Elvin Camalov “Neftçi”dən ayrılmayacaq.
Bu qərar baş məşqçi Yuri Verniduba məxsusdur.
Premyer Liqanın üç klubu Camalovu heyətinə qatmaq üçün hərəkətə keçib. Hətta mövsümün sonuna qədər icarəyə götürməyə də razıdırlar.
“Ağ-qaralar”ın heyətində istədiyi qədər şans qazanmayan futbolçunun özü də daha çox oynamaq niyyətindədir. Hətta buna görə iş yerini dəyişməyə də razıdır.
Di gəl, Vernidub ona komandada qalmağı məsləhət görüb. Bu barədə futbolçunu şəxsən məlumatlandırıb.
Baş məşqçini narahat edən məqam Emil Səfərovun zədədən qayıtması, Sessi Dalmeydanın hər imkanda Benin millisinin düşərgəsinə yollanması, Edvin Kuçuk ideal formasından uzaq olmasıdır.
Dayaq yarımmüdafiəçilərinin sayı çox olsa da, hər birinə görə narahatdır. Ona görə də Elvini əldən buraxıb komandasını təhlükə qarşısına atmaq istəmir.
“4 nömrə” azı mövsümün sonuna qədər diqqətini “Neftçi”nin oyunlarına yönəltməlidir.
Ondan sonra nə olacağını zaman göstərəcək.
Elvin Camalov cari mövsümdə ağ-qara formada Premyer Liqada 5, Azərbaycan kubokunda 1 oyunun iştirakçısı olub.
HƏBİB / SPORTİNFO.AZ