
Yaponiyada müxtəlif əlifbalardakı hərfləri və rəqəmləri tanımaq kimi idrak bacarıqları ilə elmi tədqiqatlara mövzu olan Ai adlı şimpanzenin 49 yaşında həyatını itirdiyi bildirilib.
Kyodo agentliyinin xəbərinə görə, Kioto Universitetinin İnsan Davranışının Təkamül Mənşəyi Mərkəzi məsələ ilə bağlı açıqlama yayıb.
Açıqlamada 1976-cı ildə Qərbi Afrikada doğulan və 1977-ci ildə Yaponiyanın Aiçi prefekturasında yerləşən mərkəzə gətirilən Ai-nin qocalığa bağlı çoxsaylı orqan çatışmazlığı səbəbindən 49 yaşında öldüyü qeyd olunub.
18 aylıq olarkən kompüterlər də daxil olmaqla müxtəlif materiallar vasitəsilə dil öyrənməyə başlayan dişi şimpanze Ai yaşıl rəngi gördükdən sonra çoxsaylı işarələr arasından yaşıl mənasını verən kanji simvolunu seçə bilməsi kimi yüksək səviyyəli oxu-yazı bacarıqları nümayiş etdirib.
1989-cu ildə qəfəsinin asma qıfılını açardan istifadə edərək aça bildiyi müəyyən edilən Ai şimpanze zehniyyətlə bağlı aparılan çoxsaylı elmi araşdırmalara töhfə verib.
“Dahi şimpanze” kimi tanınan Ai-nin 2000-ci ildə dünyaya gətirdiyi Ayumu adlı erkək şimpanzenin nümayiş etdirdiyi bacarıqların da valideynlə övlad arasında bilik ötürülməsi mövzusunda aparılan tədqiqatlarda diqqət çəkdiyi bildirilib.