AZ

Qlobal bazarlarda həssas tarazlıq: əmək bazarı, inflyasiya və qızılın yeni norması - ŞƏRH

Yeni ilin ilk tam iş həftəsi qlobal maliyyə bazarlarında məlumat axınının intensivliyi və risk həssaslığının yüksəlməsi ilə seçildi. ABŞ-da əmək bazarı üzrə açıqlanan NFP göstəriciləri, Avrozonada və Almaniyada inflyasiya rəqəmləri, eyni zamanda davam edən geosiyasi gərginliklər investor qərarlarını formalaşdıran əsas amillərə çevrildi. Nəticədə dünya birjalarında volatillik artdı, ABŞ dolları və qızıl isə bazar iştirakçılarının əsas diqqət mərkəzində qaldı.

Dekabr ayı üzrə NFP hesabatı ABŞ iqtisadiyyatında əmək bazarının hələ də dayanıqlı olduğunu göstərsə də, artım tempinin əvvəlki aylarla müqayisədə zəifləməsi mühüm siqnal kimi qiymətləndirildi. Orta saatlıq əməkhaqqında artımın yavaşlaması inflyasiya təzyiqlərinin pik mərhələsini geridə qoyduğu ehtimalını gücləndirdi. Qlobal təcrübə göstərir ki, əməkhaqqı dinamikası inflyasiya gözləntilərinin əsas aparıcı indikatorlarından biridir və bu göstəricinin zəifləməsi Federal Ehtiyat Sisteminin monetar manevr imkanlarını genişləndirir. Bu fonda bazarlarda 2026-cı ilin ilk yarısında faiz endirimi ehtimalları yenidən qiymətləndirildi, ABŞ istiqraz bazarında gəlirlilik dalğalı hərəkət etdi, səhmlər isə sektorlar üzrə fərqli reaksiya verdi.

Avrozonada və xüsusilə Almaniyada açıqlanan CPI məlumatları isə fərqli mənzərə ortaya qoydu. Enerji və xidmət sektorunda qiymət təzyiqlərinin davam etməsi inflyasiyanın tam nəzarət altına alınmadığını göstərdi. Almaniya Avrozonanın sənaye lokomotivi kimi çıxış etdiyindən burada inflyasiyanın yüksək qalması Avropa Mərkəzi Bankının siyasətində ehtiyatlı mövqenin qorunacağına dair gözləntiləri gücləndirdi. Tarixi statistikalar göstərir ki, ECB inflyasiya riskləri tam səngimədən faiz endirimlərinə tələsmir və bu yanaşma avronun dollar qarşısında davamlı möhkəmlənməsini məhdudlaşdıran əsas faktorlardan biridir. Həftə ərzində Avropa fond bazarlarında müşahidə olunan ehtiyatlı ticarət də məhz bu qeyri-müəyyənliyin nəticəsi idi.

Geosiyasi gündəm isə maliyyə bazarları üçün əlavə risk təbəqəsi yaratdı. ABŞ və Çin arasında texnologiya və ticarət məsələləri üzrə davam edən gərginlik, Yaxın Şərqdə sabitliyin tam bərpa olunmaması və Şərqi Avropa ətrafında təhlükəsizlik riskləri qlobal risk algısını yüksək səviyyədə saxladı. Bu cür mühitdə investor davranışının dəyişməsi klassik tendensiya kimi yenidən özünü göstərdi və riskli aktivlərdə mövqelər azaldılaraq daha müdafiə xarakterli alətlərə üstünlük verildi.

ABŞ dolları həftə ərzində ikili xarakter nümayiş etdirdi. Bir tərəfdən NFP hesabatının əmək bazarında kəskin zəifləmə siqnalı verməməsi dollar üçün qısamüddətli dəstək rolunu oynadı. Digər tərəfdən isə inflyasiya təzyiqlərinin azalması və FED-in mümkün yumşalma dövrünə yaxınlaşması dolların orta müddətli perspektivini məhdudlaşdırdı. Geosiyasi gərginliklərin artdığı sessiyalarda dollar yenə də təhlükəsiz liman funksiyasını qorusa da, ümumi mənzərədə davamlı yüksəliş trendi formalaşmadı.

Qızıl bazarında baş verənlər isə qlobal maliyyə sistemində eyni vaxtda bir neçə fundamental faktorun üst-üstə düşdüyünü aydın şəkildə ortaya qoydu. ABŞ-da əməkhaqqı artımının zəifləməsi və faiz endirimi gözləntiləri faiz gəliri olmayan qızıl üçün əlverişli mühit yaratdı. Avrozonada inflyasiyanın yüksək qalması qızılı inflyasiyadan qorunma aləti kimi yenidən ön plana çıxardı. ABŞ dollarının nisbi zəifləməsi isə qızılın beynəlxalq investorlar üçün daha cəlbedici olmasına şərait yaratdı.

Seçilən
23
aznews.az

1Mənbələr