec olduğu üçün evə gedə bilmir. Atası evdədir. Əgər bu saatda evə getsə atası oyanacaq və evə gəc gəldiyi üçün onu danlayacaq. Rüfət məndən xahiş etdi ki, gecəni səhərə qədər onunla bir evdə qalım, səhər atası işə getdikdən sonra öz evlərinə getsin. Bu zaman Rüfətə bildirdin ki, 1-2 saat evimdə qonaq edə bilər, lakin səhərə qədər onu evdə qonaq edə bilmərəm. Rüfətlə yaxın dostluq münasibətim olduğu üçün onu evimdə qonaq etmək istəməməyim onun xətrinə dəydi. Bu səbəbdən mənimlə mübahisə etməyə başladı. Həmin vaxt Rüfət spirtli içkinin təsiri altında olub”. Təqsirləndirilən şəxsin sözlərinə görə, bu zaman Rüfəti evində qonaq etmək istəməməyi onun xətrinə dəyib: “Bu səbəbdən də münaqişə etməyə başladıq. Rüfət üstümə gələrək məni itələməyə başladı. Bu zaman onun sinəsindən yumruqla vurmaq istədim. Amma yumruq vuran zaman onun sinəsindən deyil, çənə nahiyyəsindən dəydi. Rüfət zərbənin təsirindən çənəsini tutdu. Mən də zərbənin sərt alındığını gördüm və onun yanına getdim. Onun ağzının qanadığını gördüm. Bundan sonra Rüfəti yaşadığım evə apardım, ağzını su ilə yudum”. Rahib bildirib ki, aralarında baş vermiş dava-dalaşdan sonra təxminən səhər saat 7 radələrinə qədər Rüfət onun evində olub: “Mən elə düşündüm ki, Rüfətin dişi sınıb. Həmin gün səhər saat 7 radələrində Rüfət bizim evindən çıxaraq öz evlərinə getdi. Bundan sonra da Rüfətin telefonuna zəng çatmadığı üçün ondan xəbərim olmadı”.İş üzrə zərərçəkmiş Rüfətin sözlərinə görə, gecə təxminən saat 03:30-da Bakı şəhərində yaşayan dayısıgildən yaşadığı Masazır qəsəbəsinə qayıdan zaman onun mobil telefonuna Rahibdən mesaj gəlib: “Rahibə zəng vuraraq mesajı soruşdum. O, mesajın səhvən gəldiyini bildirdi. Mən həmin vaxtı spirtli içki qəbul etmişdim. Spirtli içki qəbul etdiyim üçün Rahiblə görüşərək bir az həyətdə oturub, söhbət etmək istədiyimi bildirdim. Həm də spirtli içki qəbul etdiyim halda evdə atam ilə üz-üzə gəlmək istəmədiyimi, atam işə getdikdən sonra evə getmək istədiyimi bildirdim. Bakı şəhərindən birbaşa Rahibin yaşadığı binanın qarşısına gəldim. Həmin vaxtı Rahiblə bir az söhbət etdik, təmiz havada gəzdik”.Zərərçəkmiş qeyd edib ki, daha sonra Rahibə onun yaşadığı evə getmək istədiyini bildirib: “Səhər atam işə gedənə qədər orada qalmaq, ondan sonra səhər üzü öz evimizə getmək istədiyimi söylədim. Rahib də mənimlə razılaşdı. Birlikdə Rahibin evinə doğru gedən zaman mənimlə mənasız zarafatlar etməyə başladı. Bu zaman Rahibə mənimlə mənasız zarafatlar etdiyi üçün iradımı bildirdim. Lakin Rahib buna məhəl qoymadı. Bundan sonra növbəti dəfə Rahib mənimlə mənasız yersiz zarafat etdi. Mən də onu söydüm. Sonra Rahib üstümə gəldi və mənimlə münaqişə etməyə başladıq. Rahibin sinəsindən itələdim. O, isə üz nahiyyəmdən yumruqla vurdu. Bundan sonra Seymur nə isə küt bir əşya ilə çənə nahiyyəmə ikinci dəfə vurdu. Zərbənin təsirindən yerə yıxıldım və huşumu itirdim. Özümə gəldiyim zaman Rahib məni sakitləşdirdi ki, narahat olma, heç bir şey olmayıb, ağzım qanayıb. O, məni öz evlərinə apardı, ağzımı su ilə yudu. Həmin vaxtı nə Rahib, nədəki özüm çənəmin sınmasından xəbərimiz olmayıb. Bundan sonra öz evimə getdim. Evdə olan zaman çənəmin sındığını gördüm və həkimə müraciət etdim”. Bu cinayət işinə Abşeron Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Rahib 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası alıb. Təqsirləndirilən şəxsə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün gecə saat 00:00-dan növbəti gün səhər saat 07:00-dək tərk etməsi, həmçinin Bakı şəhəri və Abşeron rayon ərazisi hüdudlarını tərk etməsi qadağan olunub. Bundan əlavə bu müddət ərzində onun elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək,  məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılıb. Fariz Məlikli

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
10
demokrat.az

1Mənbələr