Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Qarabağ" ilk yoxlama oyununda qələbə qazanıb.
Fanat.Az xəbər verir ki, "Gloria Sports Arena"da Özbəkistanın "Neftçi" (Fərqanə) komandası ilə qarşılaşan "köhlən atlar" 5:0 hesablı qələbə qazanıblar.
Komandamızın baş məşqçisi Qurban Qurbanov matçdan sonra fikirlərini jurnalistlərlə bölüşüb:
"İlk oyunumuz idi. Hazırlığımız pis getmir. Futbolçularımız istəklidirlər. Sanki özlərinə gəliblər. Həddindən artıq yorğun idilər. Kaşuk ilə Toral bir neçə gün hazırlıqdan uzaq qaldılar. Buna baxmayaraq hər şey qaydasındadır."
- Rəqib gözləntilərinizi nə dərəcədə doğrultdu?
"Onların oyunlarını izləmişdik. Bir az dəyişiklər olduğunun fərqinə vardıq. Əvvəl başqa sistemlə oynayırdılar. Ümumən rəqibin performansını normal qiymətləndirirəm"
- Bizim "Neftçi" ilə bu "Neftçi" arasında hansı fərqlər var?
"Bizim "Neftçi" öz "Neftçi"mizdir. Baxmayaraq ki, bu klub Özbəkistanı təmsil edir, onlar da qardaşımızdır. Onlara da uğurlar arzulayıram. Təbii ki, öz "Neftçi"mizlə oyunlar daha maraqlı olur."
- Türkdilli dövlətlərdən hər hansı bir futbolçunun bizim ölkədə legioner sayılmaması tətbiq oluna bilər?
"Ola bilər. Bir neçə ildir ki, bu mövzu danışılır. Olsa heç də pis olmaz. Əgər olarsa bu ölkələr arasındakı bağlar daha da güclənər."
- Heyətə yeni oyunçu qatılacaq?
"Ola bilər. İnanın ki, mənim də qarşıma qoyulan əsas məsələlərdən biri transfer məsələsidir. Danışıqlar gedir. Hardasa uğurlu sayıla biləcək danışıqlar da var."
- Sizcə Qara Qarayev u-21 millimizə faydalı ola biləcəkmi?
"Faydalı olacağını düşünürəm. Bir neçə il futbolçu karyerasını davam etdirə bilərdi. Ancaq məşqçiliyə tez başlaması onun üçün müsbət amildir."
Kamil Xudiyev