Elşad Həsənov: “Rusiyada elə hərbi güc və vasitə yoxdur ki, bənzər formada digər ölkəyə müdaxilə etsin”
ABŞ prezidenti Donald Trampın təlimatı ilə Venesuela prezidentinin oğurlanması və Ağ Ev sahibinin “mənim beynəlxalq hüquqa ehtiyacım yoxdur, nəyi doğru bilirəmsə, onu da edirəm” səpkili açıqlaması Rusiyanın hakim və ekspert dairələrində oxşar tezisin müzakirəsinə səbəb olub.
Rusiya siyasətçiləri və ekspertləri arasında “Rusiya da ABŞ kimi ətrafında bildiyini etməyə başlaya bilərmi” sualı ətrafında müzakirələr başlayıb. Yəni onların fikrincə, Vaşinqtonun “Monro doktrinası” varsa, Kremlin də ya oxşar doktrinası olmalı, ya da mövcud təhlükəsizlik doktrinası ciddi şəkildə korrektə edilməlidir.
Belə olan halda istər-istəməz sual yaranır, nəyin və ya hansı resurslar hesabına? 4 ildir Ukraynada ilişib qalan Rusiyanın belə üstün hərbi, texnoloji, iqtisadi imkanları varmı?
Sözügedən məsələni bakı-xeber.com-a şərh edən siyasi ekspert Elşad Həsənovun fikrincə, Rusiyanın belə bir imkanı məhduddur: “Trampın qərarı ilə Venesuela prezidentinin oğurlanaraq həbs edilməsi dünyada tayı-bərabəri olmayan bir president idi. Bu, əsasən Rusiya kimi nüvə dövləti üçün pis nümunədir. Bəli, Rusiya ekspertləri də bununla bağlı ciddi müzakirələr aparırlar. Hətta Rusiyanın bir nömrəli təbliğatçısı Solovyov irəli gedərək Nikol Paşinyan barəsində bənzər addımın atılmasını istəyir. Yəni Rusiya bənzər formada Paşinyanı oğurlayıb həbs etsin. Ancaq məsələ ondadır ki, Rusiya böyük dövlət olsa da hərbi, texnoloji, iqtisadi imkanları ABŞ qədər güclü deyil. Digər tərəfdən, Rusiya özünün dünyanın super dövlət olması imicini məhv etdi. Artıq Rusiya 4 ildir Ukrayna bataqlığından çıxa bilmir, iqtisadiyyatı çökmək üzrədir. Demək olar ki, Rusiyanın gəlirləri xərcini ödəmir. Xüsusilə Tramp Venesuela neftinə əl qoyandan sonra, Rusiya nefti daha da ucuzlaşıb. Bir sözlə, Rusiyada elə hərbi güc və vasitə yoxdur ki, bənzər formada digər ölkəyə müdaxilə etsin. Onların belə bir imkanı olsaydı, ilk növbədə bunu Paşinyana qarşı tətbiq edərdilər”.
Vidadi ORDAHALLI