AZ

Yuxu rejimi yeniyetmələrin PSİXİ SAĞLAMLIĞINA NECƏ TƏSİR EDİR? - ARAŞDIRMA

Amerikalı alimlər son 10 ildə yeniyetmələrin yuxu rejiminin daha da pozulduğunu və yeniyetmələr arasında özünü ümidsiz hiss edənlərin sayının təxminən 40 faiz artdığını müəyyən ediblər. Araşdırmaya görə, həftəiçi gec yatıb səhər tezdən duran və kifayət qədər yuxu ala bilməyən gənclər həftəsonları daha uzun müddət yatdıqları halda depressiya riskini 41 faiz azalda bilirlər.

ABŞ-da aparılan araşdırma göstərib ki, yeniyetmələrin psixi sağlamlıq vəziyyəti son on ildə nəzərəçarpacaq dərəcədə pisləşib. Özünü ümidsiz hiss etdiyini bildirənlərin payı 2013-cü ildə 30 faiz olduğu halda, 2023-cü ildə bu göstərici 40 faizə yüksəlib. “Independent”in məlumatına əsasən, ABŞ Səhiyyə Resursları və Xidmətləri Administrasiyasının 2023-cü il məlumatları da yeniyetmələrin beşdə birindən çoxunun psixi sağlamlıq problemi və ya davranış pozuntusu diaqnozu aldığını göstərir. Oreqon Universitetinin tədqiqatçıları gənclərin psixi sağlamlığını yaxşılaşdırmağa kömək edə biləcək təsirli bir üsul aşkar etdiklərini bildiriblər.

Gündə 8-10 saat yuxu tövsiyə olunur

Oreqon Universiteti və Nyu-York Ştat Universitetinin Upstate Tibb fakültəsinin alimləri müəyyən ediblər ki, həftəsonları daha uzun müddətə yatmaq 16-24 yaş arası amerikalılarda depressiya əlamətlərinin yaranma riskini 41 faiz azaldır. Oreqon Universitetinin dosenti, lisenziyalı psixoloq Melinda Keyzment bildirib ki, mütəxəssislər və həkimlər uzun illərdir yeniyetmələrə hər gün eyni vaxtda 8-10 saat yatmağı tövsiyə edirlər, lakin bu tövsiyə bir çox gənclər və ümumilikdə insanlar üçün əlverişli deyil.

Araşdırmada ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin 2021-2023-cü illəri əhatə edən Milli Sağlamlıq və Qidalanma Müayinəsi Sorğusunun məlumatlarından istifadə olunub. Bu məlumatlar yeniyetmələrin həftəiçi və həftəsonu yuxuya getmə və oyanma saatlarını, eləcə də depressiya əlamətlərinin olub-olmamasını və gündəlik özlərini kədərli və ya depressiv hiss edib-etmədiklərini əks etdirib. İştirakçıların həftəsonu aldıqları “kompensasiya yuxusu” ilə həftəiçi və həftəsonu orta yuxu müddətləri arasındakı fərq ayrıca hesablanıb.

Yeniyetmələr yuxuya getməkdə çətinlik çəkirlər

Tədqiqatçılar həftəsonu uzunmüddətli yuxunun yeniyetmələrin psixi sağlamlığına dəqiq necə təsir göstərdiyi barədə fərziyyələr irəli sürməsələr də, bu yaş qrupunun yuxu çatışmazlığından daha çox təsirləndiyini vurğulayırlar. Onların sözlərinə görə, yeniyetməlik dövründə təbii yuxu ritmi dəyişir və bu səbəbdən məktəb günlərindən əvvəlki axşamlar yuxuya getmək çətinləşir.

Keyzment bildirib ki, yeniyetmələr “səhər insanı” olmaqdan çıxaraq daha çox “gecə quşu”na çevrilirlər. Yuxuya getmə saatı yeniyetməlik dövründə tədricən gecikir və bu proses 18-20 yaşa qədər davam edir. Daha sonra isə yenidən erkən yatıb-durmaq davranışı formalaşır. Mütəxəssis qeyd edib ki, gənclər üçün ən ideal variant hər gecə tövsiyə olunan qədər yatmaqdır, lakin təklif edilən strategiya xüsusilə “gecə insanları” üçün alternativ çıxış yolu ola bilər.

Yuxu azlığı diqqət pozuntusu riskini artırır

Əvvəlki araşdırmalar amerikalı yeniyetmələrin 20 il əvvələ nisbətən daha az yatdığını göstərib. 2025-ci ilin iyununda aparılan yeni tədqiqat isə az yatan yeniyetmələrdə qərarvermə və məlumat emalı kimi mühüm funksiyalara cavabdeh olan beyin sahələri arasında əlaqələrin zəiflədiyini üzə çıxarıb. Corciya Universitetinin mütəxəssislərinə görə, beynin bu bölgələrindəki funksional pozuntular depressiya, diqqət çatışmazlığı, hiperaktivlik pozuntusu (DÇHP) və şizofreniya kimi psixi xəstəliklərlə əlaqələndirilir.

Şahnigar Əhmədova, “İki sahil”

Seçilən
32
ikisahil.az

1Mənbələr