BAKI,TurkicWorld
Böyük Britaniya Ukrayna üçün uzaqmənzilli raketlərin hazırlanmasını nəzərdə tutan sürətləndirilmiş proqramı işə salıb.
TurkicWorld-un məlumatına görə, Britaniyanın Müdafiə Nazirliyi yerüstü bazalanan ballistik raketlərin yaradılması üçün müsabiqə elan edib. Yeni raketlərin mənzili 500 kilometri ötəcək və onlar yüksək risk şəraitində, güclü elektromaqnit maneələri fonunda fəaliyyət göstərə biləcək.
Layihə Nightfall adlanır. Proqram çərçivəsində üç podratçı komanda seçiləcək. Hər komanda 9 milyon dollardan artıq dəyərində müqavilə alacaq və 12 ay ərzində sınaq buraxılışları üçün üç raket hazırlayıb təqdim etməlidir. London müqavilələri mart ayında bağlamağı planlaşdırır, şirkətlərdən təkliflər isə 9 fevrala qədər qəbul olunur.
Britaniya Müdafiə Nazirliyi layihədə əsas prioritetin sürət və praktik tətbiq olduğunu vurğulayır. Nightfall sürətli prototiplərin hazırlanması, mərhələli təkmilləşdirmə, radioelektron mübarizə vasitələrinə davamlılıq və Böyük Britaniya ərazisində seriyalı istehsalın tez genişləndirilməsi imkanlarına yönəlib. Layihə Ukraynaya dəstək məqsədi daşısa da, əldə edilən texnologiyaların gələcəkdə Britaniyanın öz uzaqmənzilli zərbə proqramlarında da istifadə olunacağı bildirilir.
Agentliyin mənbələrinə görə, London Nightfall raketlərini Kiyev üçün güclü və nisbətən ucuz silah kimi görür. Bir raketin maksimal qiyməti 900 min dollardan artıq olmamalıdır. İstehsal gücü ayda on raketə qədər nəzərdə tutulur.
Raketlərin adi fuqas tipli döyüş başlığının çəkisi təxminən 200 kiloqram olacaq. Onlar müxtəlif nəqliyyat platformalarından buraxıla, qısa müddətdə bir neçə atış həyata keçirə və mövqeni bir neçə dəqiqə ərzində tərk edə biləcək.
Britaniya mətbuatının əvvəlki məlumatlarına əsasən, Nightfall raketlərinin mənzili 500 kilometrə yaxın olacaq, buraxılışdan hədəfə qədər uçuş müddəti isə on dəqiqədən az çəkəcək. Dəqiqlik peyk naviqasiyası hesabına təmin olunacaq və mümkün yayınma beş metrdən artıq olmayacaq.
Qeyd edək ki, Böyük Britaniya artıq Ukraynaya 250–300 kilometr mənzilli Storm Shadow raketləri tədarük edir və hərbi dəstəyi mərhələli şəkildə genişləndirir. Rusiya Xarici İşlər Nazirliyində isə bildirilib ki, Qərbin uzaqmənzilli sistemlərinin Rusiyanın dərinliklərinə zərbələr üçün istifadəsi NATO ölkələrinin münaqişədə birbaşa iştirakını ifadə edir.