AZ

Gülnarə Süleymanlı: Şuşada müəllim kimi fəaliyyət göstərmək şərəfli bir missiyadır

BAKI, 12 yanvar. TELEQRAF

ŞUŞA, 12 yanvar. TELEQRAF

"Şuşaya qayıdış təkcə coğrafi dönüş deyil, eyni zamanda ruhun öz ünvanına qovuşmasıdır"

Bunu Teleqraf-ın Qarabağ bürosuna açıqlamasında Şuşa şəhər 1 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Gülnarə Süleymanlı bildirib.

Şuşada fəaliyyət göstərməyinin onun üçün dərin mənəvi anlam daşıdığını bildirən G.Süleymanlı qeyd edib ki, Şuşa sadəcə daşdan-qayadan ibarət şəhər deyil, bu torpaq Azərbaycan tarixinin, milli mədəniyyətinin və milli yaddaşının canlı simvoludur: "Şuşada yaşamaq hər gün tarixlə salamlaşmaq deməkdir. Bu gün Şuşada dağların arxasından doğan Günəş ümidlərimizə, gələcəyimizə işıq salır. Bu şəhərin havasında belə qürur hissi var”.

Gülnarə Süleymanlı vurğulayıb ki, Şuşada müəllim kimi fəaliyyət göstərmək həm böyük məsuliyyət, həm də şərəfli bir missiyadır. Onun sözlərinə görə, illərlə arzulanan bu gün artıq gerçəkliyə çevrilib və müəllimlər burada təkcə dərs deməklə kifayətlənmirlər, eyni zamanda Şuşanın uğurlu gələcəyi naminə çalışırlar.

Müəllimə qeyd edib ki, Şuşada dərs dediyi hər bir şagird onun üçün canlı tarixdir və azadlığın bəhrəsidir.

“Onlara dərs demək elə vətənə xidmət etmək deməkdir. Bu uşaqlar azad torpaqda böyüyür və bu torpağın hansı qiymətə əldə edildiyini dərk edirlər”, – deyə o əlavə edib.

Özünün Ağdamdan olduğunu, lakin həyat yoldaşının Şuşalı olduğunu bildirən Gülnarə Süleymanlı Qarabağdan didərgin düşən hər kəsin eyni ağrını və eyni həsrəti yaşadığını vurğulayıb.

Sonda müəllimə bildirib ki, bu gün Şuşada həyatın bərpası minlərlə şəhidin qanı, qazilərin canı, rəşadətli

Azərbaycan Ordusunun gücü və Ali Baş Komandanın qətiyyətli rəhbərliyi sayəsində mümkün olub.

Seçilən
49
teleqraf.com

1Mənbələr