Amerikalı analitik, təhlükəsizlik strateqi Lyuk Koffinin X platformasında platformasında Azərbaycanla bağlı paylaşımı müzakirələrə səbəb olub. Koffi Azərbaycan bayrağının yanında “Hazır olun” sözlərini qeyd edib.
ABŞ siyasi dairələrinə yaxınlığı ilə tanınan Koffinin bu paylaşımı İranda baş verən hadisələr, xüsusilə Güney Azərbaycanla bağlı xüsusi mesaj kimi dəyərləndirilir.
Azərbaycan nəyə hazır olmalıdır?
Globalinfo.az-a danışan deputat Bəhruz Məhərrəmov deyib ki, Cənubi Qafqaz özünün mürəkkəb geosiyasi coğrafiyası baxımından hər zaman mütəxəssis proqnoz və rəylərinin əsas obyektlərindən biri kimi çıxış edib:
“Tanınmış ekspert Lyuk Koffi də mütamadi olaraq Cənubi Qafqaz, o cümlədən xüsusən Vətən müharibəsindən sonrakı dövrdə Azərbaycanla bağlı özünün şərh və proqnozları ilə zamanla gündəmə gəlir. Əlbəttə, ekspertin X şəbəkəsindəki statusunda “Azərbaycanın hazır olması” ilə bağlı nəyi işarə etməsi barədə müxtəlif istiqamətlərdə fikir yürütmək olar, lakin mövzunun özü məzmun baxımından ölkəmizin çoxvektorlu və diktəedici geosiyasi kursu üçün yad istiqamət deyil.
İstər prezident seçkilərindən sonra Milli Məclisdə andiçmə mərasimində, istər Zəfər Paradında, istər Yeni il və Dünya Azərbaycanlıların Həmrəyliyi Günü münasibətilə Azərbaycan xalqına müraciətdə, istərsə də bir neçə gün öncə yerli televiziyalara müsahibəsində möhtərəm Prezident İlham Əliyev dəfələrlə Azərbaycanın bütün geosiyasi dəyişikliklərə hazır olduğunu və dövrün tələb etdiyi kimi güclənəcəyini bəyan edib.

Bəhruz Məhərrəmov
Rusiya-Ukrayna münaqişəsi, İran-İsrail qarşıdurması, o cümlədən də bölgədə baş verən digər proseslər fonunda Azərbaycan dəfələrlə sübut edib ki, qlobal coğrafiyanın istənilən dəyişiklik ssenarisinə hazırdır və proseslərin istənilən inkişaf tendesiyası bizim regionda yaratdığımız geosiyasi arxitekturanı dəyişə bilməz. O cümlədən də bu gün İran ətrafında cəryan edən proseslərin hansı istiqamətdə inkişafından aslı olmayaraq Azərbaycanın gücü, artan imkanları, qlobal zəmində güclənən müttəfiqlikləri və liderinin qətiyyəti ölkəmizin istənilən ssenari üzrə istənilən səviyyədə hazırlıqlı olduğunu demək üçün kifayət qədər ciddi zəmin yaradır”.
Politoloq Turab Rzayev isə deyib ki, Azərbaycanın yerləşdiyi geosiyasi mövqe və situasiyaya uyğun yanaşması var:
“İranın bütün şəhərlərində etirazlar davam edir. Ölkə ətrafında silahlı münaqişə elementləri görünür. Hətta qərb bölgəsində kürdlərin məskunlaşdığı şəhərlərdə İraqdan gələn silahlılar yerli sakinlərə təlim keçir. Bəlucistanda da proseslər qızışır.

Turab Rzayev
Yerli farslar belə aksiyalarda aktivdir. Lakin buna rəğmən Azərbaycan
şəhərləri o qədər də aktiv deyil. Xüsusilə Təbriz və Ərdəbildə etiraz aksiyaları yoxdur. İranda hakimiyyət dəyişəcəksə, bu, Azərbaycanla olacaq. Fikrimcə, Lyuk Koffinin mesajı azərbaycanlıların ayağa qalxması yönündədir. Bu, həm də bir çağırışdır.
Belə başa düşülür ki, İran daxilində yaxın vaxtlarda ciddi dəyişiklik baş verəcək və bu, Azərbaycana da təsir edəcək”.