AZ

Qəbiristanlıqda tanışını düyən şəxsə cəza verilmədi

Naxçıvan Şəhər Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Taleh Məmmədovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Aslan Heydarovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasi Milli Məclisinin qərarının 5.1-ci bəndinə əsasən təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə olan cinayət təqibinə və cinayət işinin icraatına xitam verilib. Onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv olunub.


İttiham aktına əsasən, hadisə 07 sentyabr 2025-ci il tarixdə, saat 10 radələrində Naxçıvan şəhəri Cəlil Məmmədquluzadə küçəsində yerləşən Naxçıvan şəhər qəbiristanlığında mübahisə baş verib. Mübahisə zamanı Taleh Məmmədov qəbiristanlıq ərazisində olan, güllərin qoyulması üçün istifadə edilən dəmir disk formasında aləti götürərək qəsdən zərərçəkmiş Samir Budaqovun (adı, soyadı şərtidir) baş və sinə nahiyələrinə zərbələr endirib.


Hadisə nəticəsində zərərçəkmiş şəxsə burun sümüyünün sınığı ilə müşayiət olunan burunun sola deformasiyası, burun tənəffüsünün kəskin pozulması və şişkinliyi, həmçinin VII qabırğanın sınığı xəsarətləri yetirilib. Ekspert rəyinə əsasən, bu xəsarətlər dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olan az ağır dərəcəli bədən xəsarəti kimi qiymətləndirilib.

Hadisədən sonra Taleh Məmmədov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
 

Kamal Məmmədov 

Tarix: 12 Yanvar 2026, 21:31   
Seçilən
45
4
pravda.az

5Mənbələr